2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şuşaya qayıdan gənc kimdir?

Mənim özüm üçün müasir azərbaycanlılar iki qismə bölünür: əhli-cənnət və əhli-cəhənnəm

Camaatın səbri tükənir, planlı və təhlükəsiz Böyük Qayıdışı gözləməyə hövsələsi çatmır. İcazəsiz gedir yurduna və… partlayıb ya ölür, ya əlil olur.

Saytların yığılması Saytlarin yigilmasi

Belə-belə işlər. Sən saydığını say, gör fələk nə sayır. Dünyanın işlərini bilmək asan deyil. İllah ki, bu dünya azərbaycanlıların dünyası ola…

Bu dünya qarabağlıların dünyası olanda daha qəliz olur, çünki qarabağlılar elə-belə camaat deyil. Fərqlidir, mürəkkəbdir, sadədir, dürüstdür, əyridir, təmkinlidir, itoynadandır, qorxaqdır, cəsurdur, dayazdır, dərindir, qaşqabaqlıdır, gülərüzdür, tündməcaz və məzəlidir, əməksevərdir, tənbəldir, qoçaqdır, əfəldir…

Bir iyirmi il bundan əvvəl bir tədbirdə bir alim Qarabağa dəymiş maddi ziyan barədə əhatəli araşdırmasının nəticələrini danışırdı. Dağıdılmış bina, yol, körpü, ferma, klub və sairə. Dəymiş ziyan çox böyük rəqəmlə ölçülürdü. Rəqəm hamıya ağır təsir etmişdi, sanki tədbirdə iştirak edənlərin cibindən getmişdi bu pullar. Fikir bildirmək növbəsi mənə çatanda qısaca dedim:

-Maddi ziyan bekara şeydir. Binaları, körpüləri tikmək, yolları çəkmək asandır. Qarabağda Azərbaycana dəymiş ən böyük ziyan Qarabağ əhalisinin, bənzərsiz regional mədəniyyət sahibi olan Qarabağ icmasının dağılması, ölkəyə səpələnməsi, aşınmasıdır. Hər şeyi bərpa etmək olar, tək Molla Pənah Vaqifi, Üzeyirbəy Hacıbəyovu yetişdrmiş bənzərsiz insan toplumundan, onun canlı mədəniyyət daşıyıcılarından savayı…

İndi İkinci Qarabağ savaşından sonra azad olunmuş əraziyə kimlərin, necə və niyə qayıdacağı barədə düşüncələr əhalini çox qayğılandırır. Nə qədər əhali qayıdacaq? Nə qismində qayıdacaq? Büdcədən uman ələbaxan əksəriyyətmi qayıdacaq? Yoxsa hakimiyyət qarabağlılara doğma yurdlarında sərbəst yaşayıb azad işləmək, qazanmaq və dolanmaq fürsəti verəcək? Köçkünləri bütün bu müddət ərzində sərt nəzarət altında saxlayan hakimiyyət yurduna, evinə qayıdan bu camaatın çiynindən düşəcəkmi?

Qayıtmağa çalışan bu insanlar kimlərdir?

Azı on nəfər şuşalı tanıyıram ki, doğma şəhərinə qayıtmaq üçün sinov gedir. Qayıtmaq üçün əlləri qoynunda otumayıb, son 30 ildə imkan daxilində əllərindən gələni ediblər.

Heç nə edə bilməyənlər azı övladını Şuşa məhəbbəti ilə böyüdüblər.

Təbii ki, elə şüşalıları da tanıyıram ki, son 30 ildə bizim olmayan Şuşanı ermənidən betər talan və qarət ediblər, sanki Şuşa ilə Gəncə, Yevlax arasında fərq yoxmuş. Büdcədən əraziyə ayrılan pulların nə rəngində, nə də dəyərində fərq yox idi. Şuşaya ayrılan pulları oğurlayan məmurlar özlərinə paytaxtda topdağıtmaz mülklər aldılar və onları heç vaxt əldən qoymazlar. Lakin quruluşun dəyişməz mahiyyətini gözəl bildiklərindən Şüşaya “qayıdıb” tutduqları vəzifənin sayəsində azad olunmuş Şuşanı elə işğal altında olan Şuşa kimi soyacaqlar. Tarixi qələbədən sonra Şuşa, məsələn, Qusardan nə ilə fərqlənir ki?

Pul əl çirkidir. Bu gün var, sabah yoxdur. Təki cansağlığı olsun. “Fərli oğul neylər ata malını, fərsiz oğul neylər ata malını?” Mətləb Şuşa icmasından, onu təşkil edən fərdlərdən idi. Sual birdir: Şüşaya qayıdası insanlar nə təhər insanlardır?

Şüşaya şəksiz qayıdası bir gəncin hekayə toplusunu oxudum. İlk qələm təcrübəsidir, hansısa cahanşümul ədəbi nailiyyət gözləmək sadəlövhlük olardı. İlk yazılar gələcək yazıların şəksiz nişanələridir.

