2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tiranada muzey: Sınaq laboratoriyası, işgəncə otağı…

Albaniyanın bu muzeyi turistlərin ən çox marağına səbəb olan yerdir

Tirana şəhərinin mərkəzində ikimərtəbəli bina var ki, ziyarətçilərində maraq qarışıq qorxu hissi yaradır.

Hasara alınmış divarlar və böyük ağaclar binanı gizlətməyə çalışsa da, yoldan ötənlərin əksəriyyəti buranın keçmişindən xəbərdardır.

Saytların yığılması Saytlarin yigilmasi

“Yarpaqlar Evi” adlanan sadə görünüşlü bu binanın 1931-ci ildə inşa edildiyi və Albaniyada ilk özəl doğum evi kimi fəaliyyət göstərdiyi məlumdur.

Bina İkinci Dünya müharibəsi zamanı “Gestapo”nun (Alman Dövlət Gizli Polisi) nəzarətinə keçib. Müharibədən sonra, 1991-ci ildə kommunist rejiminin süqutuna qədər isə binada “Siqurimi”- Alban məxfi polisinin qərargahı yerləşib.

İkinci Dünya müharibəsinin sonunda qurulan və demək olar ki, yarım əsr davam edən kommunist rejimi dövründə Albaniyanın özünün tarixi kimi, “Yarpaqlar Evi” də uzun müddət naməlum bir sirr olaraq qalıb.

Sirlərlə dolu “Yarpaqlar Evi” – Gizli Müşahidə Muzeyi

“Siqurimi” məxfi xidməti 1944-cü ildə Albaniya Xalq Sosialist Respublikasının rəhbəri Ənvər Xoca tərəfindən yaradılıb. Məqsədi isə mövcud siyasi sistemi saxlamaq və müxalif hərəkatları yatırmaq olub.

1990-1992-ci illərdə Albaniyada kommunist rejiminin süqutundan sonra məxfi xidmətin də fəaliyyəti dayandırılıb.

Bina 2017-ci ildən etibarən Albaniya tarixinin qaranlıq bir dövrünə nəzər salan – Gizli Müşahidə Muzeyinə çevrilib.

“Yarpaqlar Evi” (Gizli Müşahidə Muzeyi) hazırda Albaniyada açılan ən yeni və turistlərin böyük marağına səbəb olan məkandır.

Bilet qiyməti isə – 700 lek, təxminən 10 manatdır.

İnsanların pıçıltısı, yarpaqların xışıltısı

Bina fasadını örtən sarmaşıqlara görə “Yarpaqlar Evi” adını daşıyır. Yarpaqların xışıltısı isə sanki Albaniyanın keçmişindən gələn pıçıltılara bənzəyir. Yarpaqların iki sətiraltı mənası olduğu deyilir: meşədə gizlədilənlər və ya insanlar üçün buraxılan qovluqlar.

Binanın girişindəki löhvədə – “Bu muzey, kommunist rejimi dövründə gizli izlənilən, təqibə məruz qalan, həbs olunan və edam edilən günahsız insanlara həsr olunub”, – yazılıb.

Dinləmə, izləmə, sınaq laboratoriyaları

“Yarpaqlar Evi” bir-biri ilə bağlı olan otuz bir otaqdan ibarətdir və hər birinin xüsusi funksiyası var. Burada telefon danışıqlarını dinləmə otaqları, fotoların aşkarlanması, həmçinin silah kimi istifadə edilən bioloji və radioaktiv kimyəvi maddələri yoxlamaq üçün laboratoriyalar mövcuddur.

Muzeydəki sərginin yarıdan çoxu dinləmə aparatlarıdır. Avadanlıqlara baxan zaman, anlayırsan ki, “Siqurimi”nin ixtiyarında dövrünün ən müasir texnologiyası olub. Eksponatların arasında Almaniya, Rusiya, Yaponiya və Çin istehsalı bahalı müşahidə avadanlıqları var.

Əsassız həbslər, işgəncələr və edamlar

Muzeyi gəzərkən divarlardakı yazılar diqqəti cəlb edir. