Xəbərlər

Tehran və Bakı Xəzərdə neft və qaz hasilatına dair yeni sazişlər imzalayacaq

Loading...

Tehran/22.11.21 İranın neft naziri Cavad Ovci və Azərbaycanın baş nazir müavini Şahin Mustafayev yaxın günlərdə iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında yeni sənədlər imzalanacağını bildiriblər.

Bazar günü, noyabrın 21-də Ovci və Mustafayevin görüşü keçirilib. Görüşün yekunlarına görə Ovci jurnalistlərə belə deyib: “Azərbaycan nümayəndə heyəti ilə konstruktiv görüş keçirilib və yaxşı razılaşmalar əldə edilib”, xəbəri Shana agentliyi yayıb.

Hər iki ölkənin böyük neft və qaz ehtiyatlarını nəzərə alaraq, İran və Azərbaycan neft-qaz sahəsində fəal əməkdaşlıq edə bilər.

“Bugünki görüşə gəlincə, Azərbaycanla qonşu olan Türkmənistandan qaz tədarükü mübadiləsi haqqında yaxşı razılaşma əldə olunub. Eyni zamanda, Naxçıvana qaz nəqli müqaviləsi ilə bağlı razılaşma əldə olunub”.

Daha sonra Ovci qeyd edib ki, Xəzər dənizində neft və qaz yataqlarının işlənməsi Azərbaycan nümayəndə heyəti ilə danışıqların daha bir predmetidir. “Bununla bağlı ilkin danışıqlar aparılıb, iki ölkənin ekspert nümayəndə heyətləri bu danışıqları davam etdirir”. O, yaxın həftələrdə Azərbaycanla “neft, qaz və Xəzərdəki neft-qaz yataqlarının işlənməsi sahəsində yaxşı sazişlər” imzalanacağına ümid etdiyini bildirib.

Öz növbəsində, Şahin Mustafayev bildirib ki, Azərbaycan və İran dost və qonşu ölkələrdir, bu ölkələrin xalqları arasında tarixi əlaqələr mövcuddur.

O, İran və Azərbaycan arasında energetika sahəsində uğurlu əməkdaşlığı qeyd edib, onu məhsuldar adlandırıb.

Görüşün yekunlarına toxunan Mustafayev qeyd edib ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib. “İran və Azərbaycan energetika sahəsində bir sıra yeni layihələri müzakirə edib və bununla bağlı yeni sənədlər imzalanacaq”, deyən nazir müavini əlavə edib ki, Azərbaycan ekspertləri təfərrüatın müzakirəsini davam etdirirlər.

Qeyd edək ki, son həftələr Bakı və Tehran arasında münasibətlərin gərginləşməsi və pisləşməsi fonunda Tehrandakı görüşün yekunlarını sensasiya hesab etmək olar.

Vəziyyət Bakının İranlıların Qarabağın erməni separatçıları ilə qanunsuz ticarətini tənqid etməsindən və Azərbaycan hakimiyyətinin tələblərinə məhəl qoymayan iki yük maşını sürücüsünü həbs etməsindən sonra gərginləşib. Buna cavab olaraq Tehrandan təhdidlər səslənib, İran SQ isə Azərbaycanla sərhəddə genişmiqyaslı təlimlərə başlayıb.

Amma Bakı sonuna qədər gedəcəyini və Tehranın təhdidlərindən qorxmadığını göstərdikdən sonra İranlıların hərarəti tez sönüb. Azərbaycan ümumiyyətlə İranın Rusiya və Avropa ilə ticarətinin qarşısını ala biləcəyini nümayiş etdirdikdən sonra isə Tehran tez “geri addım atıb”. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button