Xəbərlər

Tərtərdə bir nəfərin minaya düşdüyü bildirilir

Oktyabrın 23-də Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partladığı deyilir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən verilən məlumata görə, mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Samir Əlizadə xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.

Hələlik, baş verənlərlə bağlı S.Əlizadə və onun yaxınları ilə danışmaq mümkün olmayıb.

ANAMA vətəndaşlara məsuliyyətli davranmağı, bələd olmadıqları ərazilərə daxil olmamağı, tələb olunan qaydalara riayət etməyi tövsiyə edib.

Oktyabrın 21-də isə işğaldan azad edilən Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə iki nəfərin piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət aldığı bildirilmişdi.

ANAMA-nın Mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində Elsəvər HəmidovSəbuhi Həsənov xəsarət almışdı. Sonradan onlardan birinin vəfat etdiyi açıqlandı. Verilən məlumata görə, Suarası kəndində təmir-tikinti işləri aparan zaman minaya düşən Elsevər Həmidov müalicə aldığı xəstəxanada vəfat edib.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 250-dən çox şəxs minaya düşüb. Onların təqribən 40-nın həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Lakin sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Sonradan da Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi. Buna cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, onlar xəritələrin yaxşısını siyirmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu daxil) nəzarəti bərpa edib. Onda Tərtər rayonunda da döyüşlər gedib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button