2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Susmağın nəticəsi…yandırılmaq növbəsi sənin kitablarına çatır…”

Kitab yandırmaq etiraz forması ola bilərmi? Seçki kampaniyasında İlham Əliyevin namizədliyini dəstəkləyən Yazıçılar Birliyinin sədri Anarın kitablarını yandıranlara ünvanlanmış kəskin ittihamlarından sonra bu mövzu gündəmin müzakirə mövzusuna çevrildi. Anar təkcə kitabını yandıranlara qarşı deyil, həm də bu məsələyə səssiz qalan tanınmış şəxslərə qəzəbini ifadə etmişdi. Məsələyə münasibətdə xeyli fərqli fikirlər var. İnsanlar haqlı olaraq sual verir: YB sədri indiyə qədər ölkədə haqsızlıqla üzləşən hansı yazarı müdafiə edib ki, indi də başqalarından nəsə umur? Bənzər hadisə elə 10 il əvvəl qəzetimizin köşə yazarı Rövşən Hacıbəylinin də başına gəlib. Məsələ ilə bağlı onun özündən aldığımız açıqlamanı təqdim edirik…

-Rövşən bəy, Yazıçılar Birliyinin sədri Anar kitablarını yandıranlara qəzəblənərək, tanınmış adamları bu məsələyə susqun qalmaqda ittiham edib. Kitabları hələ 10 il əvvəl rəsmi məhkəmə qərarı əsasında qadağan olunmuş biri olaraq, bu ittihama münasibətiniz necədir?

Saytların yığılması Saytlarin yigilmasi

– Kitab yandırmaq məsələsini şiddətlə qınayıram. Kitab oxumaq üçündür, yandırmaq üçün yox. Etiraz forması belə olmamalıdır. Yazıçı Anarın düşüncələriylə, dedikləriylə razılaşmamaq olar. Ancaq buna görə onun kitablarını yandırmağa çağırış etmək çıxış yolu deyil. Etiraz üçün elə Yazıçılar Birliyinə getmək mümkündür, kimsə özünə əziyyət vermək istəmirsə, məktub yazsın, teleqram vursun. İndi ən azı sosial şəbəkələr var və istənilən adam bunun vasitəsilə fikirlərini bölüşə, kiməsə etiraz edə bilər.

Düzdür, xeyli vaxtdır hakimiyyət bu şəbəkəyə nəzarət etməyə çalışır, xüsusi qrup yaradaraq əleyhinə yazanları izləyir, yeri gələndə cəzalandırır. Ancaq Anarın rəhbərlik etdiyi Yazıçılar Birliyindən, eləcə də ziyalıların toplaşdığı başqa qurumlardan heç birinin səsi çıxmır. Onlar adamların səbəbsiz yerə cəzalandırılmasına, şərlənərək həbsə atılmasına etiraz etmir. Ancaq özlərinə yönəlik ən kiçik tənqidi belə qəbul etmək bir yana, adamların üzərinə gedir, başqalarından da bu hücumda dəstək istəyirlər. Yəni ölkənin, gəncliyin taleyi ilə bağlı məsələyə biganə qalanların növbə özlərinə çatanda başqalarını susqunluqda ittiham etməsindən absurd nəsə yoxdur. Əslində, Anarı başa düşmək olmur. Nədən tanınmışları, ziyalıları qınayıb? Onun keçmiş dostu, yazıçı yoldaşı Əkrəm Əylislinin kitabları yandırılanda, buna çağırış ediləndə Anarın etiraz səsini eşidən olmadı. Anar tanınmış deyil, Anar ziyalı deyil? Niyə susdu? Kitab yandırılırdı axı, telekanallar da bunu efirə verirdi, həm də gündə bir neçə yol. Görməyə, eşitməyə bilməzdi. Susqunluğun əsasını qoyanlardan biri, indi başqalarını susqunluqda ittiham edən Anardır. Əkrəm Əylisli olayında İctimai Televiziyada bu məsələ müzakirə olunurdu, adını unutduğum bir “ziyalı” da efirə çağırılmışdı. Həmin “ziyalı” Əkrəmin kitabını oxumadığını dedi və bunun ardınca kitabı yıxıb-sürüdü, oxumadığı kitabı… Yeri gəlmişkən, Əkrəm olayında kitab yandırmaq kampaniyasını elə hakimiyyətdəkilər özləri aparırdı.

