Loading...
Loading...
SEÇMƏ

Suriya: hərbi çevrilişlər ölkəsi

Bəəsin hakimiyyətə gəlməsindən sonra partiya daxilində həm ideoloji ixtilaflar, həm də nüfuz mübarizəsi şiddətləndi

Fələstində ərəb və yəhudi dövlətlərinin yaranması barədə BMT-nin 181 saylı qətnaməsindən sonra ərəb ölkələri İsrailə qarşı hərbi əməliyyatlara başladılar. Müharibə uğursuz oldu, təsadüfi deyil ki, onun nəticələri ərəb ölkələrində “nəkbə”, yəni fəlakət adlandırılır. Bir çox ölkədə hərbçilər bu məğlubiyyətdə siyasi hakimiyyəti günahlandırdılar və ondan hərbi çevriliş üçün əsas kimi istifadə etdilər. Bu yöndə öncüllük Suriyaya məxsus idi.

Burada ilk hərbi çevriliş hələ müharibə bitməmiş baş verdi. 1948-ci ildə ikinci müddətə seçilən prezident Şükrü Qüvvətli növbəti il martın 29-da Baş qərargah rəisi Hüsnü Zaim tərəfindən devrildi. Prezident həbs olundu, amma daha sonra Misirə getməsinə icazə verildi. Zaim iyunun 25-də keçirilən alternativsiz prezident seçkilərində guya 99 faizdən çox səs topladı.

Çevriliş qansız baş versə də, Suriyanın kövrək demokratiyası üçün öldürücü təsirə malik oldu, hərbi çevrilişlər presedenti yaratdı. Bunun ilk qurbanlarından biri elə Hüsnü Zaim oldu. Prezident seçkilərindən cəmi 50 gün sonra, avqustun 14-də növbəti çevriliş baş verdi. Sami Hinnavinin, Ədib Çiçəklinin və başqa zabitlərin həyata keçirdikləri çevrilişdən sonra Zaim və Baş nazir Mühsin Bərazi güllələndilər.

Bu dəfə formal olaraq mülki hakimiyyət bərpa edildi, prezident səlahiyyətlərinin icrası keçmiş prezident (1936-1939-cu illərdə) Haşim Ətasiyə tapşırıldı. Amma Hinnavi əsas söz sahibi olaraq qalmaqda idi. Bu zaman İraqla münasibətlər baxımından hərbçilər arasında ixtilaf yaşanır. Hinnavi prezident Ətasi kimi İraqla yaxınlaşmaq siyasəti yürüdürdü, Çiçəkli isə bunun əleyhinə idi. Nəticədə dekabrın 19-da növbəti, bir təqvim ili ərzində üçüncü hərbi çevriliş baş verdi. Çiçəkli Hinnavini devirdi və onu ölkədən sürgün etdi. Beyruta gedən Hinnavi qətlə yetirdiyi Mühsin Bərazinin əmioğlusu tərəfindən burada öldürüldü.

Çiçəkli de-fakto hakim olmaqla kifayətlənərək mülki hakimiyyətə toxunmadı. O, yalnız etibarlı adamı sayılan Fevzi Selunun müdafiə naziri postunu tutmasını şərt kimi qoyurdu. 1951-ci il noyabrın 28-də baş nazir təyin olunan Maaruf Davalibi bu şərti yerinə yetirməkdən imtina etdikdə, ertəsi gün Çiçəkli növbəti çevriliş etdi və baş nazir həbs olundu. Prezident Ətasi etiraz edərək istefa verdi. Çiçəkli elə Seludan prezident və baş nazir düzəltdi.

Çiçəkli bütün siyasi partiyaları və bir çox qəzetləri qapatdı. 1952-ci ilin yayında Ərəb Azadlıq Hərəkatı adlı partiya yaratdı. Bir il sonra isə özü prezident olmaq qərarına gəldi, Selunu devirdi və ölkədən qovdu. 1953-cü il iyulun 10-da keçirilən alternativsiz seçkilərdə rəsmi nəticələrə görə 99,7% səs topladı. Amma artıq 1954-cü ilin fevralında kütləviləşən narazılıqlar fonunda hakimiyyətdən əl çəkməyə məcbur oldu və əvvəlcə Livana, sonra Braziliyaya getdi. Hakimiyyətdə olduğu zaman druz kəndlərini bombardman etməsinin intiqamı olaraq 1964-cü ildə bir druz tərəfindən öldürüldü.

