2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Təxirə salınmış seçim

Baku/15.10.21 Son növbədənkənar parlament seçkilərindən 1 ildən çox keçməsinə baxmayaraq, 5 deputat yeri boş qalır.

2020-ci il fevralın 9-da keçirilən seçkilərdən sonra 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib. Beşinci deputat mandatı isə deputat Fəttah Heydərovun vəfatından sonra boş qalıb.

Qanunvericiliyə görə, belə olan halda həmin dairələr üzrə təkrar seçkilər keçirilməlidir. 2015-ci ilin noyabrında da Milli Məclisə seçkilərdə 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələri ləğv edilmişdi. Lakin növbəti il iyunun 18-də dairə üzrə təkrar seçkilər keçirilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bəs bu dəfə belə uzun müddət keçməsinə baxmayaraq, seçkilər niyə keçirilmir?

Mərkəzi Seçki Komissiyasından Turan-a bildirilib ki, seçki qanunvericiliyində təkrar seçkilərin keçirilmə müddəti ilə bağlı konkret müddəa yoxdur. Təkrar seçkilərin vaxtı ölkə prezidentin sərəncamı ilə təyin edilir. Mövcud qanunvericiliyə əsasən parlament seçkilərinin təyin olunması səlahiyyəti prezidentə, keçirilməsi vəzifəsi isə Mərkəzi Seçki Komissiyasına məxsusdur. Sözügedən səlahiyyət və vəzifə müvafiq olaraq, Konstitusiyanın 109-cu və Seçki Məcəlləsinin 25-ci maddələri ilə müəyyənləşdirilib.

Qurumdan qeyd olunub ki, Milli Məclisə təkrar seçkilər Seçki Məcəlləsinin 172-ci maddəsi ilə müəyyənləşdirilib. Həmin maddəyə əsasən, Dairə Seçki Komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayarsa və ya Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq etməzsə Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə də bildirib ki, seçki nəticələri etibarsız sayılırsa, həmin dairələr üzrə təkrar seçki keçirilməlidir: «Bir də əlavə seçki deyilən bir prosedur var. Bu prosedur deputat cinayət törətdiyinə, ya da ki ölkə vətəndaşlığından çıxdığına görə mandatından məhrum ediləndə və ya özü mandatdan imtina edəndə həyata keçirilir. Vəfat edən deputat Fəttah Heydərovun yerinə əlavə seçkilər keçirilməlidir. Qanunvericiliyə görə, prezident 1 ay müddətində əlavə seçkiləri təyin etməlidir.

Milli Məclisə təkrar seçkilərə gəlincə, ekspert qeyd edib ki, Seçki Məcəlləsində həmin seçkilərin müddəti ilə bağlı konkret müddəa yoxdur: «Hökümət təkrar və əlavə seçkilərin keçirilməməsini koronavirusla və müharibəyə görə hərbi vəziyyətlə izah edə bilər. Amma qanunvericiliyə görə, hərbi vəziyyət ləğv olunandan 3 ay sonra seçki keçirilə bilər. Koronavirusa görə isə fövqəladə vəziyyət elan olunmayıbsa, o halda da seçkilərin keçirilməsi mümkündür.

2020-ci ilin parlament seçkilərində 33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə namizəd olan siyasətçi Ruslan İzzətli bildirib ki, ötən ildə keçirilən növbədənkənar parlament seçkiləri total saxtakarlıqla və seçici aktivliyinin aşağı olması ilə yadda qaldı: «Hökümət köhnə parlamenti buraxanda insanlarda bir ümid yaranmışdı ki, islahat olacaq. Nəticədə isə köhnə parlamentin deputatlarının 80-90 faizini yenidən təyin etdilər».

Siyasətçi qeyd edib ki, namizəd olduğu dairədə seçki saxtakarlığına etiraz etmişdi: «Buna görə məni seçki dairəsində saxlayaraq 34-cü polis bölməsində saatlarla saxlayıblar, sonra isə seçkilərin nəticələrilə bağlı təyin etdiyimiz etiraz mitinqindən öncə məni saxlayıb Yevlax şəhərinin ərazisində buraxmışdlar. Hökümət də bu etirazları görüb yenidən imitasiyaya əl atdı və 4 dairənin nəticələrini ləğv etdi».

Onun sözlərinə görə, nəticələri ləğv edilmiş və boş qalmış seçki dairələrində 300 min seçici var: «Hökümət bu 300 min seçicini deputatsız qoymaqla göstərir ki, parlament deyilən bir institut yoxdur. Əgər hökumət üçün parlamentar sistem önəmli olsaydı və qanunverici orqanı ciddi bir sistem olsaydı, bu dairələrin deputatsız qalmasına şərait yaratmazdı».

İzzətli təkrar seçkilərin keçiriləcəyinə inanmadığını deyir: «Çünki İlham Əliyev və onun höküməti maksimum çalışır ki, vətəndaş aktivliyi olmasın. Seçkilər isə istər-istəməz aktivlik yaradır».

Politoloq Azər Qasımlı isə bildirib ki, kuluarlarda referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi ilə bağlı söhbətlər gedir: «Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, dəqiq bilirəm ki, hökümət bu seçkilərə ehtiyac görmür. Nəyisə dəyişməyə ehtiyac görsəydi, bu seçkilər çoxdan keçirilmişdi. 44 günlük müharibədən sonra hakimiyyətin belə məsələlərə, ümumiyyətlə, marağı yoxdur».

Onun fikrincə, ola bilsin ki, boş qalan dairələrdən təyin ediləcək bir neçə namizəd var: «Yəqin ki, bu namizədlərlə bağlı hələlik qərar vermədilər».–0–

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button