Loading...
Loading...
SEÇMƏ

Sumqayıt sakini: “Qalmışam ekspertiza ilə polis bölməsinin arasında”

Yayımlandı: 16 Sentyabr 2022 15:02

Elxan Hüseynov polisin hərəkətsizliyindən şikayətçidir

“5 saylı polis bölməsində özbaşınalıqdır. Nə maddi maraqları var, nə alırlar, nə verirlər, bilmirəm, bircə onu bilirəm ki, ekspertiza idarəsiylə polis bölməsinin arasında qalmışam. Gedirəm, idarədə deyirlər, rəy hazırdır, gedirəm bölməyə, deyirlər, hələ bizə gəlməyib”.

Sumqayıt sakini Elxan Hüseynov Meydan TV-yə danışır ki, sentyabrın 4-də döyülməsiylə bağlı DİN 102 Xidmətinə şikayət edib. Onun şikayət ərizəsi yaşadığı və hadisənin baş verdiyi ərazi üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci bölməsinə yönləndirilib. Təhqiqatçı tərəfindən izahatı alınsa da, 10 gündən çox vaxt keçməsinə baxmayaraq, polis heç bir araşdırma aparmır.

Elxan Hüseynovun sözlərinə görə, yaşadığı ünvanda 13 sot torpaq sahəsi var. Sahənin 9 sotu mişar daşla hasarlanıb, 4 sotu hasarsızdır. Torpağın bir hissəsində ev tikib, orada yaşayır. Ancaq əvvəllər bələdiyyə işçisi olmuş şəxs onun giriş-çıxışının qarşısına mişar daşı tökərək burada aptek tikəcəyini deyib. Elə tərəflər arasında mübahisə də bundan başlayıb:

“Torpağın bələdiyyə sənədi, şəhadətnaməsi adımadır. İllərdir ki, vergisini ödəyirəm. Rəqəmsal kadastr sistemində də sənədlər mənim adıma qeydiyyatdadır. Bircə Çıxarış almaqda çətinliyim var. Bildiyiniz kimi, bu, sahə vətəndaşların ən çox süründürüldüyü sahələrdən biridir. Mən də bu barədə çətinliklər çəkirəm. Ancaq dediyim kimi, ilkin sənədlər adımadır, özüm də illərdir torpağın vergisini ödəyirəm. İndi bu adam ortaya çıxıb ki, mən burda aptek tikəcəm, gətirib qapıma daş töküb”.

Elxan Hüseynov. Foto: Meydan TV

Elxan Hüseynovun sözlərinə görə, o, daşın yığışdırılması üçün polisə müraciət edib. Sentyabrın 4-də isə tərəflər qarşı-qarşıya gəlib:

“Daşları qapımdan kənara daşıtdırdım. Qapını dəyişirdim, ailə üzvləriylə gəldi. Dedilər, sən kimsən ki, bura tökdüyümüz daşları kənara atırsan. Dedim, necə yəni kiməm, mən burda yaşayıram, bu da mənim qapımdır. Həmin gün qapını dəyişdirdim, vurub sındırdılar, dedilər, get qapını başqa tərəfdən aç. Dedim, bu, mənim həyətimə giriş-çıxış yeridir, mən evimə, həyətimə hardan girməliyəm? Dedilər, yox, burda aptek açacağıq, qapını burdan bağla. Mübahisə qızışdı, məni söyüşlərlə təhqir etdilər, mən də cavablarını qaytardım, üstümə tökülüşüb döydülər”.

Elxan Hüseynov bu dəfə də döyülməsiylə bağlı polisə şikayət edib. Ancaq deməsinə görə, polis şikayətlərini araşdırmır:

“Əvvəl deyirdilər ki, sən haqlısan, əlindəki sənədlərdən də görünür ki, sahə sənindir, onların əlindəsə heç bir sənəd yoxdur. 10 gündən çox vaxt keçir, döyülməyimlə bağlı şikayətim qalıb kənarda, polis deyir, daşları niyə kənara daşıtdırmısan? Deyirəm, qarşısına daş tökülən qapı mənim, döyülən mən, sizsə açıq-aşkar qarşı tərəfin vəkili kimi danışırsınız”.

Gözdən qaçırmayın:  Həlak olan hərbçi ilə bağlı rüşvət iddiasının araşdırıldığı deyilir

Sumqayıt Şəhər Polis İdarəsinin 5 saylı bölməsindən bildirilib ki, Sumqayıt sakini Elxan Hüseynovun şikayət ərizəsi təhqiqatçı Rafiq Əhmədovun icraatındadır. Ancaq qarşı tərəf olan Novruz Əhmədov adlı vətəndaş da Elxan Hüseynovdan şikayətçi olub. Hər iki tərəfin şikayətləri araşdırılır. Elxan Hüseynovun narazılığına gəlincə, bölmədən bildirilib ki, döyülmə iddiasıyla bağlı ekspertizadan keçməsi üçün göndəriş verilib. Rəyin alınmasından sonra müvafiq qərarlar veriləcək. Polisdən o da bildirilib ki, əraziyə kimin hüququ olduğunu isə tərəflər məhkəmədə mübahisələndirməlidilər.

Elxan Hüseynovsa deyir, ekspertiza idarəsiylə polis bölməsinin yollarında qalıb:

“Gedirəm, idarədə deyirlər, rəy hazırdır, gedirəm bölməyə, deyirlər, hələ bizə gəlməyib”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button