2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Suriyada vuruşmuş azərbaycanlı: ‘Düyü, çörək pulsuz idi…’

Laçın rayon İcra Hakimiyyətinin baş məsləhətçisi olmuş Amil Əhmədov Suriyada vuruşmaqda suçlanaraq hakim qarşısına çıxarılıb. Özü də Suriyaya getdiyini, orada təlimlərdə və döyüşlərdə iştirakını inkar etmir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə danışıb.

Əhmədovu 2020-ci ilin sentyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Cinayət işinin materiallarında yazılıb ki, o, 2016-2019-cu illərdə silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriyanın Hələb şəhərindəki Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib. Təlimlərdə odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarını öyrənib. Daha sonra “Ceyşullah” və başqa qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Həma, İdlib kimi şəhərlərində döyüşlərdə iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Başqa çarə yox idi”

Suriyadan gizli yollarla Türkiyəyə keçən Əhmədov 2020-ci il sentyabrın 7-də Azərbaycana qayıdıb. Dərhal da həbs olunub.

Ona qarşı CM-in 283-1.3 (respublikanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Əhmədov özünü təqsirli bilir. O, Suriyaya getdiyini və orada vuruşduğunu etiraf etsə də, deyir ki, əvvəldən məqsədi döyüşmək olmayıb: “Düzdür, vuruşmuşam. Amma gedəndə məqsədim bu deyildi. Sosial şəbəkələrdə yaşlı qadının videosu yayılmışdı. Qadın dağıntılar altından körpə uşağı çıxarırdı. Çıxara-çıxara da yalvarırdı, kömək istəyirdi. O video mənə çox pis təsir elədi. O cür adamlara kömək eləmək istəyirdim. İlk dəfə mühasirəyə düşəndə döyüşdüm. Başqa çarə yox idi”.

“300 dollarla xırda biznes qurmaq olar”

Suriyaya 2016-cı ildə Facebook-da tanış olduğu şəxslər vasitəsilə getdiyini deyən Əhmədovun sözlərinə görə, əvvəlcə Türkiyədə “Cənnətlər” adlı dərnəyə çağırılıb. Onların vasitəsilə Suriyaya gedib. Bir həftə sonra peşman olub, qayıtmaq istəsə də, mümkün olmayıb. Bir il sonra yenidən qaçmağa çalışıb, amma yenə də istədiyinə nail olmayıb. Deyir ki, bir neçə dəfə cəhd edib, hətta bir dəfə qaçaqmalçılar ona söz verib, pulunu alıb, aldadıblar.

Əhmədov ifadəsində Suriyada ticarətlə məşğul olmasından da danışıb: “Üç gün Türkiyədə qaldım. Gedəndə üstümdə 300 dollar var idi. Suriyada düyü, çörək, su pulsuz idi, amma meyvə-tərəvəz pullu. Orada pul qazanmaq da asandır. 300 dollarla xırda biznes qurmaq olar. Zeytun, motosiklet satmaqla pul qazanmaq mümkün idi. Vergi də yoxdur…”.

Silahı da satıb

Əhmədov Azərbaycana qayıdanda silahı da özüylə gətirib. Dediyinə görə, onu sonradan 350 dollara satıb.

O, iddia edir ki, Azərbaycanda Qarabağ müharibəsinin başlayacağı haqda məlumat almışdı. Ona görə sentyabrda ölkəyə qayıdıb. Dediyinə görə, müharibə dövründə DTX-nın təcridxanasında olarkən təklif edib ki, ona icazə versinlər, Qarabağda torpaqların azadlığı uğrunda döyüşsün. Lakin razılıq verilməyib.

Dindirmə zamanı o da məlum olub ki, Əhmədov Suriyaya yollanmamışdan 6-7 ay əvvəl icra hakimiyyətindəki işindən çıxıb. Səbəb isə orada başqa bir vəzifəli şəxslə aralarındakı mübahisəni göstərib.

Əhmədovun mühakiməsi davam edir. Onun ittiham olunduğu maddədə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

24 saat” “Suriyada vuruşmuş azərbaycanlı: ‘Düyü, çörək pulsuz idi…’” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button