Tarixi an: Alimlər doğma Süd Yolu qalaktikamızın mərkəzindəki qara dəliyin ilk fotosunu təqdim ediblər
Avropa Cənub Rəsədxanasının (ESO) baş ofisində keçirilmiş xüsusi press-konfrans çərçivəsində Süd Yolu qalaktikasının mərkəzində yerləşən super kütləli qara dəliyin ilk fotosunun təqdimatı baş tutub. Qeyd etmək lazımdır ki, sözügedən qara dəliyin mövcudluğunu vaxtı ikən Albert Eynşteyn proqnozlaşdırmışdı. İndi isə alimlər onun necə göründüyünü sərgiləyiblər. Qalaktikamızın mərkəzində yerləşən super kütləli qara dəliyin ilk fotosunu Event Horizon Telescope (EHT) adlı beynəlxalq layihəsinin rəhbəri radioastronom Huib van Langeveld təqdim edib.
Süd Yolu qalaktikasının mərkəzində yerləşən Oxatan A* (digər adı Sagittarius A*) adlı super kütləli qara dəliyin ilk fotosu:
Qeyd etmək lazımdır ki, EHT layihəsinə daxil olan alimlər artıq uzun zamandır ki, qalaktikamızın mərkəzini və onu əhatə edən ətraf mühiti müşahidə edirlər. Qara dəliyin bizim qalaktikamızın mərkəzində yerləşməsinə baxmayaraq onun fotsunu əldə etmək çox qəliz prosesdir. Oxatan A*-nın kütləsi Günəşin kütləsindən təqribi olaraq 4.3 milyon dəfə daha böyükdür və o, Yer kürəsindən 25.800 işıq ili uzaqlığında yerləşir. Onun hadisə üfüqi adlanan qurşağının diametri isə 25.4 milyon km təşkil edir. Bu cür qara dəliyin fotosunu çəkmək Ayda tennis topunun fotosunu çəkməyə bərabərdir. Alimlər isə Oxatan A*-nın hadisə üfüqi qurşağının fotosunu əldə edə biliblər.
Bu, qara dəliyi əhatə edən sahədir və həmin sahədə işıq artıq qara dəliyin qravitasiya gücünə müqavimət göstərə bilmir. Əldə edilmiş fotoda qara dəliyin akkresiya diskini görmək mümkündür. Həmin disk qara dəlik tərəfindən udulan maddədən ibarətdir. Məhz həmin akkresiya diski güclü şüalanma ifraz edir. Astronomlar isə həmin şüalanmaları təyin edə biliblər. Qeyd etmək lazımdır ki, qara dəliyin tarixdə ilk təsviri 2019-cu ildə təqdim edilmişdi. Söhbət, M87 adlı qalaktikanın mərkəzində yerləşən qara dəliyin fotosundan gedir. Həmin foto da EHT layihəsi çərçivəsində əldə edilmişdi. İndi isə alimlər tarixdə ilk dəfə doğma qalaktikamızın mərkəzində yerləşən qara dəliyin ilk fotosunu təqdim ediblər.
M87 qalaktikasının mərkəzində yerləşən qara dəliyin 2019-cu ildə təqdim edilmiş ilk fotosu: