Loading...
Loading...
SEÇMƏ

Tənha ana: “Övladım xilas olmaq üçün əməliyyat olunmalıdır, amma…”

Beta-talassemiya xəstəliyindən əziyyət çəkən qardaşların ümidi xeyirxah insanlara qalıb

Murad və Elnur Nəbiyevlər ailəsinin iki oğul övladıdır. Qəbələ rayonunun Vəndam qəsəbəsində məskunlaşan bu iki qardaş tək ana ümüdinə yaşayır, illərdir həyatda var olma mücadiləsi verir. İki yaşlarından etibarən onlarda aşkarlanan Beta- talassemiya xəstəliyi getdikcə səhhətlərinin sağlamlıq durumunu zəiflədib, orqanizmlərində digər ağır xəstəliklərin də yaranmasına səbəb olub.

Muradın 19, Elnurun 13 yaşı var. Ancaq xəstəliyin yaratdığı zəiflik qardaşlar arasında çəki və boy fərqini hiss etdirmir. Anaları 41 yaşlı Sadəgül Nəbiyeva deyir ki, həyat yoldaşı Seymur Nəbiyev 2013-cü ildə avtomobil qəzasında həlak olub. O vaxtdan iki övladın bütün yükü, məsuliyyəti, xəstəlikləri ilə mücadilə onun öhdəliyindədir. Xəstəlikdən əziyyət çəkən iki uşağa baxdığından işləyə də bilmir. Ailənin yeganə gəliri iki uşağın xəstəliyinə və Elnurun atasızlığına dair dövlətdən aldığı məvacibdir.

20 gündən bir qan köçürülməsə, 3 aydan bir həkimin yazdığı dərmanlar alınmasa, uşaqlar həyatını itirə bilər.

Xəstə uşaqlarımı tək qoyub heç yerə gedə bilmirəm deyə işləmək imkanım yoxdur. Ayda 20 gündən bir onların hər ikisinə qan köçürürük. Hazırda uşaqlar dərmanla yaşayır. İynə, dərmandan asılıdır onların həyatı. Olmasa yaşaya bilməzlər”.

Ana deyir ki, Bakı şəhəri Talassemiya Mərkəzində qeydiyyatdadırlar. Xəstəxananın verdiyi pulsuz dərmanlar da olur, əsasən qanı və dəmirovucu dərmanları pulsuz alır. Qalan digər dərmanlar var ki, həkim yazır, onları özü almaq məcburiyyətində qalır:

“İnanın, bu illər ərzində həkimin yazdığı reseptə uyğun dərmanların hamısını alıb, onlara düzgün müalicə etdirə bilməmişəm. Çünki həkim 3 aydan bir resept yazır, bu da 300-400 manatlıq pul tutur. Getdikcə də dərmanlar bahalaşır. İmkansızlıq üzündən vaxtlı-vaxtında dərmanı belə ala bilməmişəm”.

Qardaşlar heç uşaqlıq, normal məktəbli həyatı belə yaşamayıb. Hazırda hər ikisi şəkərli diabet xəstəliyindən də əziyyət çəkir. Elnur həm də Hepatit C virus daşıyıcısıdır. Xəstəliklər qardaşların bütün arzularını yarımçıq qoyub. Hətta Murad bir müddət hazırlıq keçib ali təhsil almaq istəsə də, arzusu səhhətindən dolayı gerçəkləşməyib. Elnur isə istedadlıdır, rəsm çəkmək qabiliyyəti var. Sağlamlığı imkan versə, istedadının arxasınca gedəcək.

“Vaxtlı-vaxtında məktəbə gedə bilmədilər. Düzdür, 11-ci sinfə qədər adı məktəbdə qeyd olundu Muradın, ancaq davamlı gedə bilmədi heç. Çox vaxt kənarda qaldı. İmtahanın birini verdi, digərini verə bilmədi. Çalışdı, əziyyət çəkdi, ancaq adi uşaqlar kimi məktəb davamiyyətinə riayət edə bilmədi. Elnur da gedə bilmir”, – ana deyir.

Onun sözlərinə görə, uşaqları inkişafdan çox geri qalıblar. Murad məktəbi bitirsə də, boyu balacadır:

“Muradın fiziki inkişafı çox geridədir. Xəstəliyi üzündən boyu 1.45, çəkisi isə çox azdır. Fiziki hərəkət edə, yol gedə, iş görə bilmirlər. Tez haldan düşür və yorulurlar. Qan olmasa onlar yaşaya bilməz. Qandan, dərmandan asılıdır həyatları. Bundan qurtulmaq üçün tək çarə əməliyyatdır ki, o da baş tutsa…”.

