2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sübh çağı Allahı necə güllələdilər 

(SSRİ-nin yaradılmasının 100 illiyinə həsr olunmuş məqalələr silsiləsindən. “Yubiley” yaxınlaşır. Hətta bəzilərinin ona həvəslə hazırlaşdığını görürük…)

Sübh tezdən qırmızı qvardiyaçılar dəstəsi silahları görə tuşlayıb, yaylım atəşi açdı. Xalq tribunalının Uca Tanrıya çıxardığı ölüm hökmü Moskvada belə icra olundu… 

SSRİ-nin formalaşması dövründə kommunistlər dinin “ziyanlı təsirini” aradan qaldırmaq üçün çox şeyə əl atırdılar. Fərmanlar verir, kilsələrin və məscidlərin əmlakını talayır, ibadətgahları dağıdır, etiraz bildirən din xadimlərini məhv edirdilər. Ancaq bolşeviklərin dinə qarşı mübarizədə əsas silahı inanc mənbələri əleyhinə güclü təbliğat idi. Bu prosesə Leninin yaxın silahdaşlarından biri, xalq maarif komissarı Anatoli Lunaçarski başçılıq edirdi. O, təhsil görmüş, mütaliəli adam idi, uzun müddət Parisdə, digər Avropa şəhərlərində yaşamışdı. Marksın və Engelsin kitablarından başqa, müxtəlif filosofların əsərlərini də oxumuşdu, din tarixini, bir neçə dil bilirdi. 

Saytların yığılması Saytlarin yigilmasi
Naməlum müəllifin “İnternasionala qurban kəsilməsi” plakatı, 1919.

İspaniyanın ABC nəşri sovetlərin dinlə mübarizədə tətbiq etdikləri ən qeyri-adi formadan bəhs edir. Onun təşəbbüskarının isə 1918-ci ilin əvvəlində məhz Rusiyanın xalq maarif komissarı Lunaçarski olduğu deyilir. Söhbət “Sovet dövlətinin Allah üzərində məhkəməsi” adlanan prosesdən gedir. Həmin vaxt Rusiya çarı II Nikolayın devrilməsindən bir il ötmüşdü, amma onun ailəsi ilə birgə qətlə yetirilməsinə hələ altı ay qalırdı. 

İnqilabi hadisələr burulğanında Moskvada Allahı mühakimə etmək üçün tribunal təşkil olundu. Bolşevik hökumətinin düşüncəsincə, bu, ədalət prinsipinə və qanunçuluğun bütün tələblərinə tam uyğun gəlirdi. Yerin-göyün sahibini “insanlıq qarşısında cinayətlərinə” və “soyqırım törətdiyinə” görə cavab verməyə çağırmışdılar. Tribunalın sədri Lunaçarski özü idi.

“Daha Allaha üz tütmağa ehtiyac yoxdur, çünki yeni cəmiyyət onunla müqaviləyə əsaslanmır” – Lunaçarski belə hesab edirdi.

Məhkəmə 1918-ci il yanvarın 16-da başladı və beş saat davam etdi. Bolşeviklər bütün prosessual qaydalara əməl etməyə çalışırdılar – salonda hakimlər, prokurorlar, şahidlər vardı, hətta “müttəhimi” vəkillərlə də təmin etmişdilər. Ziyan çəkmiş şikayətçi qismində “bəşər əhlini təmsil edən rus xalqı” çıxış edirdi, cavabdehin yerində isə skamyanın üstünə İncil qoymuşdular. Salon, təbii ki, ağzınadək adamla dolmuşdu.

Əvvəl rus xalqının “cavabdehin” ayağına yazdığı bütün cinayətlərin siyahısı oxundu. Prokurorlar “tarixi dəlillərə” əsaslanan sübutları ortaya qoydular. Çoxlu şahid ifadələri ilə təsdiqlənən bu “sübut”lar Allahın günahkar olduğuna şübhə yeri qoymurdu. Ancaq dövlət tərəfindən təyin edilmiş müdafiəçilər müttəhimin xeyrinə də dəlillər gətirdilər, hətta hakimlərdən ona mərhəmət göstərməyi xahiş etdilər. Bildirdilər ki, cavabdeh “ciddi ağıl çatışmazlığından və psixoloji problemlərdən” əziyyət çəkir, deməli, ona qarşı irəli sürülən ittihamlardakı əməllərinə görə məsuliyyət daşımır. 

Beş saatlıq prosesin nəticəsində, şahidlər dinlənildikdən, vəkillərin şikayətlərinə və etirazlarına baxıldıqdan sonra, nəhayət, tribunal Allahı bütün ittihamlar üzrə günahkar elan etdi. Ardınca hökm oxundu: Tanrı ölümə məhkum edilsin və sabah tezdən güllələnsin! Müdafiəçilərin hökmdən şikayət vermək hüququ yoxdur, onun icrasını təxirə salmaq barədə müraciətlər isə qəbul olunmur! 

