2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖZƏLManşet

Təkrar əlil arabası almaq istəyənlərin bürokratiya məşəqqəti

“I qrup əlillərdən qanunsuz olaraq “88 nömrəli forma” tələb edilir”

“I qrup ömürlük əlilliyi olan şəxslər, söhbət əlil arabası istifadəşilərindən gedir, incidilir. Onlar onsuz da həyatı məhdudiyyətlər içində keçən, başqalarından asılı olması sənədlə sübüt edilən insanlardır. Üstəlik onlara qulluq edən şəxslərə buna görə heç bir ödəniş edilmir. İndi də onlara təkrar əlil arabası verilməsi üçün bu hərəkət məhdudiyyəti olan insanlardan FORMA 88 tələb edilir. Bu isə qanuna uyğun gəlmir. I qrup əlillik ömürlükdür və onlardan təkrar əlillik təyin edilməsi üçün tələb edilən sənədin tələbi heç bir məntiqə sığımır. Mən deyəndə ki, o nazirlikdə oturanların əksəriyyəti savadsızdır, əlillik məsələlərindən bixəbərdir, sözümü qəribçiliyə salırdılar. QHT sədrləri isə bu məsələyə heç bir reaksiya vermir”.

24saat.org xəbər verir ki, bunu I qrup əlil Sevda Yusif qızı Səfərəliyeva bildirib. O, əməkdaşımızla söhbətində bildirib ki, təkrar əlil arabası almaq üçün poliklinikalarda fiziki məhdudiyyəti olan şəxslərdən “88 nömrəli forma” tələb edilir. “Mənə bir neçə nəfər bu haqda yazdı, dəhşətə gəldim, dedim belə bir şey ola bilməz. Sonra özüm 33 saylı poliklinikaya müraciət etdim. Rastlaşdıqlarım dəhşətli idi – doğrudan da ömürlük əlilliyi olan şəxslərdən bunu növbəti dəfə təsdiq edən sənəd tələb edilir”, – deyə o, bildirib. Poliklinika isə bildirir ki, bu sənədi onlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyi tələb edir.

Saytların yığılması Saytlarin yigilmasi

Kreslo-veloarabalar – dayaq-hərəkət funksiyalarını bu və ya digər səbəbdən itirmiş şəxslərin hərəkət etmələri üçün istifadə olunan reabilitasiya vasitəsidir. Kreslo-veloarabalardan istifadə müddətlərinə gəlincə, zona tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında 3 il müddətinə verilir.

 

Loğman Ağayev
Loğman Ağayev

“O sənədlərə görə 8 ildir eyni arabanı sürürüəm, 70-ci ilin 011-ə oxşayır”

Sevda Səfərəliyevanın Facbook-da bu paylaşımı ilə bağlı statusa rəy yazan digər fiziki məhdudiyyətli şəxslər də eyni problemlə üzləşdiklərini bildirir. Loğman Ağayev adlı istifadəçi yazır:

“O sənədə görə araba almıram neçə illərdir. Bir dəfə aldım min bir zəhmətlə, həmin arabanın ora-burasını təmir edib istifadə edirəm, çətin də olsa. Sənədlə qurtarsa dərd yarıdır, Bakıda araba verilən yerə getmək, almaq, bunların da hamısı xərc tələb edir. O işləri görəcək adamım olmadıına görə, 8 ildir eyni arabanı sürürəm. Daha tikmədiyim, dəyişmədiyim yeri qalmyaıb. 70-ci ilin 011-ə oxşayır”.

ƏƏSMN: “Əlil arabaları evlərində verilib”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əlil arabalarının verilməsi ilə bağlı son məlumatı 17.07.2018-ci il tarixində yayıb. Məlumatda bildirilir ki, rayon mərkəzinə gələ bilməyənlərə əlil arabaları evlərində verilib:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan və əlil arabasına tibbi göstərişi olan 23 nəfər əlilliyi olan şəxsə əlil arabası elə yaşadıqları rayona aparılaraq təqdim edilib.

Onlardan bir qisminin rayon mərkəzinə gələ bilmədikləri nəzərə alınaraq, arabalar yaşadıqları ünvanda təhvil verilib.

