2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Taliban Molla Bəradərin daxili çəkişmədə öldüyü xəbərini təkzib edir

Taliban, təşkilatın Dohadakı siyasi idarəsi rəhbərinin başqa bir Taliban lideri ilə yeni hökumətin tərkibi barədə mübahisədən başlanmış atışmada həlak olmasına dair şayiələri təkzib edib.

Bundan əvvəl Taliban rəhbərliyində yeni hökumətin təşkili ilə bağlı kəskin ixtilafın baş verməsi barədə intensiv şayiələr yayılırdı. Taliban, sıralarında ixtilaf olması barədə iddiaları da rədd edir.

Talibanın sözüçüsü Süheyl Şahin deyib ki, bu yaxınlarda baş nazirin müavini təyin olunması elan edilmiş Molla Əbdül Qəni Bəradər silahlı toqquşmada həlak olmasına dair iddiaları təkzib edən “səs mesajı” göndərib.

Saytların yığılması Saytlarin yigilmasi

Taliban habelə Bəradərə aid olduğu iddia edilən məktubun fotosunu nümayiş etdirib. Bu məktubda onun Kabili tərk edərək Qəndəhara getdiyi bildirilir. Lakin bu məktubun fotosu da onun taleyi barədə şayiələri qızışdırıb.

Bəradər artıq bir neçə gündür ki, ictimaiyyət qarşısında görünmür. O sentyabrın 12-də Əfqanıstanda səfərdə olan Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman at-Tani ilə görüşən nümayəndə heyətində də yox idi.

Taliban habelə Bəradərin göründüyünü iddia etdiyi video yayımlayıb. Qəndəharda çəkildiyi iddia edilən videoda bir nəfərin yalnız başının arxa tərəfi görünür.

Təşkilat habelə Bəradərin bu yaxınlarda çəkildiyini iddia etdiyi fotoları yayıb. Lakin bu fotoların nə zaman çəkildiyini müstəqil şəkildə dəqiqləşdirmək mümkün deyil.

Talibanın ali rəhbəri Molla Heybətüllah Axundzadə də təşkilat Kabili ələ keçirəndən, yəni sentyabrın 15-dən gözə dəyməyib.

Ötən həftə onun Taliban hökumətinin tərkibi barədə yazılı bəyanatı açıqlanmışdı.

Molla Ömər öləndə də xəbəri gizlətmişdilər

Müşahidəçilər bildirirlər ki, Talibanın bu iki liderinin taleyi barədə şayiələr 2013-cü ildə hərəkatın banisi və ovaxtkı lideri Molla Məhəmməd Ömərin ölümü ətrafındakı müəmmaları yada salıb.

O vaxt Talibanın Kvetta Şurası adlanan qurumu tam iki il müddətində Molla Ömərin adından bəyanatlar yayırdı.

Taliban Molla Ömərin ölümünü yalnız 2015-ci ildə, bu barədə Əfqanıstanın beynəlxalq birlik tərəfindən dəstəklənən hökuməti bəyanat verdikdən sonra təsdiq etmişdi.

Bu da qeyd olunur ki, sözü gedən şurada Bəradərin tərəfdarları ilə Talibanın Həqqani şəbəkəsi arasında ixtilaf mövcud olub.

Taliban Molla Ömərin ölümündən sonra hərəkatın birliyini qoruya bilmək üçün hərbi komandanlığın strukturunda dəyişikliklər etmişdi.

Lakin indi hərbi komandanlığa daxil olanların hökumət nazirlərinə çevrilməsi ixtilafları yenidən canlandırıb.

Əfqanıstanın təhlükəsizlik üzrə ekspertləri Talibanın vahid hökumət şəklində rəhbərlik edə biləcəyinə dair şübhə ifadə edirlər.

Onların fikrincə, hərəkatın tezliklə regional qruplaşmalara parçalanıb bir-birlərinə qarşı vuruşacağı mümkün variantlardan biridir.

Bəradər daxili çəkişməni uduzub?

İki həftə bundan əvvəl Bəradərə Talibanın müvəqqəti hökumətinin potensial başçısı kimi baxılırdı.

O hərəkatın ən tanımış simalarından biridir və son illərdə Talibanın Dohadakı siyasi ofisinə başçılıq etmişdi.

Bəradər son vaxtlaradək Taliban rəhbərinin üç müavinindən biriydi.

İndi isə elan edilmiş Taliban hökumətində o, mühüm nazirliklərdən hər hansı birinə başçı təyin edilməmiş yeganə keçmiş müavindir.

Hərəkat liderinin müavinlərindən Siracuddin Həqqani və öz adını daşıyan şəbəkənin başçısı Talibanın şərqi Əfqanıstandakı bütün döyüş əməliyyatlarına rəhbərlik edirdi. Ona müvəqqəti hökumətdə daxili işlər naziri vəzifəsi verilib.

Molla Ömərin oğlu Molla Yaqub ölkənin qərbindəki döyüşlərdə komandanlıq edirdi və indi müdafiə naziri təyin olunub.

Əfqanıstan Analitiklər Mərkəzi bu nəticəyə gəlib ki, Bəradərə güc nazirliklərindən birinin verilməməsi onun hakimiyyətdaxili çəkişmədə uduzduğunu göstərir.

Vətəndaş müharibəsi real görünür

Ekspertlər habelə qeyd edirlər ki, Molla Heybətüllahın artıq bir aya yaxındır ki, ictimai və özəl tədbirlərdə görünməməsi onun artıq həyatda olmamasından xəbər verə bilər.

Onlar vurğulayırlar hətta çox qapalı həyat keçirən Molla Ömər də 1990-ci illərin sonunda, Talibanın hakimiyyəti illərində bir neçə dəfə ictimaiyyət qarşısına çıxmışdı.

Bəzi təhlilçilər bildirirlər ki, Molla Heybətüllah bəlkə də hazırda heç bir çıxış etmədən hakimiyyəti birləşdirən simvolik fiqur ola bilər.

Tokio Universitetindən bu bölgə üzrə ekspert Masato Toriya isə deyir ki, indi Əfqanıstanda vətəndaş müharibəsinin başlanacağı çox real görünür.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button