Now Reading:
Təhsil naziri Məleykə Abbaszadə ola bilər – İDDİA

Dekabrın 5-də prezident İlham Əliyev Mikayıl Cabbarovu vergilər naziri təyin etdikdən sonra Təhsil Nazirliyinə kimin rəhbərlik edə biləcəyi ilə bağlı müxtəlif namizədlərin adı çəkilir.
“Yeni Müsavat”a hökumətə yaxın mənbələrdən daxil olan bir məlumata görə, naziri postuna namizədlərdən biri də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir. 2000-ci ilin oktyabrından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sədrlik edən M.Abbaszadəyə ötən ilin aprelində prezidentin fərmanı ilə publik hüquqi şəxs statusu verilən Dövlət İmtahan Mərkəzinin 7 nəfərdən ibarət Direktor Şurasına da rəhbərlik həvalə olundu. TQDK ləğv olunanda belə iddialar vardı ki, M.Abbaszadə təhsillə bağlı tənqidi fikirlərinə görə vəzifəyə təyin olunmayacaq. Ona səlahiyyətləri xeyli genişləndirilmiş DMİ-nin həvalə olunması iddiaların üzərindən xətt çəkdi, ona dövlət rəhbərliyinin etimadı olduğunu göstərdi.

Yada salaq ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılıb.
Mənbə deyib ki, DMİ-nin Təhsil Nazirliyinə birləşdirilərək Məleykə Abbaszadənin nazir təyin edilməsi barədə də iddialar var ki, bu inandırıcı deyil. “Amma Məleykə Abbaszadə hər iki struktura yaxşı bələddir və nazir təyin ediləcəyi təqdirdə DİM-ə də nəzarəti saxlaya bilər” deyə, qaynağımız əlavə edib.
Abbaszadənin zaman-zaman Təhsil Nazirliyi rəhbərliyi ilə problemlər yaşadığı sirr deyil. M.Abbaszadə yeniləşən DİM-ə sədrlik etdiyi qısa dönəmdə də nazirliklə bu cür problemlər yaşanıb. Bu əsasən təhsilin keyfiyyəti və dərsliklə bağlı məsələlərdir. DMİ rəhbəri orta məktəblərdə tədrisin keyfiyyətindən əksər hallarda narazı olduğunu gizlətməyib.
DMİ sədrinin nazir kürsüsünə otura biləcəyi ilə bağlı iddialar içərisində iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq edilməsi faktı da önə çəkilir. Məlumdur ki, Təhsil Nazirliyi və DİM yeni imtahan modelləri üzərində müzakirələr aparırdı və bu məsələdə razılıq da əldə edilib. Bu baxımdan yeni qəbulla bağlı ən məlumatlı şəxs də sabiq nazirdən sonra elə M.Abbaszadə hesab oluna bilər.
****
Bu iddia-versiyadan başqa, media və siyasət kluarlarında, eləcə də orta ranqlı məmurlar arasında fərqli namizədlərin adları da hallanır. Bunlardan ən maraqlısı sabiq təhsil naziri Misir Mərdanovun yenidən nazir postuna qaytarılacağı şayiəsidir. Biz bu şayiəni və onu kimlərin yaya biləcəyini qiymətləndirmək fikrində deyilik. Sadəcə, oxucularımızı məlumatlandırırıq ki, ölkənin önəmli və strateji postu ilə bağlı ortada hansı iddia-şayiələr dolaşır…

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.