Sadəgül Nəbiyeva 2018-ci ildə Türkiyənin Ankara şəhərində övladlarına donor olmaq üçün yoxlanışdan keçib və bunun mümkünsüz olduğunu öyrənib. Bu ilin yanvarında qardaşlara donor tapılması üçün Dünya Donor Bankına müraciət edilib. Elə həmin ayın sonunda Elnur Nəbiyevə Almaniyadan donor tapılması xəbəri ailəni sevindirsə də, əməliyyat üçün tələb olunan məbləğin çoxluğu onları çıxılmaz duruma salıb. Əməliyyat üçün 90 min dollar lazımdır. Məbləğ toplandığı təqdirdə əməliyat Türkiyənin “Medical Park Antalya” Xəstəxanasında baş tutacaq. İyun ayı isə donor üçün son aydır, əks halda donor əldən çıxacaq. İndiyə qədər həmin məbləğin ancaq 2 min dolları yığılıb. Ana bunun üçün Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban Əliyevaya rəsmi müraciət ünvanlasa da, hələ cavab məktubu gəlməyib. Ana son ümüdünü itirmir, xeyirxah insanların mərhəməyinə güvəndiyini deyir.

Gözdən qaçırmayın:  Ənvər Sadat: sülhün qurbanı

“Çox çarəsizəm. 10 ildir ki, tək iki uşağa baxıram. İndiyə qədər özüm idarə etmişəm, amma bu, çox böyük məbləğdir. Kimin əlindən nə kömək gəlirsə, yardım etsin. 90 min dollar böyük məbləğdir. Demirik hamısı. İstəyim odur ki, Elnur əməliyyata girə bilsin”.

“İki övladın eyni xəstəlikdən əziyyət çəkməsi dəhşətdir. İkisinə də donor axtarışı vermişik. Digərinə tapılmayıb. Övladlarımın atası yoxdur. İki yetim balaya həyat vermiş olarsız. Xeyirxah insanlar, yaxşılıq, insanlıq naminə bunu etsələr sevinərik. 5 aydır ki, çalışırıq, ancaq pulun 2 min dollarını toplaya bilmişik, 88 min dollar durur”, – ana deyr.

Onun sözlərinə görə, əslində donor 3 ay gözləyir, onların sahişi ilə bu aya qədər gözləyib:

“Aidiyyəti qurumlardan, Heydər Əliyev Fondundan, ölkə başçısından, mərhəmətli insanlardan xahiş edirəm, kömək edin, övladımın əməliyyat xərci düzəlsin”.

Uşaqların əmisi Nicat Əlsahib oğlu Nəbiyev 1994-cü ildə Kəlbəcərin Murov dağında həyatını itirib. İndi onun anası Ziyafər Nəbiyeva da nəvələri üçün göz yaşı tökür. Deyir ki, bir tərəfdən vaxtsız iki övlad itkisi, digər tərəfdən iki nəvənin həyat mücadiləsi onu çox incidir. Bir şəhid anası, vətəndaş olaraq dövlətdən, xalqdan kömək gözləyir. Hətta Heydər Əliyev Fonduna öz adından məktub da ünvanlayıb:

“Mən şəhid anasıyam, 21 yaşlı oğlumu Birinci Qarabağ müharibəsində itirdim. Digər oğlum da bədbəxt hadisə nəticəsində həlak oldu. Onun ailəsi, müalicəyə ehtiyacı olan uşaqları qaldı ana ümidinə. İmkanımız yoxdur ki, biz bu ağır əməliyyatı qısa müddətə həyata keçirək. Mən Elnur nəvəm üçün millətimizdən dəstək istəyirəm. Neçə ildir bu uşaq xəstəlikdən əziyyət çəkir, getdikcə zəifləyir, əldən düşür”.

“Hər gün nəvələrimi bu vəziyyətdə görmək məni nənə, ana olaraq xəcalət içində qoyur. Xahiş edirəm gözəl xalqımızdan, Vətənimizin dəyərli, vicdanlı , yardımsevər şəxslərindən, məktub yazıb göndərdiyimiz qurumlardan, bizə yardım etsinlər, müraciətimizə müsbət cavab versinlər. O uşaq əməliyyatı keçsin, sağlamlığına qovuşsun. Qoymayın bir gənc övlad xəstəliyə məğlub olsun”, – nənə göz yaşı içərisində deyir.

“Hər gün nəvələrimi bu vəziyyətdə görmək məni nənə, ana olaraq xəcalət içində qoyur. Xahiş edirəm gözəl xalqımızdan, Vətənimizin dəyərli, vicdanlı , yardımsevər şəxslərindən, məktub yazıb göndərdiyimiz qurumlardan, bizə yardım etsinlər, müraciətimizə müsbət cavab versinlər. O uşaq əməliyyatı keçsin, sağlamlığına qovuşsun. Qoymayın bir gənc övlad xəstəliyə məğlub olsun”, – nənə göz yaşı içərisində deyir.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button