Loading...
Loading...
24 saatCəmiyyət

Təqsirləndirilən şəxs: Mənə Səbail rayon icra Hakimiyyətinin başçısının müavini Yavər müəllim zəng etdi ki…

”Bizdə xəritə yox idi ki, həmin ərazilərin Dövlət Torpaq Fonduna aid olduğunu da bilək”

İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Bibiheybət qəsəbəsində yerləşən “Dostluq” parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib.

Meydan TV əməkdaşının məlumatına görə, iclasa hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslər ifadə verərək istintaqa verdikləri ifadələri təsdiq ediblər. Etibar Məmmədov ifadəsində bildirib ki, onu niyə həbs etmələrinin səbəbini bilmir. Hakim Əfqan Hacıyev isə ona deyib ki, istintaq zamanı ifadə verib və niyə həbs olunduğunu bilir. Famil Quliyev isə bildirib ki, Mənzil Kommunal İstismar Sahəsinin rəisi işləyib. O, da hansı səbəbdən həbs olunduğunu bilmədiyini deyib: “Saxta möhürün, ştampın olmasından, heç nədən xəbərim yoxdur. Mənə Səbail rayon icra Hakimiyyətinin başçısının müavini Yavər müəllim zəng etdi ki, yaxın adamlarından bir neçə nəfərin şəxsiyyət vəsiqəsinin sürətini bizə çatdır. Mən də işimi itirməmək üçün onun dediklərini etdim. Mən torpaqların ayrılması ilə məşğul olmamışam. Bizdə xəritə yox idi ki, həmin ərazilərin Dövlət Torpaq Fonduna aid olduğunu da bilək. Bu işdə heç kimlə əlbir olmamışam. Günahım şəxsiyyət vəsiqələrinin sürətini onlara vermək olub”.

Tərlan Hüseynov isə istintaqa verdiyi ifadələri təsdiq edib.

Proses iyunun 24-də davam etdiriləcək.

“Dostluq” parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları Tərlan Hüseynovu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO
Back to top button