2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Təkrarolunmaz Rio-dan 3 foto – MARAQLI

Dünya mediası Rio-de-Janeyrodan olimpiada reportajları verir. Dedim, bir neçə xəbər də da mən hazırlayım.

Favela – Braziliya gecəqondusu
Rio-de-Janeyroya cümə gecəsi çatdım. Məni “Avenida Atlantica” hotelinə yerləşdirdilər. İki gündü haldan düşənədək gəzirəm. O qədər nəhəng şəhərdi ki, özünü səhrada qum dənəsi sanırsan. Bunu gücsüz insanlar anlamında demirəm. Küçələrdə rastlaşdığın adamlara zəif, gücsüz, ümidsiz demək olmur. Burda hamının üzündə qəribə bir arxayınlıq var, gözləri həyat eşqiylə doludu. Mən bu gözlərdə kədər görmədim. Amma kədərsiz adam olurmu?! Görünür, buranın adamları kədərlərini qəlbin arxa otaqlarında gizlətməyi bacarırlar.
Şəhərin kasıb məhəllələrində yaşayanların da üzü gülür. Xoşbəxtlik varlı olmaqda deyil, bir kəlmə xoş sözün, bir loxma çörəyin, bir udum azad nəfəs almağın bəxtiyarlığını yaşamaqdadı.
Favela deyilən gecəqonduları gəzmək maraqlı olsa da, çox təhlükəlidi. Buralar cəhənnəmin dibidi. Favelaların öz qanunları var. Bura dövlət qanunları ilə yox, kriminal avtoritetlərin əmrləriylə idarə olunur. İç-içə, üst-üstə tikilən daxmalar ələ keçən hər cür materialdan tikilib. Cinayətkarlıq, narkomaniya, antisanitariya, fahişəlik buranın adi halıdı. Deyirlər, buralar polis üçün alınmaz qaladı, dəfələrlə açıq davadan məğlub dönüblər. Amma Sənə deyim ki, burda rəsmə gələsi onlarla insan sifəti gördüm. Favelalar insan üzlərindən ibarət çələngə bənzəyir. Silsilə insan portreti yaratmaq olar. Qapısı ağzında çöməltmə oturub siqar çəkən qarının qırış üzü, pəncərəyə yayxanan yeniyetmə mulat fahişənin bərk və hamar ombasının rəngi, boynumdakı fotoaparata müştəri gözüylə baxan on iki-on üç yaşlı oğlanın bic nəzərləri, körpəsini əmizdirən zənci qadının döşündən axan südün uşağın qara üzündəki bəyaz izi… neçə-neçə belə mənzərə.
 
İsa Məsihin ildırım döyəcləyən heykəli
Böyük təzaddı – bir tərəfdə dünyanın ən gözəl şəhərlərindən biri, o biri yanda Allahın da üz döndərdiyi səfalət favelaları. Qaldığım hoteldən cəmi beş yüz metr aralıdakı faveladan balaca uşaqların alıcı quş kimi qəfil hücumları qarşısında heç kim duruş gətirə bilməz. Biri çantasını, o biri üstündəki qiymətli əşyasını itirəcək – bir göz qırpımında qapıb qaçacaqlar. Bu favelaların fonunda İsa Məsihin möhtəşəm, dünyanın ən hündür heykəli belə aciz görünür. Qolları yana açılı İsa Məsih buradakı səfil insanları şəhərin varlı, bəxtəvər sakinləriylə birgəmi qoynuna almaq istəyir? Yoxsa gördüklərinə təəccüb edir? İnsanlara sevgi payını bərabərmi bölüb? Bilmirəm! Hər halda çox sarkastik mənzərədi.
Günəş də belədi – işığını, istisini hamıya eyni dərəcədə vermir.
Danışırlar ki, ildə dörd-beş dəfə heykəli ildırım vurur. Çarmıxda əzab çəkən İsanın heykəli də əzab içindədi. Bu nədi? Allahın insanlara min illərdi göndərdiyi xəbərdalığın davamıdımı? Bunda mistik siqnallar axtaranlar da az deyil…
Kapakabana çimərliyi
Bu gün Kapakabana çimərliyinə getdik. Bazar günləri hotelimizlə çimərlik arasındakı yolu bağlayırlar. Bu günlərdə şəhər əhalisi də çimərliyə axışır. Dörd kilometr sahil boyu uzanan çimərlik pəncərəmdən daha izdihamlı görünür. İnsanlar qarışqa yuvasını xatırladır, adama elə gəlir ki, sahildə insan qum dənələrindən çoxdu. Yaman yanmışam, kürəyim qıpqırmızı qızarıb, göynəyir, çox güman, dərisi soyulacaq.
Rio de Janeyro karnavalı
Buranın məşhur karnavalı pasxadan qırx gün əvvəl başlayır. Şəhərin kasıb şimal rayonlarındakı samba rəqs məktəbləri hər il yeni tamaşalarla karnavalda iştirak edir. Böyük şənlik olur. “Karnaval” sözü “əlvida ət” demək olsa da, yaxşı qızardılmış əti hər restoran, kafedə verirlər. Dünyanın ən böyük stadionu Marakana da burdadı. Gələn bazar günü futbol olacaq. Gürcü dostum əl çəkmir, deyir bileti dəyiş, qal, futbola gedək. “Rio-de-Janeyroya gələsən, Marakanada futbola baxmayasan, günah olar!” Düz deyir, razıyam onunla. ”Çöl Qala”dan…
Vahid Qazi, publisist

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button