SEÇMƏ

Təhlükəli ehtimal

Rəsmi təbliğat indi də kütləni məkrlə “Zəngəzur” əsatirinə kökləyir

Belə bir deyim var: “Şər deməsən, xeyir gəlməz”. Həyat elə qurulub ki, şəri də, xeyri də eyni vaxtda xatırlasan, şərin gəlişinin ehtimalı xeyrin gəlişinin ehtimalından azı iki dəfə yüksək olacaq.
Həyat belə qurulub…

Buna baxmayaraq şəri xatırlayıram ki, xeyrə də, işıq ucu qədər olsa belə, fürsət verim.
44 günlük müharibədən sonra əhali elə zənn edirdi ki, başımıza gələn bəlalar sovuşub. Həyat göstərir ki, əhali yanılırdı. Bəla ardınca bəla gəlir.

Bizim KİV-ə və hakimiyyətə baxanda belə təsəvvür yaranır ki, işlər əla gedir. “Zəngəzur bizimdir! Göyçə də bizimdir!”.

Yadıma 6-7 yanvar 1990-cı il AXC konfransında Fəzail Ağamalının sevinclə bağıraraq “Rumıniyada əsən qanlı küləklər Bakıya gəlib çatır” müjdəsi verməsi düşür. Gəldi də, çatdı da. Fəzailə, təbii ki, heç nə olmadı, olana oldu.

Millətin əsas hissəsinin ağlı 30 ildə əsla dəyişməyib.Həmən həməndur.
əl-Həmdu li-l-lah. Belə millətə zaval yoxdur!

Təsadüfi deyil ki, Etibar Məmmədov artıq hakimiyyəti əsl milli qüvvələrə verməyi tələb edir. Əsl milli qüvvələrə. Həmin milli  qüvvələrə ki, 1990-cı ilin yanvar ayının 20-dən əvvəl xalqı tankların tırtıllarının altına aparırdı.

Görünür, qanlı hadisələrin zamanının yetişdiyini hiss edir.

Azca da olsa məntiqi düşünən insanlarda belə bir qanuni sual yaranırdı: Rusiya nə üçün 44 günlük müharibə zamanı ilkin mərhələdə sanki bitərəf qaldı, müttəfiqi Ermənistanı müdafiə etmədi və müharibənin yalnız son mərhələsində hadisələrə qətiyyətlə qarışıb qoşununu Qarabağa dürtə bildi?

Düşünən insanların nikbin hissəsi əminliklə deyir ki, “rusun eşşəyi ölüb”, yəni Cənubi Qafqaz üçün rus layihəsinin vaxtı bitib, Kreml dəxi “ayır-buyur” silahından istifadə etməyəcək, bölgəni idarə edilən münaqişə vasitəsilə nəzarətdə saxlamayacaq, ermənini azərbaycanlının, azərbaycanlını erməninin üstünə qısqırtmayacaq, Ermənistanı Azərbaycanın, Azərbaycanı Ermənistanın ordusunun əlilə vurmayacaq.

Bədbinmi, gerçəkmi düşünən məne-biçare isə belə bir təhlükəli ehtimalı xəyalıma gətirirəm: bölgəni 30 il Qarabağın erməni işğalı ilə nəzarətdə saxlamış Rusiya Qarabağda erməni amilini bilmərrə boşlamayaraq Cənibi Qafqaz üzərində nəzarətinin ömrünü dübarə 30 il uzatmaq üçün Azərbaycanı Ermənistan ərazisinin Zəngəzur vilayətini işğal etməyə təhrik edir.

Bəli, Kreml vəziyyəti, demək olar ki, güzgü kimi əksinə çevirir: bu dəfə beynəlxalq aləmin işğalçı kimi tanıyacağı Azərbaycan ordusu Zəngəzuru tutur, oranın erməni əhalisi qaçqın düşür, atəşkəs, təbii ki, əsasən Rusiyanın vasitəşiliyi ilə əldə edilir, sabitliyə zamin,əlbəttə ki, rus qoşunu durur. BMT Təhlükəsizlik Şurası Azərbaycan ordusunun Ermənistan ərazisindən dərhal çıxması tələbi ilə bir neçə gözəl-göyçək qətnamə qəbul edir və erməni diplomatları və vətənpərvərləri bu qətnamələri Azərbaycan tərəfinin gözünə 30 il soxur, necə ki, bizimkilər bunu 30 il edirdi.

30 il Ermənistan da, Azərbaycan da Kremlin oyuncağı olaraq qalır. İki xalqın bütün işi-gücü bir-birilə savaşmaq olur. Rusiya isə əmin-amanlığın zamini kimi öz qoşunlarını mıx kimi bölgəyə çalır.

Gümrüdəki rus qoşununun pulunu indiyəcən Ermənistan ödəyir. Qarabağdakı və Zəngəzurdakı rus qoşununun xərcini, çox güman, Azərbaycan ödəyəcək.

Kimsə mənə deyə bilər ki, ehtimalın puça çıxacaq. Ehtimalım puça çıxarsa, sevincimdən bu sözü mənə demiş insanın əlini  öpməyə hazıram. Fəqət ömrüm boyu bədbin öncəgörmələrimin əksəriyyəti çin çıxıb deyə təşviş içindəyəm. Zira bədbin gümanım üçün ciddi əsaslar var.

