2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Talassemiya Mərkəzindən şikayət var

Bu ildən Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanalarının sayı artacaq. Səhiyyə Nazirliyi hələ ötən ildən publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün 70-ə yaxın dövlət tibb müəssisəsinin nizamnaməsini razılaşdırmaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərib.

Publik hüquqi şəxs Azərbaycan səhiyyəsi üçün yenilikdir. Xəstəxanalara dövlət büdcəsindən ödənilən vəsait minimuma endiriləcək, onlar pullu xidmətə keçməklə özləri-özünü maliyyələşdirə biləcək. Nazirlik rəsmi şəkildə inkar etsə də, bu qurumun adının açıqlanmasını istəməyən əməkdaşı deyir ki, tibbi sığorta sistemi tətbiq edilmədiyindən publik statuslu şəxsə çevrilən xəstəxanalarda müayinə və əməliyyatlar pullu olacaq. “Hətta qərar verilmədən bəzi xəstəxanalar artıq dövlət hesabına maliyyələşdirilən ağır əməliyyatları müxtəlif bəhanələrlə saxlayıb” – mənbə deyir.

Talassemiya Mərkəzindən şikayət var

Saytların yığılması Saytlarin yigilmasi

Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Talassemiya Mərkəzi də ötən ilin son 3-4 ayında xəstələrə gözləməyi məsləhət görmüşdü.

Pulsuz əməliyyat gününü gözləyən bir qrup xəstə yaxını mətbuata müraciət edib. Adlarının açıqlanmasının xəstəyə zərər verəcəyini düşünən həmin şəxslər şikayət məktubunu leykoz uşaqların anaları adından yazıblar. Onlar yazırlar ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş mərkəzdə pulsuz əməliyyat olunacaqları günü gözləməkdən yorulublar:

“Bizə deyirlər ki, əməliyyat blokunda təmir gedir, gözləyin. Xəstələr mərkəzə gedib-gəlməkdən əldən düşüblər. Bu boyda mərkəzdə cəmi 2 fəhlə işləyir, elə bil əməliyyatı qəsdən yubadırlar”.

Məktubda daha sonra deyilir:

“Xəstə uşaqlardan biri, balaca Emil ölümcül haldadır və yeganə çarəsi sümük iliyinin köçürülməsidir, lakin baş həkimin onun valideynlərinə yazığı gəlmir. Uşaq yaxın vaxtlarda əməliyyat olunmasa, öləcək və bunun günahı Talassemiya Mərkəzinin yeni baş həkimindədir.

Talassemiya Mərkəzini Heydər Əliyev Fondunun dəstəyi ilə Mehriban xanım Əliyeva açıb və onun sahəsində 100-lərlə uşaqlar xilas olub. Ölkə başçısı İlham Əliyev də bu xəstəliklə mübarizəni gücləndirməyi tapşırmışdı.

Biz analar artıq qorxumuzdan bilmirik nə edək. Xaricə getmək üçün nə pulumuz, nə də imkanımız var. Talassemiya Mərkəzinin direktoru Azər Kərimov isə deyir ki, sümük iliyinin köçürülməsi əməliyyatı xaricdə 50-60 min dollardı.

Onsuz da həyatımızın heç bir mənası qalmayıb, hər gün yeganə ümidlə yaşayırıq ki, uşaqlarımız sağalacaq. Hər gecə qorxu ilə yatırıq ki, sabaha uşaqlarımız salamat oyansınlar.

Biz ona etiraz edəndə isə deyir ki, arxasında Leyla Əliyeva durur və heç kəsdən çəkinmir. Amma Leyla xanım öz dəfələrdə gəlib bizim xəstə uşaqlara baş çəkib. İndi bilmirik fəryadımızı Leyla Əliyevaya necə çatdıraq”.

Mərkəz ötən ilin dekabrında prezident İlham Əliyevin fərmanı ilə publik hüquqi şəxsə çevrilib. Səhiyyə Nazirliyindəki mənbə deyir ki, ağır əməliyyatların niyə bu qədər yubadıldığı elə bu fərmanla da məlum olub:

“Bundan sonra mərkəz Vergilər Nazirliyində qeydiyyatdan keçəcək, onun mülkiyyət forması dəyişəcək. Başqa sözlə, artıq müalicə və ya əməliyyatların qiymətindən şikayətlənməyə yer qalmayacaq”.

Meydan TV əməkdaşı Talassemiya Mərkəzində olub. Lakin təmir getdiyini və rəhbərliyin işdə olmadığını əsas gətirərək, onu içəri buraxmayıblar. Tibb müəssisəsinin telefonlarına isə cavab verən olmayıb.

Mərkəzi Neftçilər Xəstəxanası da publik hüquqi şəxsə çevrilir?

2014-cü ilin yanvarında istifadəyə verilən ölkənin ən iri tibb müəssisəsi – Bakı Sağlamlıq Mərkəzi də ötən ay publik hüquqi şəxsə çevrildi. Məlumatlara görə, dövlət büdcəsindən milyonlarla manata başa gələn müəssisə publik hüquqi şəxsə çevriləndən sonra türk iş adamlarına satılacaq. Mərkəzdə göstərəcək bütün müayinələr pullu sistemə keçəcək.

Digər məlumatlarda isə Mərkəzi Neftçilər Xəstəxanasının da özəlləşdirməyə açılacağı göstərilir. Ötən ilin sonundan xəstəxana ilə bağlı məlumatlar yayılıb, nazirlik tərəfindən ciddi yoxlamaların aparıldığı bildirilirdi.

Nazirlikdəki mənbə isə deyir ki, həmin xəstəxanaya nazir müavinlərindən birinin gözü düşüb.

Səhiyyə Nazirliyindən Mərkəzi Neftçilər Xəstəxanasında yoxlamaların aparılması və özəlləşdirmə xəbərlərinə cavab verilməyib. Amma publik hüquqi şəxs statusu alan tibb müəssisələrinin sayının artırılacağı təsdiqlənib. Plana görə, yaxın illərdə yalnız əhali üçün təhlükəli ola biləcək infeksion xəstəliklər, fövqəladə hallar zamanı yaralananlar istisna olmaqla digər xəstəliklərin müalicə və müayinəsi pullu olacaq.

Tibbi sığorta sisteminə keçid isə illərdir kağız üzərində qalır.

meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button