2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Tale Bağırzadə Leyla Yunusa elə bir məktub yazdı ki…

“Bütün varlığımla inanıram ki, bu şər hakimiyyətin zindanından necə Siz xilas oldunuz, elə də Azərbaycan xalqı bu rejimin bəd əməllərindən və yaramazlığından xilas olacaq”

Hazırda həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə keçmiş vicdan məhbusu, hüquq müdafiəçisi Leyla Yunusa məktub yazıb. Redaksiyamıza daxil olan məktubda deyilir:

“Salam, əzizim Leyla xanım! Həbsdə olduğunuz zaman mənə yazdığınız məktuba cavab verə bilməmişdim. Əslində, bacarmamışdım, əlacsız qalmışdım, hislərimi qələmə almaqda çətinlik çəkmişdim. Səbəb sadə idi… Şərlənərək həbs olunan, işgəncələrə məruz qalan insanların hüquqlarını müdafiə edən, onların danışan dili, döyünən ürəyi olan zərif qəhrəman indi özü o duruma düşmüşdü. Döyülmüşdü, şərlənərək zindana məhkum edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Heç unutmadım, Siz mənə məktubunuzda yazmışdınız ki, “Tale, mən artıq rahat ölə bilərəm, çünki cəmiyyətimizdə insanların hüquqlarını qoruyan sizin kimi insanlar var”.

Bu ürək dağlayan sözlərinizdən sonra məktubunuza cavab yaza bilməzdim. Çünki nə yazacaqdımsa, hiss etdiklərimin yanında sönük qalacaqdı. Həmin günlərin acısını yaşamaq mənim üçün çox çətin idi. Yalnız bir şey haqqında düşünürdüm. Kaş mümkün olaydı, öz azadlığımı Sizin zindandan xilas olmağınız üçün qurban verəydim. Əgər belə bir şans yaransaydı, tək olan Allahım şahiddir ki, gözümü qırpmadan, düşünmədən öz azadlığımı verərək, Sizi zindandan xilas edərdim. Bu mümkün deyildi. Sizin üçün başqa nə edə bilərdim ki?..

Çox əlacsız qalmışdım. Dostum Fəraili gözümün önündə döyüb öldürdükləri o andakı kimi əlacsız… Amma hər şeyə rəğmən inanırdım ki, Allahım bir yol açacaq və mümkün olmayanları bir gün mümkün edəcək.

Hörmətli Leyla xanım! Azərbaycan hakimiyyəti 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsinə namərdcəsinə basqın hazırlayaraq, namaz üstə olan insanları güllə yağışına tutdu. Nəticədə 4 qardaşımız şəhid edildi. Eləcə də, bizləri ağır işgəncələrə məruz qoyaraq, qurama ittihamlarla həbs etdilər. Həmin gün üz-gözümün qan içində olması, burnumun sınmağı nəticəsində saatlarla axan qanın dayanmamasına baxmayaraq, istintaq başlamışdı. Müstəntiq mənə suallar verirdi. Növbəti sualsa məni çox təəccübləndirmişdi. “Leyla Yunusu niyə müdafiə edirsən?”

Elə bil bu sualda mənim üçün bir işarət vardı. Niyə mənə bu sual verilirdi? Bu məsələlərlə mənim zərif qəhrəmanım Leyla Yunusun nə əlaqəsi ola bilərdi axı?

Leyla xanım, Sizinlə bağlı mənə verilən sualdan günlər keçirdi. Həmin günlərdə rejimin quldur dəstəsi Milli Şuranın rəhbərliyinin əleyhinə məndən ifadə almaq üçün insanlığa sığmayan ağır işgəncələr verirdilər. Zirzəmidə işgəncə verilib qurtardıqdan sonra yenidən 5-ci mərtəbəyə qaldıraraq məndən Milli Şura əleyhinə ifadə verib-verməyəcəyimi soruşurdular. Mən Allahın yardımı ilə qəti surətdə ifadə verməyəcəyimi bildirəndə isə qorxunc işgəcələr yenə davam edirdi. O günlərdə mən həm də öz zərif qəhrəmanımı düşünürdüm, bilirdim ki, həbsxanada Sizə də zülm ediblər və bunları, ölkədə olan minlələ məzlum, haqqından məhrum edilmiş günahsız insanları düşündükcə, o işgəncələr məni sındıra bilmədi.

Xatırlayıram, dekabr ayının 8-i idi. Növbəti dəfə mənə zirzəmidə amansızcasına işgəncə verib 5-ci mərtəbəyə qaldırdılar. Otağa daxil olduğum zaman ilk sözləri bu oldu: “Xəbərin var, Leyla Yunus azadlığa buraxıldı?!”

Leyla xanım, bu xəbəri eşidəndə günlərlə işgəncə altında əzilən bədənimin ağrı-acılarını unutdum sanki… İlk növbədə Allah-Təalaya şükür etdim ki, Sizin azadlığınız üçün etdiyimiz duaları qəbul etdi. Həmin gün həyatımın ən gözəl günlərindən biri idi. Zərif qəhrəmanım Leyla Yunus zindandan xilas olmuşdu. Allah-Təala mənim üçün mümkün olmayanı mümkün etmişdi.

Zindanda, o ağır işgəncələr altında Allah məni Sizin azadlıq xəbərinizlə sevindirmişdi. Onlar məni zindana salsalar da, ruhum azad idi və mən uca Allahın köməyi ilə o günlərdən ləyaqətlə çıxa bildim.

Məhz elə bunun nəticəsidir ki, bu gün mən alın açıqlığı ilə bu məktubu Sizə yaza bilirəm.

Əzizim Leyla xanım, biz yenə də öz müqəddəs missiyamızı, ölkəmizin, xalqımızın xilası, azadlığı uğrunda mübarizəmizi davam etdirməkdəyik. Mən bütün varlığımla inanıram ki, bu şər hakimiyyətin zindanından necə Siz xilas oldunuz, elə də Azərbaycan xalqı və dövləti bu rejimin bəd əməllərindən və yaramazlığından xilas olacaq. Fərq etməz, biz həmin vaxt torpağın altında və ya üstündə olaq, əsas odur ki, insanlarımız Vətənimizdə əzab çəkməsin, işgəncə görüb döyülməsin. Öz ölkəsi, dövləti ilə qürur duysun.

Leyla xanım, Sizə İnşallah yenə yazacam. Səmimi salamlarımı Arif bəyə çatdırın. Allahdan Sizə can sağlığı, uzun və bərəkətli ömür arzu edirəm.

Allah amanında qalın. Tanrı sizi qorusun! Amin.

Sizin Tale Bağırzadə”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button