Çiçəklinin devrilməsindən sonra Suriyada mülki hakimiyyət və demokratik təsisatlar bərpa olundu. Sonrakı illərdə Misirlə bir dövlətdə birləşmək meylləri çoxaldı və 1958-ci ildə iki dövlət Birləşmiş Ərəb Respublikasını yaratdılar. Bu barədə eyniadlı məqaləmdə bəhs etmişəm.

Amma BƏR prezidenti Camal Əbdül Nasirin yürütdüyü siyasət Suriyada getdikcə daha çox narazılıq və birlikdən məyusluq doğurdu. Hər şey yenə də hərbi çevrilişlə yekunlaşdı. Əbdülkərim Nəhləvinin başçılığı altında 1961-ci il sentyabrın 28-də baş verən çevrilişdən sonra hakimiyyəti ələ keçirən hərbçilər Suriyanın BƏR-dən ayrıldığını elan etdilər. Dekabrda Suriya parlamenti Nazim Qüdsini prezident seçdi.

Bundan cəmi üç ay sonra, 1962-ci il martın 28-də Nəhləvi daha bir çevriliş edərək Qüdsini, baş nazir Maaruf Davalibini həbs etdi, parlamenti buraxdı. Amma cəmi beş gün sonra əksçevriliş baş verdi, prezident və baş nazir azad edildilər, parlamentin fəaliyyəti bərpa olundu. Qüdsi Nəhləvini cəzalandırmaq istəməyərək xarici ölkələrdən birinə hərbi attaşe göndərdi.


1947-ci ildə Dəməşqdə Mişel Əflak (və ya Əfləq), Səlahəddin Bitar tərəfindən Ərəb dirçəliş partiyası yaradıldı. Partiya qısaca Bəəs (dirçəliş) adı ilə daha məşhurdur. Təşkilat 1952-ci ildə Əkrəm Houraninin Ərəb sosialist partiyası ilə birləşəndən sonra Ərəb sosialist dirçəlişi partiyası adlandıldı. Onun şüarı “Birlik, Azadlıq, Sosializm” idi.

Bəəs Misirlə birləşmənin tərəfdarı v təbliğatçısı idi. Amma bu birlik baş tutandan sonra Camal Əbdül Nasirin gördüyü ilk işlərdən biri bütün partiyalarla yanaşı Bəəsi də qadağan etmək oldu. 1961-ci ildə Suriyanın müstəqilliyi ilə yanaşı Bəəsin fəaliyyəti də bərpa edildi.

Gözdən qaçırmayın:  Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz edən mer saxlanılıb

Bir neçə ərəb ölkələrində təşkilatları olan Bəəs xüsusən Suriyada və İraqda güclü idi. Daha doğrusu, Suriya və İraq ordusunda xeyli tərəfdarları vardı. 1963-cü il fevralın 8-də İraq bəəsçiləri hərbi çevriliş edərək hakimiyyətə gəldilər, amma artıq noyabrda devrildilər. İraq Bəəsi 1968-ci ildə revanş götürərək hakimiyyətə qayıtdı və bir müddət sonra Səddam Hüseyn tiraniyasına çevrilərək 2003-cü ildə ABŞ-ın müdaxiləsinə qədər iqtidar oldu.

Suriyada isə Bəəs İraqdan bir ay sonra, 1963-cü il martın 8-də hakimiyyətə gəldi. Mişel Əflakın razılığı ilə partiyanın hərbi komitəsi Salah Cədid və Hafiz Əsədin rəhbərliyi altında çevriliş etdi. Prezident Qüdsi bir müddət həbsdə saxlanıldı, sonra ölkədən çıxarıldı və 1998-ci ildə İordaniyada öldü. Çevrilişçilər Lüəyy Ətasini prezident etdilər, dörd ay sonra onu Əmin Hafiz əvəz etdi. Baş nazir isə Səlahəddin Bitar oldu. Salah Cədid Baş qərargah rəisi vəzifəsini tutdu.

