2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Talıbov getdi… Sonra?

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Bu barədə rəsmi məlumat yoxdur, nə dövlət mediasında, nə də Naxçıvanın informasiya mənbələrində bir kəlmə də yazılmayıb. Muxtar Respublikada rəsmi informasiya agentliyi olan “Nuhçıxan”da, Ali Məclisin orqanı “Şərq Qapısı” qəzetində bir aydan çoxdur, nəinki Vasif Talıbov, ümumiyyətlə, Naxçıvanın siyasi, iqtisadi, mədəni həyatı ilə bağlı hər hansı informasiyaya rast gəlmək mümkün deyil. “AzərTac” Dövlət Agentliyinin məlumatları yerli mətbuatın birinci səhifələrini bəzəyir.

Vasif Talıbovun istefa verməsi xəbəri doğrudur. Dekabrın 21-də Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir:

“…Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Qərar səsə qoyularaq, qəbul olunub”.

Saytların yığılması Saytlarin yigilmasi

Yayılan informasiyalarda bildirilir ki, Ali Məclisin qapalı iclası olub və V.Talıbov isə həmin saatlarda iş otağında olsa da vida toplantısına qatılmayıb. Yəni o, 27 ildir tutduğu mühüm dövlət postundan könülsüz, zorla getdiyini nümayiş etdirib. Naxçıvandan seçilən deputat Siyavuş Novruzov bu mənzərəni yerli mediaya açıqlamasında belə təsvir edib:   

“Azərbaycanda hər şey ancaq bir şəxsin iradəsindən asılıdır. Əslində istefa bu formada olmalıdır. Hansısa jurnalistin, partiya nümayəndəsinin dediyi kimi yox… İstefa lazımdırsa, istefa!… Deyirdilər, ay camaatı qaldıracaqlar ayağa, ay ordu qalxacaq… Gördünüz, məsələ sakit yolla öz həllini tapdı. Azərbaycanda belə proses yoxdur ki, kimsə kimə güc göstərsin, əzələ nümayiş etdirsin”.

Vasif Talıbovun gedişini 2013-cü il prezident seçkilərindən sonra start verilən prosesin finiş nöqtəsi sayıla bilər. Həmin tarixdən Azərbaycanda yüksək dövlət postları tutan oliqarx məmurların bir-bir sıradan çıxarılıb, topladıqları sərvətlərə “əl qoyulub”. Ziya Məmmədov, Eldar Mahmudov, Əli Abbasov, Səlim Müslümov, Elman Rüstəmov, Əbülfəs Qarayev, Eldar Həsənov, Cahangir Hacıyev, Zakir Qaralov, Rövnəq Abdullayev, Səfər Mehdiyev, Ramiz Mehdiyev və s. məmurlar hakim komandadan atılıb. Onların əksəriyyəti vəzifədə olduqları dövrdə külli miqdarda dövlət vəsaitlərini ələ keçirmək yolu ilə ölkədə və xaricdə özlərinə nəhəng varidat yaratmışdılar. 

Onların idarə etdikləri biznes imperiyası ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir. Oliqarxların iqtisadi, siyasi gücü bir zaman kəsiyində hakimiyyətə lazım idisə, bir müddət sonra təhlükə mənbəyinə çevrilməyə başlamışdı. Bu şəxslər media orqanlarını maliyyələşdirir, parlament seçkilərində Milli Məclisdə öz yaxınlarının əyləşməsi, habelə yüksək dövlət postları uğurunda bir-birləri ilə kəskin rəqabət aparırdılar. Ekspertlərə görə, hakimiyyət 2014-cü ildə Ukraynada Yanukoviç hakimiyyətinin devrilməsi ilə nəticələnən inqilabdan dərs almağa başlamışdı. Çünki ukraynalı oliqarxlar siyasi güclər ətrafında təmərküzləşərək, bir-birinə qarşı kəskin siyasi mübarizə aparırdılar və əllərindəki siyasi, maddi resursları bu mübarizəyə sərf etmişdilər.

Muxtar Respublikaya rəhbərlik etməsi Vasif Talıbova, digər oliqarxlardan fərqli, əlavə üstünlüklər yaratmışdı. Ölkədə keçirilən Konstitusiya islahatları zamanı Muxtar Respublikanın səlahiyyətləri daha da genişləndirilib, Bakıdan asılılığı azaldılıb, “muxtar dövlət” anlayışının verdiyi və vermədiyi bütün imkanlardan istifadə olunub. Yerli hakimiyyətin, silahlı qüvvələr xaric, öz fəaliyyəti ilə bağlı Azərbaycan Milli Məclisinin qarşısında hesabatlı olmayıb. İctimaiyyət onun yalnız iki il əvvəl cəmi bir dəfə Prezident İlham Əliyevə hesabat verdiyini görüb. DTX-nın keçirdiyi əməliyyat zamanı üzə çıxan dəhşətli korrupsiya faktları da bu nəzarətsizliyin gətirib çıxardığı nəticələrdir. Məlum olur ki, Naxçıvan xarici ölkələrlə apardığı ticarət əməliyyatları vergi, gömrük rüsumlarına cəlb olunmadan Talıbovlar ailəsinin büdcəsinə axıb. Bölgənin bütün iqtisadiyyatı onların şəxsi biznesinin tərkib hissəsinə çevrilib. Yerli əhali boğucu iqtisadi, siyasi mühitdən qaçaraq, Türkiyəyə və Bakıya səpələnib. Çox uzatmadan yamaq olar ki, ötən illərdə Talıbovlar tərəfindən Azərbaycanın milli təhlükəsizliyinə, iqtisadiyyatına, mədəniyyətinə, genefonduna dəhşətli zərbələr vurub. Onun aradan qaldırılmasına uzun illər lazım olacaq.

Talıbovlardan sonra Muxtar Respublikada nələr baş verəcək? Gözləntilər ondan ibarətdir ki, ölkədə Konstitusiya islahatları həyata keçiriləcək, regiondakı dərəbəylik rejimi ləğv olunacaq, yerli dövlət qurumları bilavasitə Bakının tabeliyinə veriləcək. Habelə yerli rejimin qoyduğu feodal qaydaları ləğv olunacaq, Azərbaycanın digər bölgələrində həyata keçirilmiş idarəetmə islahatları Naxçıvana da tətbiq olunacaq. 

Cəmiyyəti düşündürən əsas sual budur ki, dövlətə bu qədər zərbələr vurmuş Talıbov rejimi, onun xidmətində duraraq ağır cinayətlər törətmiş şəxslər məsuliyyətə cəlb olunacaqlarmı, yoxsa onlar da Azərbaycandakı başqa məmurlar kimi bir müddət sonra korrupsiya yolu ilə yığdıqları sərvətin dadını çıxaracaqlar? Gözləyək…

Turqut 

The post Talıbov getdi… Sonra? appeared first on 24 saat.

24 saat” “Talıbov getdi… Sonra?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button