Tikinti şirkətlərinin direktorları həbs ediliblər

“Hayan E” MTK-nın direktoru Rafiq Nəsirov və “PROGRESS-2016” MTK-nın direktoru Emil Səməndərov həbs ediliblər.
Bu barədə bu gün, dekabrın 27-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Həmin məlumata görə, onlar bir mənzili bir neçə şəxsə satmaqda şübhəli sayılırlar. Rəsmi məlumatda söhbət Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərdən gedir.
R.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir. E.Səməndərova qarşı isə 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələr ilə ittiham verilib.
Hələlik, ittihama həbs edilən şəxslər və onların yaxınlarından münasibət almaq mümkün olmayıb. İttihamlar təsdiqini taparsa, onlara, uyğun olaraq, 10 və 14 ilə qədər həbs cəzası verilə bilər.
Bundan əvvəl də son illər Azərbaycanda bir çox tikinti şirkətlərinin rəhbər şəxsləri eyni ittihamla mühakimə ediliblər.