2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Tarixin ən güclü 5 imperiyası – ARAŞDIRMA

Dünyanın gəlmiş-keçmiş ən güclü imperiyaları hansılardır? Ümumiyyətlə, beş min il ərzində yaranmış yüzlərlə imperiya arasından beşini necə seçmək olar? Düzünü desək, “ən güclü beş imperiyanın” istənilən şəkildə tərtibi subyektiv xarakterli olacaq, çünki bütün imperiyalar özünə görə görkəmli və nüfuzlu olub.

Ancaq bəzi imperiyalar o qədər güclü, böyük və nüfuzlu olublar ki, hansı meyarların götürülməsindən asılı olmayaraq, onlar möhtəşəm imperiya adlandırılmağa layiqdirlər. Oxucular məqalədə müəllifin Çin və Hindistanda olan imperiyaların adının çəkilmədiyini görəcəklər. Müəllif özü də bu regionlardakı imperiyaların əhəmiyyətini və qoyduqları irsi qəbul etsə də, onların regional əhəmiyyət daşıdığını bildirir.

Əhəmənilər imperiyası

Saytların yığılması Saytlarin yigilmasi

Təxminən e.ə. 550-ci ildə bu imperiyanın əsası şahənşah, yəni şahlar şahı ləqəbini daşıyan Böyük Kir tərəfindən qoyulub. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər tərəfindən Əhəmənilər imperiyasına son qoyulsa da, imperiyanın davamlı irsi dünya sivilizasiyaları və gələcək imperiyaların sonrakı inkişafında özünü göstərib. Əslində, bu imperiya gələcəkdəkilər üçün imperiyanın nə demək olduğu standartını qoyduğuna görə mühüm əhəmiyyət kəsb edib.

Əhəmənilər imperiyasının mövcudluğu tarixin nadir bir dövrünə – əhalinin ən çox Yaxın Şərq və ya onun yaxınlığında məskunlaşdığı bir vaxta təsadüf edir. Buna görə də, Yaxın Şərqin əksər ərazilərini idarə edən Əhəmənilər imperiyası dünya əhalisinin digər imperiyalardan daha böyük hissəsi üzərində hakimiyyət sürüb. E.ə. 480-ci ildə imperiyanın əhalisinin sayı təxminən 49,4 milyon idi, bu da həmin vaxt dünya əhalisinin 44 faizini təşkil edirdi. Əhəmənilər imperiyası Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya, Hindistan və Aralıq dənizi ətrafı bölgələr daxil olmaqla dünyanın bir çox regionunu birləşdirən ilk imperiya oldu, Yunanıstan və Hindistan kimi yerlərə imperiya anlayışını gətirdi.

Belə böyük bir imperiya yalnız hərbi güclə yaradıla bilərdi, Əhəmənilər imperiyasının hərbi nailiyyətləri imperiya İsgəndərin orduları tərəfindən qəflətən süquta uğradıldığına görə çox vaxt unudulsa da, bu nailiyyətlər əhəmiyyətli idi. İmperiya apardığı əməliyyatlarla babillilər, lidiyalılar, misirlilər və indi Pakistan ərazisi olan şimal-şərqi hindu regionu daxil olmaqla, dünyanın inkişaf etmiş sivilizasiyalarının əksəriyyətini özünə tabe etməyi bacardı. Unudulmamalıdır ki, şişirdilmələrə və yanlış şərhlər verilməsinə baxmayaraq, farslar Yunanıstandakı məqsədlərinə çatdıqlarını və imperiyada daha çox yunanın yaşadığını düşünürdülər. Əhəmənilər imperiyasının hakimiyyəti Yaxın Şərqdə harmoniya və sülh dövründə 200 il sürdü, bu, nadir hallarda təkrarlanan bir qəhrəmanlıqdır.

Əhəmənilər imperiyasının imperiya ideyaları baxımından dünya üçün qoyduğu irsə yol şəbəkələri, poçt sistemi, idarəetmədə vahid bir dildən (arami dili) istifadə, müxtəlif etnik qruplara muxtariyyət verilməsi və bürokratiya daxildir. Farsların dini zərdüştlük azad iradə və iudaizm vasitəsilə İbrahimi dinlərdə cənnət və cəhənnəm anlayışlarının yaranmasına təsir göstərdi.

Roma İmperiyası

Bu imperiyanın güclü olduğu, yəqin ki, hamıya məlumdur. Roma imperiyası qərb aləmində uzun müddət ən mükəmməl imperiya olub. Ancaq onun əhəmiyyəti qərbdə ayrı-seçkilik kimi görülməməlidir, Roma imperiyası həqiqətən də tarixin ən möhtəşəm imperiyalarından biridir. Romalılar yüz, hətta min illərlə böyük əraziləri ələ keçirə bildiklərini göstəriblər. Ancaq imperiyanı saxlayan təkcə güc tətbiqi deyildi; işğal edilən ərazilərdə insanlar romalı “olmaq” üçün can atırdılar, çünki bu, inkişaf etmiş, mədəni, klassik bir mədəniyyətin üzvü olmaq demək idi.

Müasir dünyanın bir neçə önəmli xüsusiyyəti Roma imperiyasından qalıb. Romalılar yunan memarlığını, fəlsəfəsini və elmini gələcək nəsillərə ötürərək ellin mədəniyyətinə varis çıxıb onu yaydılar. Daha sonra xristianlığın Romada qəbul edilməsi bu dini kiçik bir təriqət səviyyəsindən dünyanın ən böyük dinlərindən biri səviyyəsinə qaldırdı.

Roma hüququ qərb ölkələrinin bütün hüquqi sistemlərinə təsir göstərdi. Burdakı qurumlar isə müasir demokratik hökumətlərin idarəetmə sistemlərini canlandırmağa kömək etdi. Yunanıstanın “”demokratiyanın yarandığı yer” reputasiyasını qazanmasına baxmayaraq, ABŞ-ın Qurucu Atalarına (baniləri) daha çox Britaniya və Roma demokratiyası təsir etmişdi. Əslində, onların bir çoxu Afinanın demokratiya təcrübəsini bəyənmədiklərini və Romanın monarxiya, aristokratiya və demokratiyanın hakimiyyəti bölüşdüyü qarışıq hökumət formasına olan heyranlıqlarından tez -tez danışırdı. Amerikanın hakimiyyətin ayrı-ayrı qollarından ibarət olan siyasi sistemi Romanın təşkilati bölgüsünə bənzəyir. Roma imperiyası respublikanı əvəzlədikdən sonra Sezarın ideyası və əzəməti gələcək hökmdarlar üçün ilham mənbəyi oldu.

Romalılar əzmli bir xalq olub. Onlar ağla sığmayan çətinliklərə baxmayaraq bir çox uğursuzluqlardan sonra özlərini ələ ala və düşmənlərini məğlub edə bilirdilər. Karfagen sərkərdəsi e.ə. 216-cı ildə baş verən Kann döyüşündə romalıları demək olar ki, məhv etmişdi, ancaq romalılar Karfagenə ordu çıxara bildilər və düz on dörd ildən sonra qalib oldular. Romanın legionları hərbi cəhətdən əsrlərlə üstünlüklərini saxladılar, bu da Romaya yüz illərlə Aralıq dənizi ətrafı və Yaxın Şərq regionlarında farslar istisna olmaqla demək olar digər bütün sivil xalqlar üzərində hakimiyyəti saxlamağa imkan verdi. İmperiyanın süquta uğramasının səbəbi isə alman qəbilələrin işğalından çox davamlı böhran və vətəndaş müharibəsi ilə əlaqədar idi. Şərqi Roma İmperiyası (Bizans) e.ə. 1453-cü ilə qədər davam etdi və Roma dövlətinin siyasi tarixində iki min illik iz qoydu.

Ərəb Xilafəti

Xilafət (və ya xəlifəlik) olaraq da bilinən, müsəlman peyğəmbər Məhəmməd tərəfindən əsası qoyulan ərəb imperiyası peyğəmbər b.e. 632-ci ildə vəfat edənə qədər Ərəbistanın əksər ərazilərini əhatə edirdi. Bu imperiyanın müsəlman yox, ərəb imperiyası adlandırılması daha ağlabatandır, çünki islam dininin bu imperiya ilə yaranmasına və yayılmasına baxmayaraq, sonradan qanunla ərəb yox, ancaq müsəlmanlar tərəfindən idarə olunan imperiyalar yarandı.

