2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Şuşa Bəyannaməsi Azərbaycana nə verəcək?

***

Sual: Elman bəy, Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa bəyannaməsinin mahiyyəti nədir? Bu bəyannamə Azərbaycana, Türkiyəyə, eləcə də regiona nə verəcək?

Cavab: Şuşa bəyannaməsinin mahiyyəti hərbi, siyasi, iqtisadi, mədəni sahələr üzrə, faktiki olaraq, xeyli dərinləşmiş Türkiyə-Azərbaycan münasibətlərinin sənəd halına salınmasıdır. İndiyə qədər Türkiyə və Azərbaycan arasında çox sayda deklorativ sənədlər imzalanmışdı, ancaq praktik baxımdan münasibətlər sənədlərdə göstərilən səviyyədən geri qalırdı. Son bir ildə isə bu münasibətlər yüksək sürətlə dərinləşərək iki ölkə arasında imzalanmış anlaşmaları da aşdı. Şuşa bəyannaməsi məhz mövcud ikitərəfli razılaşmalardakı məsələləri bir daha vurğulamaqla, sənədlərdən daha çox inkişaf etmiş münasibətləri və gələcəkdəki daha dərin əməkdaşlığı rəsmiləşdirmiş oldu.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumiləşdirmiş olsaq, bəyannamə Azərbaycanın suverenliyinin daha möhkəm təminat altına alınmasına, Türkiyənin Qafqazda möhkəmlənməsinə, Qafqaz respublikalarının öz aralarındakı, eyni zamanda, üç Qafqaz respublikasının Türkiyə-Rusiya-İranla münasibətlərinin inkişafına töhfə verəcək.

Sual: Bu bəyannaməni “Qars” müqaviləsinin davamı kimi dəyərləndirənlər var. “Qars” müqaviləsində nələr nəzərdə tutulmuşdu? Bu bəyannamənin həmin müqavilə ilə oxşar və fərqli cəhətləri nələrdir?

Cavab: Şuşa bəyannaməsində “Qars” müqaviləsinə istinad olunması təsadüfi məsələ deyil. Hələ 2010-cu ildə Türkiyə və Azərbaycan arasında imzalanmış Strateji Əməkdaşlıq Müqaviləsində də “Qars” anlaşmasına istinad var. “Qars” müqaviləsi isə mahiyyəti etibari ilə ondan əvvəl Türkiyə və bolşevik Rusiyası arasında imzalanmış “Moskva” müqaviləsinin davamıdır. 1921-ci ilin yazında imzalanan bu anlaşma Osmanlı sonrası Türkiyənin imzaladığı ilk dövlətlərarası sənəddir və bu sənəd Türkiyənin şərq sərhədlərini bəlli edir.

Rusiya Batum istisna olmaqla, Türkiyənin şərq ərazilərini tərk edir, Türkiyə (TBMM-parlament) isə muxtar bölgə haqqı tanınmaqla Batumun Gürcüstana verilməsini qəbul edir.

“Moskva” anlaşmasının şərtləri Türkiyənin Qafqaz sərhədlərinin dəqiqləşdirilməsi, orada yaşayan xalqlarla bağlı (türk əsilli) Türkiyənin maraqlarının, həmçinin, yenicə sovetləşmiş Azərbaycan, Gürcüstan, Ermənistanla Türkiyənin hərbi-siyasi münasibətlərinin aydınlaşdırılması baxımından üç Qafqaz respublikası və Türkiyə arasında eyni ilin payızında “Qars” müqaviləsi imzalanmasını zəruri etdi.

Müqavilənin şərtlərində Naxçıvana Azərbaycanın tərkibində muxtarlıq statusunun verilməsi, anlaşmanı imzalayan dövlətlərin ərazilərində yaşayan (türk, gürcü, erməni) etniklərin haqqlarının qorunması və s. məsələlər var.

“Qars” müqaviləsinin əhəmiyyətindən geniş danışmadan yalnız iki məsələni qeyd edə bilərik. Birincisi, bu müqavilə Türkiyə ilə Azərbaycan arasında imzalanan ilk müqavilədir. İkincisi, məhz “Moskva” və “Qars” müqaviləsi sayəsində Türkiyə ordularını şərq cəbhəsindən qərb cəbhəsinə daşıya və Qurtuluş savaşını qazana bildi.