Bəəsin hakimiyyətə gəlməsindən sonra partiya daxilində həm ideoloji ixtilaflar, həm də nüfuz mübarizəsi şiddətləndi. Digər tərəfdən, yenidən Misirlə birləşib-birləşməmək ətrafında, eləcə də Bəəsin hansı həddə sosialist olması barədə mübahisə gedir. Əflak Bəəs sosializmini sosial-demokratiya həddində görürdü, hərbçilərin bir çoxu isə marksizm-leninizmə meyl edirdilər. Prezident Əmin Hafizin də Əflakın tərəfini tutması növbəti çevrilişə apardı.

Hafiz Əsəd müdafiə naziri olarkən. Foto: AP

1966-cı il fevralın 23-də səhər tezdən Cədid və Əsədin başçılıq etdiyi hərbi hissələr prezident sarayına hücum etdilər. Üç saatlıq atışmadan sonra sursatı tükənən mühafizəçilər təslim oldular. Əmin Hafiz və Səlahəddin Bitar həbs edildi, sonra ölkədən çıxarıldılar. Hafiz İraqda sığınacaq tapdı, Bitar Parisə getdi və burada 1980-ci ildə öldürüldü. Mişel Əflak da Suriyadan getdi və 1974-cü ildən İraqda yaşadı. 1989-cu ildə Parisdə keçirdiyi ürək əməliyyatından sonra öldü.


1966-cı il çevrilişindən sonra Nurəddin Ətasi prezident, Yusuf Zuəyyin baş nazir, Hafiz Əsəd müdafiə naziri oldu. Real hakimiyyət isə Bəəs partiyasının Baş katibinin müavini kimi mütəvazi vəzifə tutan Salah Cədidin əlində idi. Bu illərdə o, siyasi və iqtisadi məsələlərlə, sərt sosialist tədbirlərin həyata keçirilməsi ilə məşğul olur. O, Hafiz Əsəd tərəfindən özünə təhlükə görməyərək ordunu onu ixtiyarına buraxmışdı. Bu Cədidin çox ciddi yanlışı idi. Əsəd dörd il ərzində ordu içində nüfuzunu artırmaqla, tərəfdarlarını həlledici vəzifələrə çəkməklə məşğul oldu. Cədid öz səhvini anlayıb düzəltməyə çalışanda artıq gec idi.

1970-ci ilin sentyabrında İordaniyada hökumət qüvvələri ilə Fələstin Azadlıq Təşkilatının yaraqlıları arasında “Qara sentyabr” adını alan hadisələr baş verdi. Cədid fələstinlilərə kömək etmək istədi, Əsəd isə buna qarşı çıxdı. Bundan sonra iki keçmiş dost və həmfikir arasında mübarizə açıq müstəviyə keçdi.

Noyabrda Milli konqresin iclasında Cədid Əsədi və onun yaxın dostu, Baş qərargah rəisi Mustafa Tlası vəzifələrindən uzaqlaşdırmaq istədi. Konqres bu barədə qərar da qəbul etdi. Amma iclasın keçirildiyi bina Əsədə sadiq tank hissələri tərəfindən mühasirəyə alınmışdı və qəbul edilən qərarların heç bir dəyəri yox idi.

Deyilənlərə görə, qalib gələn Əsəd Cədidə xarici ölkələrin birinə səfir getməyi təklif edir. Cədid isə razılaşmayaraq “Əgər nə vaxtsa hakimiyyətə gəlsəm, səni ölənə qədər küçədə sürüyəcəyəm” söyləyir. Belə olduqda, Əsəd keçmiş yoldaşını həbsə atdı və Cədid ömrünün qalan 23 ilini dustaq kimi keçirərək 1993-cü ilin avqustunda öldü.

Korreksiya hərəkatı adını alan bu hadisələr Suriya tarixində son çevriliş oldu. 1971-ci il martın 22-də keçirilən alternativsiz seçkilərdə Hafiz Əsəd rəsmi nəticələrə görə 99,2% səs topladı və prezident oldu. Əhalisinin çoxu sünnülərdən ibarət olan ölkədə ələvi azlığına aid Əsədin hakimiyyətinin çox sürməyəcəyini gözləmək olardı, amma belə olmadı. Hafiz Əsəd heç kəsə daha bir çevriliş imkanı vermədi və 2000-ci il iyunun 10-da ölənə qədər hakimiyyətdə qaldı. Ölümündən sonra da oğlu Bəşər Əsəd prezident oldu.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button