Əlilliyi olan şəxslər, onların ailə üzvləri ölkəmizdə fiziki məhdudiyyəti olan vətəndaşların maddi təminatlarının gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri sahəsində aparılan işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, əlil arabasına ehtiyac duyduğu halda əlilliyi olan şəxsin Protez-Ortopedik Bərpa Mərkəzinə birbaşa müraciətinə ehtiyac yoxdur. Belə ki, bununla bağlı onun müraciəti yaşadığı ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasında dərhal qeydə alınır və əlil arabasına ehtiyacı olması barədə tibbi göstəriş ƏƏSMN-nin elektron sisteminə daxil edilir. Bundan sonra isə Mərkəz tərəfindən əlilliyi olan şəxs növbəlilik qaydasında əlil arabası ilə təmin olunur.

Əlilliyi olan şəxslərin (və ya yaxınlarının) əlil arabasını götürmək üçün paytaxta gəlmək imkanları olmadıqda onlara yaşadıqları ünvanda əlil arabası təqdim olunur.

Qeyd edək ki, bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 750 nəfərədək əlilliyi olan şəxsə əlil arabası verilib”.

 

““Əlil arabasına ehtiyac duyduğu halda” ifadəsi dəqiqləşdirilməlidir”

Sevda Səfərəliyeva isə nazirliyin məlumatı ilə bağlı deyir ki, “Əlil arabasına ehtiyac duyduğu halda” ifadəsi dəqiqləşdirilməlidir. “Yəni istənilən şəxs qəza və ya hər hansı müvəqqəti nasazlıq üzündən əlil arabasına ehtiyac duya bilər. Lakin qanunvericiliklə əlil arabasına ehtiyac duyan hər şəxsə əlil arabası verilmir. Əlil arabası YALNIZ əlillik təyin olunduqdan sonra TSEK-in tibbi göstərişi əsasında verilir. Yəni əvvəl “88 nömrəli forma” əsasında əlilliyin qrupu (dərəcəsi) təyin edilir və əlil arabasına ehtiyacı olması müəyyən edilir. (5. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara texniki və digər reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər; 5.2.1.3. hemiplegiya, nəzərəçarpan hemiparez, aşağı paraplegiya, nəzərəçarpan aşağı paraparez, triplegiya, nəzərəçarpan triparez, nəzərəçarpan tetraparez (G81-G81.9, G82-G82.9,G83-G83.2)

“Poliklinikadan tibbi göstəriş almaq üçün yenidən “88 nömrəli forma” tələb edilir”

 

Səbail rayonu 33 saylı poliklinika
Səbail rayonu 33 saylı poliklinika

Sevda Səfərəliyeva bildirir ki, əvvəl, yəni 3 il bundan əvvəl belə idi: əlil arabası üçün göstərişi olan hərəkət məhdudiyətli şəxs (əsasən I qrup hərəkət məhdudiyyəti olan şəxslər) yaşadığı yer üzrə poliklinikaya müraciət edirdilər və ordan əlil arabası üçün TSEK-ə göndəriş alıb TSEK-ə təqdim edirdilər. “Onlar da Protez Ortopedik Mərkəzinə əlil arabası üçün arayış verirdilər. Yəni poliklinika əlilliyi olan şəxsin əlillik haqqında sənədinə və tibbi sənədlərinə əsasən arayışı rahatlıqla verirdi. Bu zaman yenidən əlillik prosedurundan keçmək, “88 nömrəli forma” almaq məcburiyyəti yox idi.

İndi isə hətta təkrar əlil arabası verilməsi üçün poliklinikadan tibbi göstəriş almaq üçün yenidən “88 nömrəli forma” tələb edilir. Yəni nazirliyin “belə ki, bununla bağlı onun (əlilliyi olan şəxsin) müraciəti yaşadığı ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasında dərhal qeydə alınır və əlil arabasına ehtiyacı olması barədə tibbi göstəriş ƏƏSMN-nin elektron sisteminə daxil edilir” iddiası tamamilə yanlışdır. Prosedur poliklinikadan “88 nömrəli forma” almağı tələb edir. “88 nömrəli forma” isə indi elektron qaydada doldurulur və təsdiqlənməsi üçün gözləmək lazım gəlir”.

“Poliklinikaların əksəriyyətində isə əlil arabası ilə hərəkət etmək üçün heç bir şərait yoxdur”

Sevda Səfərəliyeva
Sevda Safar Ali

Bir daha qeyd edirəm “88 nömrəli forma” yalnız əlilliyin müəyyən edilməsi üçün tələb edilən sənəddir. I qrup əlilliyi olan şəxslər bu formanı ancaq əlillik birinci dəfə təyin ediləndə alır. I qrup ömürlük (müddətsiz) təyin edildiyinə görə, onun təkrar verilməsi tələb edilə bilməz. “88 nömrəli forma” yalnız II və III qruplar üçün müəyyən edilmiş müddətdən sonra təkrar TSEK-dən keçmək üçün tələb edilir.