– Sizin kitabınızın yandırılmasına çağırışlar necə olmuşdu, düşünürəm, bir daha xatırlatmaq yerinə düşər…

– Kitab yandırılmamışdı. Kitabın satışdan yığışdırılıb məhv edilməsi haqda Binəqədi Rayon Məhkəməsinin hakimi Allahverən Həsənovun Azərbaycan Respublikası adından qərarı vardı. Azərbaycanda məhkəmə hakimiyyətinin oyuncaq qurum olmasına bəlkə də bundan gözəl örnək yoxdur. Bilirsiniz ki, İctimai Televiziya Azərbaycanda fəal kəsimin çağırışı və Avropa Şurasının tələbiylə yaradılmışdı. Bu televiziya yaranana qədər mütəxəssislərin, ziyalıların mövqeyi, görmək istədikləri telekanalla bağlı düşüncələri mediada geniş müzakirə olunmuşdu. Beynəlxalq təşkilatlardan Azərbaycana gələnlər də bu məsələni rəsmilər qarşısında dəfələrlə qaldırmışdılar. Bütün bunların nəticəsi olaraq hakimiyyət İctimai Televiziya yaradılmasına qərar verdi, eyni zamanda bu telekanalı da nəzarətə götürməyi qarşısına məqsəd qoydu. İTV sədrinin seçkisi də qanun pozuntusuyla keçdi. Kanalın fəaliyyətə başlamasının 1 illiyində dostlarla birgə “İTV mətbuat aynasında” adlı məqalələr toplusu hazırladıq. Bu topluya İTV yaranmamışdan qabaq və telekanalın 1 illik fəaliyyəti dövründə mətbuatda gedən yazıları saldıq. Bütün yazılar müxtəlif qəzetlərdə gedən materiallardı. Bu yazılara görə kimsə məhkəməyə verilməmişdi. Ancaq bu materialların bir yerə toplanması İTV sədri İsmayıl Ömərovun xoşuna gəlmədi və o, kitabın təqdimatına bütün yaradıcı kollektivi, yeməkxanada işləyənləri, sürücüləri belə, yolladı. Üstəlik, bir sıra müğənniləri, Yayım Şurası üzvlərini də o tədbirə göndərmişdi, öz işçiləri kimi. Məqsəd tədbiri pozmaqdı. Buna qismən nail oldular da. Çıxışçılara danışmağa imkan verməməklə, yersiz müdaxilələrlə və s. Bu tərbiyəsizliyə cavab olaraq İTV-ni məhkəməyə verdim. Bunun qarşılığında onlar da məni məhkəməyə verib kitabın satışdan yığışdırılıb məhv edilməsi haqda qərar çıxara bildilər. Düzdür, məhkəmə icraçıları bir neçə dəfə məni çağırıb kitabları gətirməyimi tələb etdi. Ancaq nə mən kitab apardım, nə də onlar bu tələblərində israrlı oldular…

– O vaxt tanınmışlardan kimsə səsini çıxarmışdı bu məsələyə?

– O vaxt, dostlarımızı nəzərə almasaq, ziyalılardan kimsənin səsi çıxmadı. Əslində, onda etiraz olmalıydı. Bizə dəstək yox, məhkəməyə, indi Şuşa Rayon Məhkəməsinin sədri vəzifəsinə yüksələn Allahverən Həsənova ciddi etiraz olmalıydı. Hakimlikdən qovulması tələbi rəsmilər qarşısında qaldırılmalıydı. Bu, sıravi vətəndaşların kitabları yandırmaq çağırışı deyildi, rəsmi qurumun XXI əsrdə Azərbaycan Respublikası adından verdiyi qərar idi. Hər bir vətəndaşa, xüsusilə özünə ziyalı adı yapışdırıb imtiyazlar davası döyənlərə qarşı verilən hökm idi. Onlar hayqırmalıydı. Ancaq onlar susdu. Susmağın nəticəsi belə olur. Yandırılmaq növbəsi sənin kitablarına çatır.

 

Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button