B.e. 661-ci ilə qədər Məhəmməd peyğəmbərin yerinə ümumi razılıqla seçilən dörd xəlifə gəldi. Həmin ildən sonra isə b.e. 750-ci ilə qədər Əməvilər sülaləsi hakimiyyətdə oldu, sonra isə Abbasilər sülaləsi hakimiyyətə gəldi. Bu vaxta qədər artıq işğallar bitmişdi. Abbasilər b.e. 1258-ci ildə Bağdad monqollar tərəfindən dağıdılana qədər simvolik şəkildə dini xəlifə rolunu oynamağa davam etsələr də, Ərəb imperiyası təxminən b.e. 900-cü ildə tənəzzül etdi. B.e. 900-cü ildən sonra imperiya bir çoxu türk və fars əsilli olan rəqib sülalələrin, eləcə də, İspaniya və Misirdə rəqib xilafətlərin çıxması ilə siyasi cəhətdən tənəzzül etməyə başladı.

Bütün bunlara baxmayaraq, ərəb imperiyası öz vaxtında həm əldə etdiyi hərbi uğurlara, həm də qoyduğu irsə görə qeyri-adi bir imperiya idi. Təəccüblüdür ki, qeyri-mütəşəkkil, sivilizasiyadan kənarda qalmış qəbilələr Bizans imperiyasını məğlub edib, Sasanilər imperiyasını devirə bildilər. Ərəb işğalları bəzən bir ideologiyanın izlənilməsinin texniki və təşkilati çatışmazlıqları necə əvəz edə biləcəyinin yaxşı bir nümunəsidir. Bu dövrün ərəb sərkərdələri, xüsusilə on il ərzində Misirdən İrana qədər olan əraziləri ələ keçirmiş üçüncü xəlifə Ömər dünyanın ən böyük hərbi dahiləri arasında görtərilməyə layiqdirlər. Ərəb xilafəti ərazisini yüz il ərzində Roma imperiyasından bir neçə dəfə artıq olmaqla böyütdü. Ərəb imperiyası özündən əvvəlki Əhəmənilər imperiyası kimi coğrafi mövqeyinə görə Afrika, Avropa, Mərkəzi Asiya, Hindistan və Çində dünya sivilizasiyanın digər mərkəzlərini birləşdirdi. Nəticədə isə bu regionlardan gələn mallar və biliklər birləşərək cəbr kimi yeni anlayışların yaranmasına səbəb oldu. Təbii ki, ərəb imperiyasının başlıca mirası bu gün bir milyarddan çox davamçısı olan islam dini oldu.

Monqol İmperiyası

Monqol imperiyası bütün çətinliklərə baxmayaraq, özündən daha güclü və daha çox əhalisi olan düşmənlərini məğlub etmiş imperiyalardan biridir. B.e. 1206-cı ildə Çingiz xan ləqəbini götürmüş monqol sərkərdə Temuçin tərəfindən əsası qoyulan bu imperiya əvvəlcə Çindən ərazilər qoparmaqla böyüdü.

Monqol imperiyası üçün həlledici an elçilərinin İran, Əfqanıstan və Mərkəzi Asiya ərazilərindən ibarət qonşu Xarəzmşahlar imperiyasının başçıları tərəfindən öldürülmələri oldu. Bu, Çingiz xana ciddi bir təhqir hesab olundu və monqolların intiqamı Mərkəzi Asiyanı tamamilə dağıtdı, Qızıl Əsrə də son qoydu. Monqol işğalları Avropadan İpək Yolunun yanından keçən dəniz yollarının qurulması ilə birgə Mərkəzi Asiyanın önəmli bir region kimi əhəmiyyətini məhv etdi.

Bütün dünyada təkcə iki milyon monqol olmasına baxmayaraq, onlar Çingiz xanın nəslindən olan hökmdarların başçılığı ilə Yaxın Şərq, Rusiya və Çinin əksər ərazilərini işğal etdilər. Ən parlaq dövrlərində Yaponiyanı işğal edə bilməmələri və b.e. 1260-cı ildə Əyn Cəllud döyüşündə məğlub olmaları istisna olmaqla o qədər də çox uğursuzluqla üzləşmədilər. Əhalinin az olmasına baxmayaraq, monqollar döyüşə böyük və çevik qoşunlar çıxarırdılar. Monqolların işğalları nəticəsində milyonlarla insan həlak olsa da, imperiyanın hər yerinə ticarət yayıldıqca qısamüddətli sülh və inkişaf dövrü yarandı. Ümumi götürdükdə isə monqollar imperiyanı idarə edə bilmədiklərini göstərdilər və imperiya sonda hər biri tənəzzül edən dörd xanlığa parçalandı.

