Now Reading:
Taleh Bağırovun cəzası artırıldı

«Müsəlman Birliyi» Hərəkatının sədri, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Taleh Bağırova daha 5 ay həbs cəzası verilib. Fevralın 13-də Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlov ilahiyyatçı haqqında yeni hökm çıxarıb.

T.Bağırov bu dəfə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib.

Yeni hökmə əsasən, T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda qanunla qadağan edilmiş məlumat aşkarlanmaması haqda rəy verib.

Hökmdən öncə T.Bağırov son sözünü deyib. İlahiyyatçı özünü təqsirli bilməyib. Deyib ki, bu cinayət işi ona qarşı qərəzin davamı və siyasi sifarişin nəticəsidir. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrindəki məhkumların bir çoxu bu cür mini-kartlardan istifadə edirlər. Bunu müəssisə rəhbərliyi də bilir. Həmin kartlarda musiqilər, dini moizələr və s. olur.

İlahiyyatçının vəkili Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Xatırlatma
T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. T.Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.
azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.