Bugünkü gündə Türkiyə və Azərbaycan arasında imzalanan mühüm sənədlərdə “Qars” müqaviləsinə istinadlara rast gəlməyimizin əsas səbəbi isə SSRİ dağıldıqdan sonra Ermənistanın bu müqaviləni tanımaqdan imtina etməsidir. Ermənistan Osmanlının imzaladığı və Qurtuluş savaşının nəticəsinə görə qüvvəsini itirmiş “Sevr” müqaviləsinə əsasən Türkiyənin şərq əyalətlərinə torpaq iddiasını davam etdirir və “Qars” müqaviləsini tanımır.

İkinci səbəb isə həmin müqavilədəki etniklərin haqları ilə bağlı öhdəliklərdir. Müqaviləyə görə sənədi imzalayan ölkələr ərazilərində yaşayan etniklərin haqlarını tanımalıydılar. Hansı ki, Ermənistan ərazisindəki bütün türkləri artıq ya qovub ya da qətl edib. Azərbaycan isə bu müqavilədəki öhdəliklərinə sadiq olduğunu bəyan etməklə, hələ də nəzarətindən kənarda qalmış, DQ ərazisindəki etnik ermənilərə qarşı hər hansı diskriminativ siyasət yeritməyəcəyini nümayiş etdirir.

Şuşa bəyannaməsi ilə “Qars” müqaviləsinin yeganə oxşar cəhəti Azərbaycan və Türkiyə arasında imzalanmasıdır. Mahiyyət baxımından isə “Qars” müqaviləsi Türkiyənin Rusiya və üç Qafqaz ölkəsi ilə sərhəd məsələlərini tənzimləyirsə, Şuşa bəyannaməsinin hədəfi Türkiyə və Azərbaycanın dərin müttəfiqliyini göstərməkdir. Bu baxımdan Şuşa bəyannaməsi 2010-ci ildə imzalanmış Strateji Əməkdaşlıq Müqaviləsinin bir az daha detallı təkrarlanmasıdır.

Sual: Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıqla bağlı xeyli sənədlər var. Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin, Heydər Əliyevin və İlham Əliyevin prezidentliyi dövründə Türkiyə ilə strateji əməkdaşlığa sənədlər imzalanıb. Ən əhəmiyyətlisi isə, 21 dekabr 2010-cu il tarixində Azərbaycan parlamentinin qəbul etdiyi Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilədir. Sənəd iki ölkə arasında mühüm sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Müqavilə 23 maddədən və 5 bölmədən ibarətdir: Hərbi-siyasi məsələlər və təhlükəsizlik məsələləri; Hərbi və hərbi – texniki əməkdaşlıq məsələləri; İqtisadi əməkdaşlıq məsələləri; Humanitar Məsələlər; və  Ümumi və yekun müddəalar.

Müqaviləyə əsasən, tərəflərdən biri silahlı hücuma və ya təcavüzə məruz qalarsa, Bakı və Ankara bir-birinə qarşılıqlı yardım etmək niyyətindədir. Tərəflər həmçinin milli təhlükəsizliyə yönələn təhdid və çağırışların aradan qaldırılması məqsədilə əməkdaşlıq edəcəklər. Sizcə, bu kimi sənədlər olduğu halda yeni bir bəyannamənin imzalanmasını revanş istəyən qüvvələrə mesaj kimi dəyərləndirmək olarmı?

Cavab: Mən bəyannamənin hansısa revanşizmə cavab olduğunu düşünmürəm. Bu bəyannamə az əvvəl qeyd etdiyim kimi sənədlərdə nəzərdə tutulduğundan çox inkişaf etmiş ünasibətlərin yazılı formaya salınması ilə bərabər mövcud sənədlərdəki məsələlərin bir daha vurğulanmasıdır.

Digər tərəfdən, Şuşanın azad edilməsində, ümumilikdə 44 günlük müharibədəki hərbi uğurlarda müstəsna rolu olan Türkiyə prezidenti Şuşaya səfər edirsə, heç olmasa protokol baxımından bir sənəd imzalanmalıydı. Belə bir sənəd də keçmiş, mövcud və gələcək münasibətləri rəsmiləşdirən bəyannamə oldu.

