Loading...
Loading...
SEÇMƏ

Tarkan: “Ədalət sistemimizin ikiüzlülüyünə heyrətlənirəm”

Yayımlandı: 26 Avqust 2022 17:14

“Gülşən dərhal azadlığa buraxılmalıdır”

“Hər gün şahidi olduğumuz qanunsuzluqlar, ədalət sistemimizin ikiüzlülüyü və təhrifi adamı heyrətləndirir”.

Bunu sosial şəbəkədə türkiyəli müğənni Tarkan Tevetoğlu həmkarı Gülşənin həbs olunmasına etiraz olaraq yazıb.

İfaçı Gülşənin həbsini ədalətsiz hesab edib:

“Uşaqları cinsi istismara məruz qoyanları, qadınlara təcavüz edənləri həbssiz mühakimə edən, hətta bəzən də mühakimə etmədən azadlığa buraxanlar, Gülşənə gəlincə nə tez hərəkətə keçdilər”.

“Korrupsionerləri, oğruları, qanunu pozanları, təbiəti məhv edənləri, heyvanları öldürənləri, dindən öz fanatizmi üçün istifadə edib cəmiyyəti qütbləşdirənləri görməzdən gələn hüquq sistemimiz Gülşəni bir göz qırpımında həbs edir. Gülşənə qarşı edilən bu haqsızlığa son qoyulmalı və o, dərhal azadlığa buraxılmalıdır”, – Tarkan bildirib.

Tarkan son zamanlar müxalif açıqlamaları və paylaşımları ilə gündəmə gəlir.

2022-ci il fevralın 22-də “Geççek” adlı klipini təqdim edən ifaçı mahnının pandemiyaya, 2021-ci ilin iyul-avqust aylarında Türkiyədəki meşə yanğınlarına, ümumilikdə, son bir neçə ildə dünyada baş verən hadisələrə həsr etdiyini demişdi.

İfaçının klipi geniş müzakirələrə səbəb olmuşdu. Hətta Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) da mahnıya reaksiya vermişdi.

Partiyanın İstanbul şöbəsinin başçı köməkçisi Həlimə Kökçə “twitter” hesabında “Müxalifət olduqlarını zənn etsələr də, tutduqları mövqenin Ərdoğana seçkidə zəmanət verəcəyini görməyəcək qədər kordurlar”, – yazmışdı.

Gülşən 2022-ci il avqustun 25-də Türk Cəza Qanunun 216-cı maddəsi ilə (“xalqı açıq-aşkar kin və düşmənçiliyə sövq etmək”) həbs olunub.

Müğənninin həbsinə səbəb konserti zamanı “”İmam Hatip”də oxuyub, axmaqlığı buna görədir”, – cümləsini işlətməsi olub.

Onun hazırda Bakırköydə qadınların saxlanıldığı qapalı həbsxanada olduğu bildirilir.



Meydan TV

Gözdən qaçırmayın:  Qan davasında dünya çempionunun qətli: “Bilirdim ki, o öldürüb…”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button