Ən əsas məqam. “88 nömrəli forma” tələb edilərkən əlilliyi olan şəxs bütün həkimlərin (qan analizlər, USM, EKQ və s.) müayinələrindən keçməlidir. Poliklinikaların əksəriyyətində isə əlil arabası ilə hərəkət etmək üçün heç bir şərait yoxdur. Bu zaman həmin şəxs nə etməlidir?”

Əsanamənin tələbi

24saat.org xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə  “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də müvafiq dəyişikliklər aparılıb və Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib. 

Əsasnaməyə görə, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılır.  Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi TSERAS tərəfindən müddətsiz müəyyən edilir.

Birinci dərəcə əlillik təyin olunmuş şəxs ömürlük qeydiyyata alınır  

Həmin vaxt bununla bağlı mətbuat konfransı keçirən sabiq nazir Səlim Müslümov bildirmişdi ki, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə müraciət edərək bildirir ki, əlilliyi olan şəxslərin əlillik müddətlərinin başa çatması səbəbindən səhiyyə müəsissələrinə (müvafiq göndəriş (88 nömrəli forma) almaq məqsədilə), eləcə də zona Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) müraciət etmələrinə ehtiyac yoxdur”.

O vurğulamışdı ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş TSERAS vasitəsilə birinci dərəcə əlillik təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər avtomatik olaraq ömürlük birinci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınacaqlar.

Həmçinin ikinci və üçüncü dərəcə əlillik təyin edilmiş şəxslərin əvvəlki qayda ilə ildə bir dəfə təkrar əlillik müayinəsindən keçirilməsinə son qoyulur və onların təkrar əlillik müayinəsi əlillik təyin olunduğu vaxtdan beş il sonra aparılacaq:
“Ona görə də bir daha bəyan edirik ki, hazırda həmin vətəndaşların təkrar müayinə üçün səhiyyə müəsissələrinin müvafiq göndəriş formaları (88 nömrəli forma) ilə zona Tibbi-Sosial Ekspert Komissiyalarına müraciət etmələrinə ehtiyac yoxdur. Avtomatlaşdırılmış sistem vasitəsilə onların əlillik təyinatının 5 ilədək uzadılması elektron qaydada təmin olunacaq və bu barədə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə (müavinət alma müddətinin uzadılması üçün) və Dövlət Sosial Müdafiə Fonduna (pensiya alma müddətinin uzadılması üçün) məlumat veriləcəkdir”.

Nazir bəyan edib ki, bu islahat tədbiri əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına, şəffaf tibbi-sosial ekspertiza mühitinin formalaşmasına, əlilliyi olan şəxslərin hər il təkrar əlillik üçün müraciət etmələri səbəbindən onlarda yaranan narazılığın aradan qaldırılmasına yönəlib.

 

ƏTİ sədri Davud Rəhimli: ““88 nömrəli forma”nın tələb edilməsi düzgün deyil”

Davud Rəhimli

Ancaq görünən odur ki, narazılıq aradan qalxmayıb və yenə də I qrup əlillərdən “88 nömrəli forma” tələb edilir ki, bu da qeyd etdiyimiz Əsasnamənin tələblərinə ziddir.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli 24saat.org saytının sorğusuna əsasən təkrar əlillik arabası alma prosedurlarını sadalayıb. O, bu prosedurda I qrup əlildən tələb olunan sənədlər arasında “88 nömrəli forma” olub-olmadığı barədə sualımızdan yayınmağa cəhd etsə də, sonda bildirib ki, I qrup əlil hər hansı bir poliklinikada qeydiyyatdadırsa, deməli onun qeydiyyata alınma sənədlərinin içərisində “88 nömrəli forma”  da mövcuddur. “Belə olan halda, ondan ikinci dəfə bu sənədin tələb edilməsi düzgün deyil”.

ƏƏSMN məsələni araşdıracaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən də 24saat.org-a bildirilib ki, I qrup əlildən “88 nömrəli forma” tələb edilə bilməz. Şöbənin əməkdaşı İlham Süleymanov deyir ki, ona yalnız əlil arabasınnı verilməsi üçün TSEK-in qəararı lazımdır. Nazirlik yetkilisi sorğumuza əsasən məsələnin tam araşdırılaraq, geniş açıqlama veriləcəyini də bildirdi.

Günel Məmmədova

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button