2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Tərtər işi”ndə məzarı açılan leytenantın atası: “Başında küt alətlə zərbə izləri aşkarlandı”

Yayımlandı: 3 Avqust 2022 13:28

“Fəqərələrində, qolunda sınıqlar, çatlar vardı”

2017-ci ilin mayında – Tərtər hadisələri zamanı həyatını itirən tağım komandiri, leytenant Təmkin Nizamioğlunun atası Nizami Quliyev oğlunun məzarının açıldığını və meyitin ekskumasiya olunduğunu bildirib. Onun sözlərinə görə, 5 il əvvəl oğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilsə də, ekskumasiya zamanı meyitin üzərində ağır xəsarətlər aşkarlanıb. Bunu ekskumasiya prosesində iştirak edən Baş Prokurorluğun İstintaq İdarəsində Tərtər işini araşdıran istintaq qrupu da videoçəkilişlə qeydə alıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Ekskumasiya prosesi təxminən üç saat yarım çəkdi. Övladım 5 il əvvəl necə idisə, qarşıma da o cür çıxdı. Tükünə, dərisinə qədər yerində idi. Təsəvvür edin, kəfən çürümüşdü, amma balamın bədəni yox. Bir az pas rəngində toz kimi nəsə vardı, onu da ekspertlər təmizləyib, müayinə elədilər. Fəqərələrində, qolunda sınıqlar, çatlar, baş nahiyəsində küt alətlə xətər yetirilməyə xarakterik zərbə izləri vardı. Prosesi başdan ayağa videoya çəkdilər, hamısı orada əksini tapıb”, – Nizami Quliyev Meydan TV-yə danışıb.

Ata deyir ki, ekskumasiya prosesində digər oğlu da iştirak edib. Öncədən istintaq qrupunun rəhbərindən bunun üçün icazə alıb:

“Səhhətimdə problemlər var, oğlum qorxdu ki, məzar açılanda övladımı o vəziyyətdə görərəm, vəziyyətim pisləşər. Ona görə əvvəldən icazə almışdıq. Həmin oğlum da hərbçi idi. İki övladımı dövlətin hərbi qüdrətinə həsr eləmişdim. Təəssüf edirəm. İkinci oğlum qardaşına qarşı haqsızlığa görə Ali Hərbi Məktəbdə üçüncü kursu bitirib, oranı tərk elədi. Hərbi liseyi Naxçıvanda oxumuşdu, Ali Hərbi Məktəbdə davam etdirirdi. Qardaşının üç mərasimindən sonra qayıdıb ərizəsini yazdı”.

1993-cü il təvəllüdlü Təmkinlə bağlı baş verənlər haqqında danışan Nizami Quliyev bildirib ki, oğlu il yarım zabit olub. 2015-ci ildə məzun olan Təmkin Nizamioğlu 6 ay praktikadan sonra işə başlayıb. Öncə Gəncədə xidmətdə olub, Tərtərə hadisədən təxminən 6 ay əvvəl gətirilib: “Sanki məqsədli şəkildə gətirmişdilər. Mayın 8-də tutublar, 13-də öldürülüb, 15-də də gətiriblər, tələsik məcburi dəfn ediblər. Mən həmin vaxt dağda idim. Mən dolanışıq üçün dağdan çaşır yığmaqla məşğul oluram. Kəndin icra nümayəndəsindən zəng gəldi. Eşidən kimi iki saata gəldim. Məni iki saat gözləmədən məcbur edib, aparıb uşağı dəfn eləmişdilər. Əvvəl tabutun üstünə kağız yapışdırmışdılar ki, guya ürək çatışmazlığından ölüb. Amma sonra onu aradan çıxardılar, diaqnoz oldu pnevmaniya…”

Nizami Quliyev hesab edir ki, hələ 2017-ci ilin mayından xeyli əvvəl artıq hədəfdə olan hərbçilərə qarşı işlər görülürdü. Onun sözlərinə görə, fevralda oğlu Təmkini şərləmişdilər:

“Guya oğlumun silah oğurluğunda əli olub. Komandiri, Hikmət Həsənovun adamı Daşqın Süleymanov və onun müavini Azər Cəfərovun əliylə düzüb-qoşmuşdular, MAXE-lərin əliylə də şərləmişdilər. On gün məzuniyyətdə olan MAXE (Müddətdən Artıq Xidmət Edən) Müşfiq Məmmədovun silahı olub. Silahı gizlədiblər. O silah da oğlumun oturduğu kabinetlə yanaşı anbarda olub. Oğlumu şərləmək üçün onu gizlədiblər. Öz nəzarətlərində olan Yaqubov Feyruz, Allahverdiyev Anar və bir əsgəri qoyublar üzünə. Anar da MAXE idi. Guya Anarın marketə 200 manat borcu olub, oğlum deyib ki, “mən ödəyərəm, sən silahı oğurlamalısan”. Belə murdarlıq ediblər”.

Ata deyir ki, oğlu ilə ölümündən 40 gün əvvəl görüşüb: “Onda danışdı bu murdarlıqdan. Guya mayın 8-də məhkəmə olub bu işlə bağlı. Yaxşı, 8-də məhkəmədə sağlam olan adama nə oldu ki, 9-da reanimasiyaya yerləşdirildi? Guya mayın 9-da Gəncədə hospitalın reanimasiya şöbəsinə yerləşdiriblər. Oğlumun dəfnindən 3 gün sonra məhkəmə çağırışı gəlib. Poçt möhürünün üstündə də ayın 18-i göstərilmişdi. Yaxşı, bu adamın haqqında cinayət işi başlanmışdısa, niyə onu orduda saxlamışdılar? Məhkəmə sənədini bir bərdəli vəkil imzalayıb. Onu da tapdım, üzümə çıxmadı ki, hüzürümüz var”.

Nizami Quliyev oğlunun ölümünə görə Hərbi prokuror Xanlar Vəliyev, o dövrdə korpus komandiri olmuş general-mayor Hikmət Həsənov, oğlu haqqında rəy vermiş ekspertlər, barəsində hökm çıxarmış hakim də daxil olmaqla, bu işdə əli olanların hamısının cəzalandırılmasını tələb edir: “Bunlar necə oğulları məhv ediblər. Oğlum aprel döyüşlərinə öz ərizəsilə qatılmışdı, bir gecədə 35 şəhidi düşmən tərəfdən çıxarıb gətirmişdi. Adamlarımızda qorxaqlıq da hədsizdir. Mənim öz qohumlarım belə, vəzifələrindən qorxub uşağımın yasına gəlmədilər. Bu gün də mən onları saymıram. Onlar xəbər göndərirlər ki, “uşağın işi ilə bağlı nə xəbər var?” Deyirəm, “xəbər var, amma sizin üçün deyil, siz stolunuzu qucaqlayıb oturun”.

Nizami Quliyev vurğulayıb ki, 2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq təzələnəndən sonra bu işi araşdıran Baş Prokurorluğun İstintaq İdarəsində qrupun rəhbəri Qasım Məmmədova müraciət edib. Onun sözlərinə görə, istintaq qrupunun rəhbəri daha yuxarı vəzifəli şəxslərdən icazə alandan sonra ona razılıq verilib və mayın 11-də ekskumasiya prosesi həyata keçirilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button