AZ24SAAT.ORG

Now Reading:
”The Economist”: Cənab Əliyev ölkəsinin yerüstü sərvətindən ikiəlli yapışıb

“Seçkinin nəticəsi heç kəsdə şübhə doğurmurdu”

“The Economist” dərgisi aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisindən, müxalif partiyaların boykot etməsindən yazır:

“2013-cü ildə Azərbaycanda prezident seçkisi keçiriləndə Mərkəzi Seçkisi Komissiyası nəticələri səsvermədən bir gün öncə açıqlamışdı. Xəcalət təri basmış məmurlar bunun texniki səhv olduğunu dedilər. Bu dəfə isə, yəni aprelin 11-də məmurlar nəticələri səsvermədən dörd saat sonra açıqlamaqla, azından, demokratiya görüntüsü yaratmağa çalışdılar. Di gəl, nəticə heç kəsdə şübhə doğurmurdu. 2003-cü ildə hakimiyyəti atasından miras almış İlham Əliyev səslərin 86%-ni toplamaqla dördüncü müddətə prezident postuna seçildi”.

Siyasi təhlilçi Şahin Rzayev dərgiyə digər yeddi namizədin “hamısının saxta” olduğunu deyib.

Dərgi İlham Əliyevin yerini yaxşıca möhkəmlətdiyini, konstitusiyaya dəyişikliklər etdiyini, prezidentlik müddətini beş ildən yeddi ilə qaldırdığını yazır.

“Başına bir iş gələrsə, xanımı Mehriban Əliyeva Birinci vitse-prezidentdir və onu əvəzləyəcək. İkinci vitse-prezident vəzifəsi hələ də boşdur və bəziləri bu yerin oğlu üçün saxlanmasından şübhələnir”, – məqalədə deyilir.

Hökumətin 2014-cü ildə Ukraynada Maydan hərəkatından təlaşa düşərək son illər ölkədə repressiyanı gücləndirdiyi, müstəqil media orqanlarının qapadıldığı, araşdırmaçı jurnalistlərin saxlandığı, korrupsiya və qohumbazlığın kök saldığı vurğulanır.

“Ancaq bəzi sahələrdə Azərbaycanın işi yaxşı gedir. İqtisadiyyatı 2014-cü ilədək neft-qaz sərvəti hesabına ilə ortalama 13% artıb, üç il dalbadal dünyanın ən sürətlə artan ölkəsinə çevrilib. 2000-ci ildə yoxsulluq həddi 50 faiz idisə, bu gün 5 faizə düşüb. Bir çox azərbaycanlı həyat səviyyələrinin yüksəlməsi, ölkədəki siyasi sabitlik üçün cənab Əliyevə minnətdardır. Dağlıq Qarabağ regionunu işğal etmiş Ermənistanla bağlı sərt danışığını da sevirlər. Ancaq sürətlə azalan karbohidrogen resurslarına arxalanmaq davamlı model sayılmır. Əvəzində cənab Əliyev Azərbaycanı Çinin İpək Yolu üzərində tranzit habına çevirməyə çalışır”, – məqalədə vurğulanır.

“Ötən oktyabrda Bakını Türkiyənin Qars şəhəri, daha sonra Balkanlarla birləşdirən yeni dəmiryolunun açılması Çinlə Avropa arasında ən qısa marşrutun Azərbaycandan keçməsi deməkdir. 2016-cı ildə Çinlə Avropa Birliyi arasında ticarət dövriyyəsi 560 milyard dollar çatıb. Bu ticarətin 90 faizdən çoxu dənizlə gerçəkləşdirilir və bu yol iki dəfə uzundur. Daha bir “şimal-cənub” nəqliyyat dəhlizi Mumbayla Moskvanı dəmiryoluyla birləşdirəcək və Azərbaycandan keçəcək. Cənab Əliyev vəzifəyə yeraltı təbii sərvətlərin işlənməsi, pula çevrilməsiylə başladı. İndi isə ölkəsinin ən dəyərli yerüstü sərvətindən – coğrafi mövqeyindən ikiəlli yapışıb”, – “The Economist” belə yazır.

Tərcümə Azadlıq Radiosunundur

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.