Mesaj tərəfinə gəldikdə isə İlham Əliyev Şuşa mövzusundakı hər hərəkətində Paşinyandan intiqam alır. Bu dəfə də nəinki imzaladığı bəyannamə ilə, hətta Cıdır düzündəki rəqsi ilə də Ermənistana mesaj verib.

Sual: Niyə məhz bu sənəd 15 iyunda imzalandı? Bu tarixin simvolikası və ya əhəmiyyəti nədədir? Bu tarixdən öncə beynəlxalq proseslər baş verirdi. Bu sənədin imzalanması tarixinin 15 iyun seçilməsi bunlarla əlaqəli ola bilərmi?

Cavab: Ərdoğanın Şuşaya səfəri aylar öncədən, orada sənəd imzalanacağı da günlər öncədən bəlli idi. Yəni bəyannamənin Ərdoğanın Şuşadan əvvəl qatıldığı NATO sammiti ilə əlaqəsi yoxdur. Məhz 15 iyunda imzalanması isə təsadüfi deyil. 15 iyun Azərbaycanda avtoritarizmin Heydər Əliyevin timsalında

revanşının ildönümüdür. Onun oğlu İlham Əliyevin Ərdoğanın Şuşa səfərini məhz həmin günə salacağını öncədən də proqnozlaşdırmaq olardı. Ümumiyyətlə, son 1 ildə Beynəlxalq avtoritar koalisiya Qafqazda yüksəlişdədir. Bu baxımdan, İlham Əliyev üçün 15 iyun hər zamankından daha müqəddəs tarixdir.

Sual: Şuşa Bəyannaməsinin hər hansısa beynəlxalq hüquqi və siyasi qüvvəsi varmı?

Cavab: 1969 və 1986-cı il konvensiyalarına görə, dövlətlər öz aralarında ikitərəfli və ya çoxtərəfli müqavilələr bağlamaq hüququna sahibdirlər. Türkiyə və Azərbaycan arasında Şuşada imzalanan dövlətlərarası bəyannamə də beynəlxalq müqavilədir. Hüquqi qüvvəsinə gəldikdə, beynəlxalq müqavilə hüququna görə, dövlətlərin imzaladığı istənilən müqavilənin etibarlılıq prezumpsiyası var. Əksini iddia etmək üçün gərək bəyannamənin beynəlxalq hüquq normalarına zidd olması sübut edilsin. Bu baxımdan, sənədin beynəlxaq hüquqi qüvvəsi şübhəsizdir. Təsnifatına baxmış olsaq, strukturuna görə beynəlxalq, iştirakçılığına görə ikitərəfli, məzmununa görə isə siyasi müqavilədir. Yəni, Şuşa bəyannaməsində nəzərdə tutulmayan məsələlərə baxaraq biz güman irəli sürə bilərik ki, Zəngəzur dəhlizinin tənzimlənməsi ilə bağlı gələcəkdə Türkiyə və Azərbaycan arasında ikitərəfli və ya çoxtərəfli (Ermənistan, Rusiya) xüsusi məsələlər haqda sazişlər də imzalansın.

Sual: Elman bəy, bildiyiniz kimi Türkiyə NATO ölkəsidir. Azərbaycansa NATO-ya üzv deyil. Belə olduğu halda Türkiyə sənəddə göstərilənlərə uyğun olaraq Azərbaycana qarşı hər hansı bir təxribat baş verdiyi halda öz hərbi gücündən buna qarşı istifadə edə bilərmi? Buna NATO-nun və ya NATO ölkələrinin münasibəti necə olar?

Cavab: NATO-ya üzv ölkələrin münasibətlərini həlledici dərəcədə müqavilənin 5-ci maddəsi tənzimləyir. Ümumi məzmunu belədir ki, Şimali Amerika və Avropada, müqavilənin müəyyən etdiyi qütb dairəsi və o cümlədən, Türkiyə torpaqlarında hər hansı işğal hərəkəti baş verərsə, bu bütün üzv ölkələrə qarşı savaş elanı sayılır.

Əlavə olaraq, 8-ci maddə üzv ölkələrə başqa dövlətlərlə bağlayacağı müqavilənin NATO öhdəliyinə zidd olmaması şərtini qoyur. Şuşa bəyannaməsi isə Türkiyənin NATO öhədlikləri ilə hər hansı formada ziddiyyət təşkil etmir.

