2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tarixçi alimin məhkəməsi: “İnstitutun direktoru məcburi əmr imzaladığını deyib”

Yayımlandı: 2 Mart 2023 18:25

 Vəkillər işin yenidən istintaqa qayıtmasını istəyir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kadrlar şöbəsinin müdiri Gülüstan İsayeva və həyat yoldaşı, institutun elmi işçisi, tarixçi alim Səbuhi Hüseynov onlar haqqında cinayət işinin istintaqa qaytarılmasını istəyirdi. Onların vəkilləri məhkəmənin hazırlıq iclaslarında bu barədə qaldırdığı vəsatəti əsaslandırarkən əlavə sənədlər, fotoşəkillər də təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Vəkil Abusəməd Səmədov bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu cinayət işini obyektiv, hərtərəfli araşdırmayıb. Məsələn, Səbuhi Hüseynov iştirak etmədiyi ekspedisiyaya görə pul almaqda, həyat yoldaşı isə bu işə görə ona pul ayrılmasına yardım etməkdə ittiham olunur. Vəkilin sözlərinə görə, Səbuhi Hüseynovun əlində həmin ekspedisiyalarda iştirak etməsi, üzərinə düşən işləri görməsini təsdiqləyən sənədlər, fotolar var. Lakin istintaq bunların heç birini araşdırmayıb.

Vəkil vurğulayıb ki, tarixçi və həyat yoldaşı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundakı korrupsiyanı, özbaşınalıqları dilə gətirdiklərinə, bütün bunlardan açıq şəkildə şikayətçi olduqlarına görə institutun direktorunun qəzəbinin hədəfinə çevriliblər:

“İnstitutun direktoru Maisə Rəhimova ciddi nöqsanlara görə 2021-ci ilin oktyabrında vəzifəsindən azad edilib. O, əvvəldən də Gülüstan İsayevanı hədələyib ki, əgər şikayətlərini dayandırmasa, onlar üçün yaxşı nəticələnməyəcək. Ondan sonra da əlaltıları bu işləri davam etdirib. Təsəvvür edin, Maisə Rəhimova dekabrda istintaqa ifadəsində yazır ki, guya Gülüstan İsayevanın təzyiqilə qanunsuz əmrləri imzalayıb. Bu absurda kim inanar? Direktora işçi necə qanunsuz əmr imzalatdıra bilər? Guya Gülüstan İsayeva ona Səbuhi Hüseynov haqqında ekspedisiya əmrlərini imzalatdırıb. Bəs niyə istintaq araşdırma aparmayıb ki, Gülüstan İsayeva hansı formada ona təzyiq göstərib, direktoru necə məcbur edib?”

Səbuhi Hüseynov vəkilin dediklərinə əlavə olaraq vurğulayıb ki, o, Qarabağ ərazisində tədqiqat aparmağa xüsusi icazə ilə gedib, postlardan keçib. Bunu araşdırmaq asan məsələdir. Onun sözlərinə görə, bütün bunlar ekspedisiyalarda iştirak etməməsi haqda ittihamların yalan olduğunu sübut edir.

Məhkəmə bu işin istintaqa qaytarılması haqda vəsatəti təmin etməyib. Hakim bildirib ki, müdafiə tərəfinin göstərdiyi məsələlər məhkəmə prosesinin gedişində araşdırılacaq.

Səbuhi Hüseynov və Gülüstan İsayeva 44 günlük müharibədən sonra Qarabağ ərazisində tədqiqat aparılması üçün ayrılmış vəsaitlərdən 92 min manatı mənimsəməkdə ittiham olunur.

1987-ci il təvəllüdlü Gülüstan İsayeva və 1981-ci il təvəllüdlü Səbuhi Hüseynova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb.

Gülüstan İsayeva və Səbuhi Hüseynovun birgə nikahdan 4 yaşlı bir övladı var.

Onların barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button