2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sülhün sərhədi olmur!

Müəllif: Arif Əliyev

Əvvəllər dilə çətin yatan bu iki ifadə indi dillərdən düşmür: delimitasiya, demarkasiya. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında münaqişənin köklü həllinə doğru atılacaq ən mühüm addımlardan, sülh müqaviləsinin imzalanması üçün vacib şərtlərdən biri, hətta birincisi kimi qiymətləndirilir. Ancaq bunu deyərkən siyasətçilər, yazarkən media həmin prosesin nə qədər uzun və mürəkkəb olacağını təsəvvürünə gətirirmi? Fərqinə varırmı ki, məsələn, Gürcüstanla 30 ildir  aramızdakı sərhədləri xəritə üzərində dəqiq müəyyənləşdirməyə (delimitasiya) və yerində işarələməyə (demarkasiya) çalışırıq, bununla belə, işin üçdə biri hələ qabaqdadır. Baxmayaraq ki, bizim ölkələrimizin hər hansı torpaq mübahisəsində ortaq məxrəc tapması Ermənistanla Azərbaycanın razılığa gəlməsindən müqayisəolunmaz dərəcədə asandır. 

Delimitasiya prosesini sürətləndirmək üçün Avropa İttifaqı metodoloji yardım göstərəcəyini, Rusiya isə bölgünü düz aparmaq üçün lazım olan irimiqyaslı hərbi xəritələr verə biləcəyini söyləyir. Allah razı olsun, amma bu da bir çox sərhəd mübahisələrinin qısa müddətdə aradan qaldırılacağına zəmanət vermir. Əgər təkmil metodologiya problemin həllidirsə, nədən Avropa İttifaqı Fransa ilə İtaliyanın Monblan zirvəsində balaca bir mağara üstündə illərlə davam edən sərhəd mübahisəsini bitirmir? Yaxud Xorvatiya ilə Sloveniya, Yunanıstanla Türkiyə arasında nəinki torpaq, qayalıqlar üstündə çəkişmələrə son qoymur? Bəs o dəqiq hərbi xəritələr Arktikada, Kuril adalarında sərhədlərin delimitasiyası məsələsində Rusiyanın öz karına niyə gəlmir?

Saytların yığılması Saytlarin yigilmasi

Çünki əsas çətinlik metodologiya və xəritələrdə deyil, sərhəd dirəklərinin yerini müəyyənləşdirərkən ədalət, təhlükəsizlik, rasionallıq və ən yaxın keçmişimizin səhvlərini aradan qaldırmaq baxımından iki ölkənin öz arasında razılığa gəlməsindədir. İş başlayan kimi bunun üçün incəliklərinə qədər araşdırılmalı onlarla məsələ ilə qarşılaşacağıq. 

Azərbaycanla Ermənistan müstəqil dövlətlər kimi dünya xəritəsinə düşən gündən bu iki ölkənin münasibətlərindəki  ziddiyyətlər kompleksi onlar arasında sərhədlərin, belə demək mümkünsə, sürüşkənliyinə səbəb olub. Əvvəlcə AXC hakimiyyəti dövründə, sonra Sovet imperiyasının tərkibində olduğu ilk onilliklərdə Azərbaycan müxtəlif təzyiqlər altında Qazaxdan tutmuş Naxçıvana qədər bir sıra ərazilərdən Ermənistanın xeyrinə imtina edib. Qonşuların iddiaları bununla bitməyib. 1940-cı, 50-ci, 60-cı illərdə qısa fasilələrlə yenidən qaldırılıb. 

1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk günlərdən ermənilərin ərazi iddiaları ilə üzləşdiyini deyən Heydər Əliyev o dövrdə yaranmış vəziyyəti belə xatırlayırdı:

“Azərbaycanla sərhəd rayonlarında bəzi torpaqları Ermənistan özünə birləşdirmək istəyirdi. Onlar 28-ci, ya 29-cu ilin köhnə xəritələrini ortaya çıxarırdılar. Danışıqlar iki-üç il davam etdi. Bu danışıqları Vəli Axundovla Məmməd İskəndərov, Ənvər Əlixanov və ikinci katib Yelistratov aparırdılar. Təəssüf ki, danışıqların nəticəsində 1969-cu ilin mayında Azərbaycan Ali Soveti həmin sərhəd ərazilərinin həqiqətən Ermənistana məxsusluğu və ona verilməli olduğu barədə qərar çıxardı. Mən bilirəm, o vaxt belə ədalətsiz qərar necə qəbul olunmuşdu… Amma demək istəyirəm ki, Vəli Axundov, əlbəttə, həmin torpaqların verilməsini istəmirdi. Lakin yuxarıdan, yəni, Moskvadan təzyiq, sağdan-soldan sıxışdırmalar belə qərarın qəbul edilməsinə səbəb oldu. İyulda Azərbaycana rəhbər təyin ediləndən sonra bir ay ərzində məsələləri öyrəndim və nəticədə belə qərarı yerinə yetirməkdən imtina etdim. Onlar məsələni öz xeyirlərinə həll etməyə yenə də çox çalışdılar, mən imkan vermədim… Onlar bunu açıq demirdilər, ancaq rəhbər işçilər vasitəsi ilə mənə çatdırırdılar ki, Azərbaycanla Ermənistanın xəritələrini dəqiqləşdirmək lazımdıq, çünki 20-ci illərdə müəyyən səhvlərə yol verilib. Mən hamıya cavab verirdim ki, bizim sərhədlərimiz bəllidir, müəyyənləşibdir və nəyisə dəyişməyə ehtiyac yoxdur”.

Amma bu da ermənilərin ərazi iddialarına son qoyulması demək deyildi. Sərhəd münaqişələri 1970-ci, 80-ci illərdə də baş qaldırırdı və heç də həmişə onlardan itkisiz ötüşmək alınmırdı.

Qarabağ müharibəsinə qədər sonuncu belə hallardan biri 1983-cü ildə baş verdi. Bu, Qazax rayonunun Kəmərli kəndinin 1675 hektar meşə örtüklü torpaq sahəsi ilə bağlı idi.

Ermənistan SSR Noyemberyan rayonunun (indi Tavuş vilayəti) Doveq kəndi ilə həmsərhəd Kəmərli kəndinin əhalisi torpaqların onlardan alınıb qonşulara verilməsinə kütləvi etiraz bildirdi. Moskvanın göstərişi ilə 1984-cü il oktyabrın 24-də Kəmərliyə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini Rasizadə, Qazax rayon Partiya Komitəsinin birinci katibi Süleymanov, Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini Movsesyan, Noyemberyan rayon Partiya Komitəsinin katibi Mamyan və daha dörd nəfərdən ibarət komissiya göndərildi. Qəzəblənmiş əhali Bataqlı bulaq deyilən yerdə komissiya üzvlərinin maşınlarını aşırdı, özlərini zorla kəndə gətirdi. Burada onlara torpağın Kəmərliyə məxsus olması və heç kəsə verilməyəcəyi barədə akt tərtib etdirib imzalatdılar. Yalnız bundan sonra buraxdılar.

Bu hadisə SSRİ-də nadir hal idi. Etirazları söndürmək, vəziyyəti normallaşdırmaq, günahkarları məsuliyyətə cəlb etmək üçün Qazax rayonuna Moskva və Bakıdan yüksək partiya nümayəndələri, DİN və DTK-nın rəhbər işçiləri göndərildi. SSRİ prokurorluğu baş istintaq idarəsinin prokuroru Astaşinin rəhbərlik etdiyi və hər iki respublika prokurorluğunun əməkdaşlarının daxil olduğu istintaq qrupu təşkil edildi. Partiya və hüquq-mühafizə orqanlarının hazırladıqları arayışlar məsələnin mahiyyətini əks etdirmirdi, münaqişənin əsl səbəbini kölgədə qoyurdu. 

Azərbaycan KP MK Bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” məsələ müzakirə edildi və Moskvanın göstərişləri əsasında Ermənistanın ərazi iddiası təmin olundu, Kəmərlinin bəzi sakinləri cəzalandırılmaqla problemə nöqtə qoyuldu.

Nəhayət, 1980-ci illərin sonunda torpaq mübahisələri ortaq tariximizdə ən qanlı müharibəyə çevrildi. Onun yekununda isə təzə bir iddia yarandı. İndi daha Azərbaycan Ermənistandan özünün yeddi rayonunu tələb etmir, Ermənistan şikayət edir ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Azərbaycan bu ölkənin 50 kv.km-lik ərazisini əlindən alıb, ona görə sərhədlərini geri çəkməlidir. Üst-üstə gələndə çoxlu sayda belə mübahisələr, qarşılıqlı iddialar toplanıb. Delimitasiya mərhələsində onların hər biri masaya gələcək, çözülməsi üçün vaxt və müzakirələr lazım olacaq. Bəzi hallarda nə avropalıların metodologiyası, nə də rusların xəritələri kara gələcək, başqa faktorlar həlledici rol oynayacaq.  

Əlbəttə, delimitasiya və demarkasiya qonşu ölkələr arasında münasibətlərin dayanıqlılığı baxımından mütləq həyata keçirilməli olan proseslərdir. Ancaq sülh yaradılması, ərazi bütövlüyünün qarşılıqlı tanınması və diplomatik əlaqələrin qurulması üçün onların başa çatdırılmasını gözləmək lazım deyil. Belə bir şərtin müəyyənləşdirilməsi sülh müqaviləsinin imzalanmasını onilliklərlə sonraya atmaq deməkdir. Məntiqlə əksinədir: delimitasiya və demarkasiyanı yalnız sülh şəraitində uğurla həyata keçirmək mümkündür.

Sülhün sərhədi olmur. 

The post Sülhün sərhədi olmur! appeared first on 24 saat.

24 saat” “Sülhün sərhədi olmur!” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button