1. Xəstə təfəkkürlü bəzi ermənilər gözünü Qarabağa dikmişdi və bu zaman nə beynəlxalq hüququ, nə də adi insan məntiqini dərk edirdi. Erməni xalqı 30 il Qarabağı Artsax adlandırıb haqlı olduğuna əmin idi. Azərbaycan cəmiyyətinə indi Zəngəzur halvasını yedizdirirlər və sabah ordumuz Ermənistan Respublikasının qanuni ərazisini işğal etsə, beyni qızmış əhali bu cinayəti yalnız böyük nailiyyət və tarixi qələbə kimi qəbul edər və Zəngəzuru qanuni sahibinə qaytarmaq istəyən siyasi xadimi təslimçi və xain sanar, necə ki, ermənilər Paşinyanı təslimçi və xain sayır.

Gözdən qaçırmayın:  İtaliyada növbədənkənar parlament seçkiləri: ultrasağçılar öndədir

2. Qarabağ münaqişəsi başlayanda Ermənistanda hakimiyyətə Rusiya kəşfiyyatına bağlı ünsürlər can atırdı. Münaqişə davam etdikcə hakimiyyət uğrunda mübarizə aparan qüvvələr daima barışmaz işğalcı mövqe sərgiləməli olurdular ki, həm Rusiyanın, həm də beyni zəhərlənmiş kütlənin rəğbətini qazansınlar. Azərbaycana hakimiyyətə münaqişə dalğasında gəlmiş Əliyevlər sülaləsi ağalıq edir və Qarabağı qaytarmış Ali Baş Komandan öz reytinqini vətəndaşa qayğı, uğurlu iqtisadi siyasətlə deyil, yalnız “dəmir yimruq” şüarı ilə ərşə yüksəldir. Rəsmi təbliğat indi də kütləni məkrlə “Zəngəzur” əsatirinə kökləyir.

3. Qarabağ münaqişəsi başlayanda SSRİ-nin çökməsini arzulayan Sov.İKP rəhbərliyi və Qərb bu siyasi fırıldağı var gücləri ilə müdafiə etmişdilər. Yəni həmin dövrdə xarici dəstək amili mühüm rol oynamışdı. İndi də nüfuzlu xarici qüvvələr Zəngəzur kartından uzunmüddətli məqsədlər üçün məmnuniyyətlə istifadə etməyə hazırdırlar. Bu zaman nə erməni, nə də Azərbaycan xalqının köklü maraqları nəzərə alınır.

4. Erməni xalqı zərərli Artsax əsatirindən tam olmasa da, qismən qurtulmaq üçün xeyli qurban verməli və böyük müharibədə məğlubiyyətin acı zəhərini dadmalı oldu. İndi Azərbaycan cəmiyyətinin əksər hissəsinin beynəlxalq hüququ və adi insan məntiqini qəbul etməyən havalanmış vəziyyətini nəzərə alsaq, zavallı xalqa bundan sonra nə qədər dərd-bəla üz verməlidir ki, əsatiri təfəkkür tərzindən qurtulub gerçəkçi düşüncəni qəbul edə bilsin və anlasın ki, Zəngəzur Ermənistan Respublikasının beynəlxalq hüquqla tanınan qanuni ərazisidir?

5. ABŞFransa səfirlikləri öz vətəndaşlarına Sünik, Qafan və Gorusa getməyi məsləhət görmür. Nəyin əsasında? Təbii ki, ABŞ kəşfiyyatının məlumatı əsasında. Həmin kəşfiyyat 2021-ci ildən ta 24 fevral 2022-ci ilədək inadla Rusiyanın Ukraynaya hücumu barədə xəbər yayırdı, xəbəri çin çıxdı. Şübhəniz olmasın ki, ABŞ kəşfiyyatının Azərbaycanın silahlı qüvvələrinin Zəngəzuru işğal etmək məqsədilə hücuma başlayacağı barədə mənim ehtimal etdiyim xəbəri də həqiqətə yaxındır.

Ermənistan bu hücumun qarşısını necə ala bilər? Müqavimət gücü olan ordusu qalmayıb, müttəfiqi lax çıxıb. Lakin Ermənistan gələcək genişmiqyaslı müharibənin qarşısını ala bilər. Bu məqsədlə Nikol Paşinyan erməni xalqına gerçək vəziyyəti izah etməli, Meğri yolunun çəkilıişinə başlamaq barədə hökumət qərarını qəbul etməli, sərhədlərin delimitasiyası ilə məşğul olmalı dövlət komissiyasının üzvlərini Azərbaycan tərəfi ilə müntəzəm işləmək tapşırığı ilə Tiflisə göndərməli, Qarabağ ermənilərini əməli cəhətdən müdafiə etməyə qüdrəti olmayan erməni silahlılarını Qarabağdan çıxarmalı, iki dövlət arasında sülh müqaviləsinin qaralama mətnini müzakirə masasının üstünə qoymalıdır.

Etməsə, həm sevdiyi vəzifəsini, həm də, ola bilsin, həyatını itirəcək.

Sentyabrın 14-də gecə vaxtı maşınımı Neftçilər prospekti ilə sürürdüm. Sərhəddə qanlı döyüşlər gedirdi, əsgər və zabitlərimiz şəhid olurdu. Yolayrıcı zolaq boyu ikisi hərbi libasda olan 6 gənc əllərində milli bayrağımızı tutaraq yürüş edirdi və ahəstə səslə: “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını deyirdi. Polis nəfərləri onlara dəymirdi.  Niyə də döyüb qovsunlar? Zavallılar nə ədalətli seçki, nə də vətəndaş azadlığı tələb edirdi.
Ürəyim sıxıldı. Hələ neçə gənc həyatından keçməlidir ki, beynəlxalq siyasi dəllalların və bizim yuxarıların, xalqı öz zəngin həyatları üçün qurban sayan kübarların intəhasız arzuları doysun?

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button