Tərtər rayonunda 11 kənd işıqsız qalıb
Son bir gündə Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun cəbhəboyu kəndlərini atəşə tutması nəticəsində 8 fərdi yaşayış evinə ciddi ziyan dəyib.
Bunu “Report”-a Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov deyib.
Aprelin 26-da isə icra hakimiyyətindən bildirmişdilər ki, son günlər rayonda 23 evə mərmi düşüb.
İcra başçısının deməsinə görə, aprelin 26-dan 27-nə keçən gecə rayonun Seyidinli, Qapanlı, Qazıyan, Seysulan, Çiləbürt, Yarımca, Göyarx kəndlərində bir neçə fərdi yaşayış evinə “Qrad” mərmisi düşüb: “Ermənilərin atdığı “Qrad” mərmilərindən biri İsmayılbəyli kəndində 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partlayıb. Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kənd elektrik enerjisiz qalıb”.
Başçı qeyd edib ki, hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır: “Artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında, digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq. Dəymiş ziyanla bağlı Tərtər rayon Fövqəladə Hallar Komissiyasında araşdırmalar aparılır”.