Xəbərlər

'Tərtər işi' üzrə 11 nəfər barəsində qərar ləğv olunub

“Tərtər işi” üzrə mühakimə edilən bəzi hərbçilər barəsində Tərtər Hərbi Məhkəməsinin qərarı ləğv edilərək iş Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə qərar noyabrın 2-də Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qərar “Tərtər işi” üzrə təqsirləndirilən 11 nəfər barəsində çıxarılıb. Onlar kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev Atabəy Rəhimovdur.

Ali Məhkəmənin Plenumu bundan əvvəl oktyabrın 1-də Baş Prokurorluğun vəsatəti ilə “Tərtər işi” ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib. İş baxılması üçün apellyasiya instansiyasına göndərilmişdi. Qalan 7 şəxsin də işinə apellyasiya qaydasında baxılacağı gözlənir.

Baş Prokurorluq sentyabrın 5-də bildirmişdi ki, “Tərtər işi” yenilənəndən işgəncəyə və digər qanunsuzluqlarla bağlı 288 şəxs zərərçəkmiş qismində tanınıb: “…Ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib”.

Baş Prokurorluğun məlumatına görə, icraatın təzələnməsindən bəri habelə 17 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 12 nəfər həbs edilib, 1-i axtarışa verilib, 4-ü isə ondan əvvəl həbsdə olub.

Həmçinin əvvəllər mühakimə olunan 26 şəxs barəsində əlavə araşdırma aparılıb. Onlardan 19-u bəraət alıb. Digər 7 şəxsə isə qismən bəraət verilib.

Eyni zamanda, bildirilirdi ki, dövlətə xəyanət və digər maddələrlə həbs olunan 19 şəxs barəsində yeni açılmış hallarla əlaqədar Ali Məhkəmənin Plenumuna müraciət edilib. Nəhayət, oktyabrın 1-də Ali Məhkəmənin Plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb. Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla onlarla bağlı cinayət işlərinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.

2021-ci ilin dekabrında Baş Prokurorluq “Tərtər işi” üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Söhbət 2017-ci ilin mayında Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs olunduğu işdən gedir.

Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zamanı işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı. Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

İşgəncə nəticəsində öldükləri deyilən şəxslərdən bəzilərinə sonradan bəraət verilib. Hüquq müdafiəçiləri ölənlərin sayının 10-dan çox olduğunu bildirirlər, amma bu rəqəm rəsmən təsdiqlənməyib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button