Britaniya İmperiyası

Müasir dünyanı yaradanlar mahiyyət etibarilə britaniyalılar olub. Britaniyanın nümayəndəli demokratiya qurumları Monteskyö kimi fransız maarifçiliyinin nümayəndələrinin Avropanın digər müasir dövlətlərinə nüfuz etmiş müasir hakimiyyət nəzəriyyələrini yaratmalarına öz təsirlərini göstəribər. ABŞ-ın əsas xüsusiyyətləri – liberalizmə bağlılıq, qanunun aliliyi, vətəndaş hüquqları və ticarət – britaniyalılardan götürülüb və bütün dünyaya yayılıb. Bu xüsusiyyətlərin əksəriyyəti İngiltərədə uzun müddət ərzində böyük bir planın nəticəsi olaraq yox, təbii şəkildə inkişaf edib.

Bu xüsusiyyətlər Britaniya imperiyasının böyüyüb inkişaf etməsinə və nəzarətində olan əraziləri əlində saxlamasına da kömək etdi. Bundan başqa, imperiyanın nümunəsi istər maddi, istərsə də donanma gücünə görə bir çox yerlərdə təkrarlandı. XX əsrin əvvəlində zirvədə olan Britaniya imperiyası ərazisini bütün dünyanın demək olar ki, dörddə biri qədər böyütmüşdü, hələ tarixdə bu böyüklükdə ərazisi olan imperiya görülməmişdi. Bu nailiyyət böyük bir ordu vasitəsilə yox, daha çox təşkilati bacarıqlar və maddi güc hesabına əldə edilmişdi. Məsələn, Britaniyanın Hindistanı işğal etməsi Hindistanın öz qoşunları tərəfindən həyata keçirilmişdi, çünki onlar müntəzəm olaraq maaşlar verildiyinə və mənfəət götürdüklərinə görə Britaniyaya xidmət etməyi seçmişdilər. London bir vaxtda çox sayda müharibə apara biləcəyini də göstərərək diqqətəlayiq bir qabiliyyət nümayiş etdirdi və nadir hallarda bu müharibələrdə məğlub oldu.

Nəticə

Bəs ABŞ-ın bütün bu nəhənglərlə nə əlaqəsi var? ABŞ hərbi cəhətdən, şübhəsiz, dünyanın ən güclü ölkəsidir. Burda liberalizm və qitə miqyaslı resurslarla britaniyalıların ticarət fərasəti birləşir. ABŞ-ın romalılarda olduğu kimi cəlbedici mədəniyyəti var, monqollar kimi tam dağıntı yarada bilər, ərəblər kimi universal bir ideologiyanı bütün dünyaya yayıb, Əhəmənilər imperiyası kimi isə müxtəlif mədəniyyətləri və regionları birləşdirir.

Bütün bunlara görə, Amerikanın güclü bir qüvvə kimi gələcəyi qabaqdadır. Ancaq yenə də əvvəlki imperiyaların səhvlərini təkrarlamasa belə yaddan çıxarmamalıdır. Böyük hərbi gücü olmasına baxmayaraq, Roma süqut etdi. Daxili parçalanma və çəkişmələr ən güclü imperiyaları belə məhv edə bilər. Farslar zəif olduqlarına görə yox, rəhbərləri uğursuz olduğuna görə məğub oldular. Monqollar müharibələrdə qalib gələ bilsələr də, sülhə nail ola bilmədilər, buna görə də, daimiliklərini qoruya bilmədilər. Ərəblər uğurlu bir sivilizasiya yaratsalar da, yeni gələnlər onları itaətə məcbur etdi və bu sivilizasiyanın müsbət cəhətlərini məhv etdilər. Və nəhayət, Britaniyalılar öz maraqlarını, qlobal nizamı və Avropa sistemini qorumağa, eyni anda həddən artıq çox şey etməyə çalışmaqdan tükəndilər.

Amerikanın bu gün keçmiş imperiyaların qələbə və səhvlərindən öyrənməli olduğu dərslər var.

4npress.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button