Şuşalı gənc Fərhad Kərimlinin “Zəhərdən sərxoşlanan” hekayə toplusu barəsində bircə onu deyə bilərəm ki, hekayə müxtəlif insanlar haqqında deyil, müəllifin özü haqqındadır. Onun müxtəlif hekayələrinin müxtəlif adlı və müxtəlif tövrlü insanları əslində müəllifin dünyaya baxışının, dünya barəsində fərdi təsəvvürlərinin yaratdığı naxışlardır. Fərhad bu surət-naxışlarla özünün dünya barəsində təsəvvür-xalçasını toxuyub. Xalçanın naxışlarına yaxından baxıb kənara çəkilmək, toxunmuş xalçaya ümumi nəzər salmaq mümkündür. Bu zaman görürsən ki, bu xalça dünya, insanlar və cəmiyyət barədə yalnız müsbət fikir və duyğuların naxışları ilə toxunub.

Mənim üçün bu, qəribədir. Yəni ağlıma çətin gələrdi ki, müasir cəmiyyətimizdə, küçələrdə, həyətlərdə, idarələrdə gəzib-dolaşan insanlarımız barədə hansısa gəncin bu qədər müsbət fikri və rəyi olsun.

Mənim özüm üçün müasir azərbaycanlılar iki qismə bölünür: əhli-cənnət və əhli-cəhənnəm. Şəxsi təcrübəm məni inandırıb ki, ikincilər say baxımından mütləq əksəriyyət sahibidirlər.

Fərhad Kərimli əmindir ki, ikincilər, demək olar ki, yoxdurlar. Xalqımız yalnız birincilərdən ibarətdir. Çox qəribə qənaətdir…

Müxtəlif məişət şəraitində, müxtəlif olaylarda təsvir etdiyi, müxtəlif adlar daşıyan, lakin əslində mahiyyət etibarilə eyni tövrlü insanların hamısı müsbətdirlər!

İblis və Şeytan Azərbaycanda nəinki işləməyib, heç olmayıb.

Azərbaycan və dünya ədəbiyyatından azdan-çoxdan xəbəri olan bir insan kimi bu qəribə ədəbi hadisə ilə rastlaşanda bir qədər təəccübləndim və düşünməyə başladım. Müəllifin müstəsna da olmasa, müəyyən ədəbi bacarığı şübhəsizdir. Süjetləri mürəkkəb olmasa da, həyatidir. Qəhrəmanları yalnız quru xəyalın deyil, həm də canlı həyatın törəməsidir. Bəs necə olur ki, müəllifin təsvir etdiyi bütün qəhrəmanların, hətta oğru və tüfeyli insanların mayasında insani xüsusiyyətlər tam yoxa çıxmayıb?

Sözün düzü, başımı çox sındırmadım. Yadıma Universitetdə bizə ərəb ölkələri coğrafiyasından dərs demiş, indi adını artıq unutduğum xeyirxah və sadədil şəkili müəllimim düşdü. “Müəllim, bəs bu bitki nə üçün belədir” sualına cavab verəndə şəraitə uyğunlaşma, təkamül qanunları kimi qəliz mətləblərlə başımızı aqrıtmazdı, sadəcə deyərdi ki, “Bu bitkinin cınsı belədir”.

İndi “gənc yazar Fərhad Kərimlinin hekayələrinin qəhrəmanları nə üçün hamılıqla əhli-cənnətdir” sualına cavabım həmin 1960-cı illərin ortalarında rastlaşdığım müəllimimin cavabının tayı olacaq. “Çünki Fərhad şüşalıdır, şüşalı Əbdürrəhimbəy Haqverdiyevi yetişdirmiş dünyanın təsiri ilə böyüyüb, şüşalı dədəsi Kərim Kərimlinin çörəyini yeyib, şuşalı ailəsində tərbiyə alıb, bu mühitdə xeyirxahlıq, izzət, qanacaq və mərifət ali dəyər sayılıb, onun böyüdüyü mühitdə əhli-cəhənnəmə yer yoxdur, odur ki, görə bilmədiyi, görmədiyi insanları hekayələrində canlandıra bilməyib”.

Lakin onu da deyim ki, Şüşaya qayıdandan sonra inşallah, yazacağı əsərlərdə, şübhə etmirəm ki, həmin əhli-cəhənnəm məxluqatı da olacaq, çünki mən həmin əhli-cənnət şüşalılarla yanaşı xeyli sayda əhli-cəhənnəm şüşalı da tanıyıram. Əminəm ki, müəllif doğma yurduna qayıdandan sonra belə şüşalılarla görüş və təmaslardan yayına bilməyəcək. Təəssüf…

24 saat” “Şuşaya qayıdan gənc kimdir?” başlıqlı yazını “Meydan.tv”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button