Now Reading:
Tale Bağırzadənin xanımına qarşı cinayət işinə xitam verildi

Tale Bağırzadənin xanımına qarşı cinayət işinə xitam verildi

«Müsəlman Birliyi» Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilib. Bu barədə L.İsmayılzadə özü bildirib.

«Sentyabrın 30-da müstəntiq mənimlə əlaqə saxlayıb, vəkilimlə birlikdə yenidən istintaq idarəsinə gəlməyimi istəmişdi. Bu gün (oktyabrın 2-də-red.) getdik. Bizə bildirildi ki, cinayət tərkibi olmadığına görə cinayət işinə xitam verilir. Telefonu da özümə qaytardılar», – L.İsmayılzadə bildirib.

O hesab edir ki, cinayət işinə xitam verilməsi onunla bağlı olaya ictimaiyyətin kəskin təpkisinin nəticəsidir: «Məni tək qoymayan hər kəsə təşəkkür edirəm».

Taleh Bağırovun xanımı istintaqda dindirilib

«Müsəlman Birliyi» Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadəyə sentyabrın 27-də ittiham elan olunub. Ona CM-in 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ِötürülməsi) maddələri ilə ittiham irəli sürülüb və Ədliyyə Nazirliyinin istintaq idarəsində təqsirləndirilən şəxs qismində dindirilib.

Bu barədə danışan L.İsmayılzadə deyib ki, o, ِözünü təqsirli bilməyib: «Əgər mən məqsədli şəkildə keçirsəydim, onu gizlədərdim, açıq şəkildə, yoxlanılan çantanın içinə – uşağın oyuncaqlarının arasına atmazdım. Özləri də mobil operatorlara sorğu göndərib görüblər ki, işlək deyildi».

L.İsmayılzadə barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. O bildirib ki, yaxın günlərdə özü və vəkilləri cinayət işinin materiallarıyla tanış olacaq, ardınca iş məhkəməyə göndəriləcək.

L.İsmayılzadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 317-1.1 maddəsində 1000 manatdan 2000 manata qədər cərimə və ya 2 ilədək islah işləri, yaxud da 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Penitensiar Xidmət martın 21-də L.İsmayılzadə haqda məlumat yayıb. Məlumatda bildirilib ki, L.İsmayılzadə üç azyaşlı ِövladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib: «Məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı ِövladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd «Samsung» markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilmişdir».

L.İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib: «Gündüzlər o telefonda Abbas Youtube-da cizgi filminə baxır, axşamlar da babası saytlara. Başımız qarışıq olub, heç bilməmişik nə vaxt atıb oyuncaqların arasına. Elə birbaşa çantanı götürüb aparmışıq. Həbsxanada bütün çantaları, əşyaları yoxlamaya təqdim etmişdik. Çantaları yoxlayıb gətirdilər, Abbasın oyuncaq çantasını da. Artıq görüşdə idik, Abbas oyuncaqlarıyla oynayırdı, gəlib Talehi çağırdılar ki, uşağın oyuncaq çantasının içindən telefon tapılıb. Gətirib telefonu göstərəndə özümdən ixtiyarsız qayıtdım ki, biz bu telefonu iki gündür axtarırdıq. Ağlımıza gəlməzdi ki, oyuncaqların arasına atar».

Azadlıq radiosu

Input your search keywords and press Enter.