Türkiyənin NATO ilə münasibətlərindəki ziddiyətli məsələ Rusiya ilə bağladığı S-400 Zenit Raket kompleksi müqaviləsidir. Bu iki maddənin təsir dairəsindən kənarda qalan məsələlər, Türkiyənin öz iradəsi ilə digər ölkələrlə NATO üzvlərinə qarşı olmayan müttəfiqlik müqavilələri bağlaması və ya öz gücü hesabına sərhədlərindən kənarda hərbi əməliyyatlar aparması onun suveren hüququdur. Yəni Türkiyənin öz hərbi gücündən nə zamansa Azərbaycanın xeyrinə istifadə etməsinin onun NATO qarşısındakı üzvlük öhədliklərinə aidiyyatı yoxdur. Belə hadisə baş verərsə, NATO ölkələrinin sərgiləcəyi münasibət siyasi mahiyyət daşımış olacaq. İstər dəstək, istər etiraz yönündə olsun.

Sual: Azərbaycan Türkiyə yaxınlaşmasından vəcdə gələn bir çox ekspertlər, siyasətçilər iki ölkənin birləşməsini təklif edirlər. Sizcə, bu təklif məntiqlidirmi?

Cavab: Belə təkliflərlərin ən azı 100 yaşı var. Cümhuriyyətin quruculuq dövründə Məhəmməd Əmin Rəsulzadə “osmanlıçı” populistlərə cavab kimi Azərbaycanın suverenliyinin vazkeçilməzliyi haqda məqalələr yazıb. SSRİ-dən ayrıldıqdan sonra təsadüfən siyasətçiyə çevrilmiş opportunistlər də iki ölkə münasibətlərində emosional yaxınlaşma baş verən hər dönəmdə Azərbaycanın Türkiyəyə birləşməsi təklifini təkrar dövriyyəyə buraxırlar.

İndi də Şuşa bəyannaməsindən “izdivac” nəticələri çıxarıblar. Bu şəxslər anlamırlar ki, bir gün özlərini müstəqillik mücahidi elan edib, o biri gün belə təkliflə çıxış edərkən Azərbaycanın müstəqilliyinin onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyini etiraf etmiş olurlar. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, iki ölkənin daha dərindən müttəfiqliyi Azərbaycanın müstəqilliyinin itirilməsinə yox, möhkəmlənməsinə xidmət etməlidir.

Sual: Bəyannamənin imzalanmasından sonra prezidentlərin çıxışında Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın iştirakı ilə 6 ölkənin Platforması çərçivəsində regional inkişafdan və Zəngəzur dəhlizindən danışıldı. Sizcə, bu altılıq platforma və dəhliz baş tutacaqmı? Siz bu prosesi və əməkdaşlığı necə görürsüz?

Cavab: Məntiqli təklifdir. Regionda yeni münasibətlər sistemi formalaşacaqsa, bir müddət sonra maraqlı ölkələrin hansısa platformada bir araya gəlməsi onsuz da zərurətə çevriləcək.

Digər tərəfdən, ənənəvi beynəlxalq münasibətlər sisteminin davam edən xaotik mahiyyəti regional güc mərkəzlərini birdən çox müstəvidə fərqli platformalara çıxışa təhrik edir. Türkiyənin son illərdə yeritdiyi çoxtərəfli xarici siyasət konsepsiyası da bu xaotik dövrün şərtlərindən irəli gəlir. Bir halda ki, Türkiyə Azərbaycan üzərindən Qafqaza yerləşir, o zaman ilk növbədə Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlı olacaq.

Əgər Azərbaycan- Ermənistan Türkiyə münasibətləri normallaşacaqsa, bu Rusiyanın iradəsindən kənar baş verə bilməyəcək. Normallaşmayla bağlı Türkiyə-Rusiya danışıqları uğurla davam edərsə, platformanın qurulması məhz Zəngəzur dəhlizinin açılması ilə reallılğa çevrilər, Gürcüstan və İranın da iştirakı ilə regional platforma baş tuta və trans Qafqaz regionu üçün davamlı sülhün və iqtisadi inkişafın əsas əməkdaşlıq mərkəzi olar.

Bu, təklifin müsbət nəticələridir. Mənfi nəticələri isə təklif olunan altılıqdakı platformanın Qafqazı beynəlxalq avtoritar koalisiyanın plasdarmına çevirməsi təhlükəsidir.

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button