2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tədris ilinin artırılması təklif edilir

”İkinci, üçüncü dərəcəli materiallar təhsil proqramından çıxarılsın, dərs yükü azalsın”

Saytların yığılması Saytlarin yigilmasi

Təhsil Nazirliyi tədris ilinin yenidən artırılmasını təklif edir. 

Bu haqda nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. 

O qeyd edib ki, son günlərdə mediada və sosial şəbəkələrdə Azərbaycanda tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi geniş müzakirə olunur. Halbuki, nazirlik dərs ilinin bir qədər də uzadılması haqda düşünür. 

“Daha 2 həftə çox öyrənmək istəyirik”

C.Vəliyev xatırladıb ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib: 

“Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq. Göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik”.

“Məsələ ondadır ki, mayın 15-dən sonra şagirdlərin dərsə davamiyyəti azalır”

Təhsil üzrə ekspert Nadir İsrafilov bu məsələnin 1999-2000-ci illərdə havaların müəyyən qədər isti keçməsindən sonra gündəmə gəldiyini bildirib. Deyib ki, o zaman bu barədə qərar qəbul olunanda birmənalı qarşılanmadı, sərt münasibət sərgiləndi:

“Sovetdən qalmasına baxmayaraq, 1 sentyabrdan tədris ilinin başlanması təhsildə ənənəyə çevrilmişdi. Ancaq Təhsil Nazirliyi dünya təcrübəsində tədris həftəsinin 38-40 saat, Azərbaycanda isə 32 saat olduğunu göstərmişdi. Vaxtilə Azərbaycanda tədris həftəsi 34 saat olub. Sonra 6 günlükdən 5 günlüyə keçirildi. Ardınca bayramların sayı artırıldı və nəticədə tədris həftəsi 32 saat oldu. Proqram materialları da ağırlaşdı. Bu məsələ yenidən gündəmə gələndə Nazirlər Kabinetinə petisiya hazırlandı. Ölkə başçısına müraciət edənlər də oldu. Deputat Fazil Mustafa dərslərin sentyabrın 1-də başlanmasını təklif etdi. Ardınca Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev də danışdı. Məsələ ondadır ki, mayın 15-dən sonra şagirdlərin dərsə davamiyyəti azalır. Uzadılanda da tələbə qəbulu xatırlanır”.

“Hökumətin məqsədi yalnız şagirdlərə bilik və bacarıq vermək olmamalıdır”

Nadir İsrafilov deyir ki, hökumətin məqsədi yalnız şagirdlərə bilik və bacarıq vermək olmamalıdır: 

Nadir İsrafilov
Nadir İsrafilov.

“Oların sağlamlığını da nəzərə almalıdır. Digər tərəfdən son illər idman oyunlarının sayı da artıb. Vəziyyət o həddə çatıb ki, Dövlət İmtahan Mərkəzi tədris ili başa çatmamış 9-cu sinifin buraxılış imtahanını keçirdir”.

“Təklif keçsə, əhalinin 1 sentyabr arzusu həll olunur, amma…”

Nadir İsrafilov Təhsil Nazirliyinin mövqeyini bəyənsə də, müzakirəyə ehtiyacın olduğunu deyir:

“Hələ bu məsələ təklif səviyyəsindədir. İctimai rəyə qarşıdır. Bu mənada ictimai rəyə nazirliyin reaksiyası təqdirəlayiqdir. Təklif keçsə, əhalinin 1 sentyabr arzusu həll olunur, amma nəticədə tədris həftəsi uzadılır və bu, məsələni mürəkkəbləşdirir. Bəli, dünya təcrübəsində 38 saat tədris həftəsi var. Bizdə isə 35 saatdır. Yenidən iki həftə artanda 37 saat edəcək və müəyyən qədər dünya standartlarına yaxınlaşacaq. Ancaq dünya təcrübəsində daha qabaqcıl formullar var və irəli sürülən təklif gərəkli effekt verməyəcək, əksinə, gərginliyi də, narazılığı da artıracaq”.

“Dərsliklərdə lazımsız materiallar var” 

Çıxış yoluna gəldikdə, Nadir İsrafilov deyib ki, tədris və təhsil proqramları həddən artıq yüklüdür. Bunun müqabilində şagirdlərin yaş və fiziki səviyyəsi nəzərə alınmır: 

“Siz aşağı, yaxud 6-cı siniflərin çantalarının ağırlığına baxın, belə olmaz. Dərsliklərdə ikinci, üçüncü dərəcəli lazımsız materiallar var. Bunlar yalnız imtahanda gərək olur. Müstəqil həyatda isə belə materiallara ehtiyac yoxdur. Ona görə ikinci, üçüncü dərəcəli materiallar proqramlardan çıxarılsın və şagirdlərin dərs yükü azalsın. Əgər nazirlik iki həftəni uzatmaqda israrlıdırsa, o zaman dünya təcrübəsində olan təkpilləli vahid imtahan sisteminə keçsinlər. Buraxılış və qəbul imtahanları birləşdirilsin. Şagird bir imtahan verib atestatını alır və topladığı bala görə ali məktəbin hansı ixtisas üzrə keçid məsələsi həll olunur. Yox, bunlar alınmırsa, 2020-ci ili gözləyək. Həmin ildən yeni təhsil strategiyasına keçid əsasında 12 illik təhsil olur. Bununla da o boşluğu aradan qaldırmaq olar”.

“Proqramın nə dərəcədə adekvat olması araşdırılmalıdır” 

Ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub isə hesab edir ki, məsələ müzakirə olunarkən tədrisin hər bir fənni üzrə proqramına baxılmalıdır. Proqramın nə dərəcədə adekvat olması hərtərəfli araşdırmalıdır: 

Vurğun Əyyub
Vurğun Əyyub.

“Əks təqdirdə, təklifi nə birmənalı rədd etmək, yaxud qəbul etmək doğru olmazdı. Əgər proqramda yüklə təqvim bir-birini tamamlamırsa, o zaman tədris ilini ya uzatmaq, yaxud 12 illik tədris sisteminə keçilməlidir”.

“Təklif araşdırılmalıdır”

V.Əyyub məsələyə peşəkar yanaşmağın tərəfdarı olduğunu bildirib:  

“Təklif araşdırılmalıdır və peşəkarlar münasibətlərini açıqlamalıdır. Yoxsa dərslər sentyabrın 1-də başlamasa, təhsildə inkişaf olmayacaq deyə yanaşmalarla nəticə əldə etmək mümkün deyil”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button