1918-ci il yanvarın 17-si səhər tezdən məhkəmənin hökmü yerinə yetirildi.

Bu cür nümayişkaranə xalq tribunalları 1920-ci illərin ikinci yarısına qədər başqa yerlərdə də keçirilirdi. Onların hamısı eyni ssenari üzrə təşkil olunurdu: 1925-ci ildə kənd klublarının təşviqatçıları üçün hətta bu məzmunda “Allah üzərində məhkəmə” adlı xüsusi metodik vəsait dərc edilmişdi. Kitab pyes formasında hazırlanmışdı, bütün personajlar, onların nə deməli olduqları göstərilmişdi. Əlbəttə, kənd klublarının təşviqatçıları universitet təhsilli Lunaçarski kimi fəlsəfi mülahizələr yürüdə bilməzdilər. Ona görə kütləvi istifadə üçün kitaba Uca Yaradanın “insanlığa qarşı cinayətlərini” ifşa edən daha bəsit arqumentlər daxil edilmişdi. Məsələn: “Allah heç öz məhkəməsinə də gələ bilmir, bir dəqiq ünvan da göstərmir ki, teleqramla çağıraq, deməli, Allah yoxdur”.

1920-ci illərdə Rusiyada “Allahsızlar İttifaqı” (Союз безбожников) yaradıldı. Milyonlarla adam bu təşkilatın sıralarına qoşuldu. İttifaqın qəzet-jurnalları çıxır, onun nəzdində ateistlər klubları, təbliğatçılar kursları, “Gənc allahsızlar” dərnəkləri fəaliyyət göstərirdi. “Безбожник” jurnalının ilk sayında Buxarinin “allahsız proqramı” ittifaqın üzvlərinə bir təlimat olaraq təqdim edildi: “Göylərdə hökmranlığın ləğvi; bütün dini rütbə, təbəqə  və s. aradan qaldırılması; allahların məbədlərdən qovulub zirzəmilərə köçürülməsi (ən qəddarlarının isə əsir düşərgələrinə göndərilməsi); baş allahların mövcud bədbəxtliklərin hamısının baiskarı kimi proletar tribunallarının mühakiməsinə verilməsi”. 

Rusiyanın “qabaqcıl təcrübəsi” əsasında bu cür təşkilatlar SSRİ-nin digər respublikalarında, o cümlədən Azərbaycanda da yaradılırdı. 1930-cu ildə “Allahsızlar İttifaqı”nın  üzvlərinin sayı Bakıda 25000, respublikada 45000 nəfərə çatmışdı. Amma bu da Moskvanı qane etmirdi. Sovet İttifaqı Kommunist partiyasının göstərişi ilə 1932-ci ilədək Azərbaycanda onların sıralarını iki dəfə genişləndirdilər (80000 nəfər). Planlı bölgüyə əsasən, üzvlərin 25%-ni qadınlar təşkil edirdi. Bakı “allahsızları”, Rusiyalı həmkarları kimi, öz nəşrlərini buraxır (şəkildə: “Allahsız” jurnalının 1933 ildə dərc olunmuş 3-cu sayı – red.), kütləvi mühazirələr oxuyur, gənclər arasında təşviqat aparırdılar, ancaq respublikamızda da Tanrıya qarşı məhkəmə tribunallarının qurulması barədə faktlara rast gəlinmir… 

Sovet hakimiyyətinin ilk illərində əsas fəaliyyətini dinin təqib olunmasına yönəltmiş Lunaçarski özü isə biabırçı Moskva tribunalından beş il sonra etiraf etmək məcburiyyətində qaldı: “Din – mismar kimidir. Başından nə qədər çox vurursansa, bir o qədər dərinə işləyir”. Ölümündən əvvəl artıq o, bolşeviklərin dinlə mübarizəyə həddən ziyadə həvəs göstərməsini tənqid edirdi. Lunaçarski 1933-cü ilin 26 dekabrında yeni təyin olunduğu səfir postunu tutmaq üçün İspaniyaya gedərkən, yolda canını bir vaxtlar ölümünə hökm oxuduğu Allaha tapşırdı.

Məqalənin hazırlanmasında aşağıdakı media orqanlarının materiallarından istifadə olunub: ABC («Asi transcurrio el insolito juicio dela URSS en el que Dios fue condenado e muerte por «genocidio»), ИНОСМИ («Так в СССР проходил необычный суд, в ходе которого бог был приговорен к смерти за «геноцид»), Azadlıq radiosunun rus bölməsi («1925: Суд над богом»), babel.ua («104 года назад большевики обвинили бога в геноциде, судили и «расстреляли»), azvision.az («Allahsızlığın Azərbaycana gəlişi) və s.

24 saat  

24 saat” “Sübh çağı Allahı necə güllələdilər ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button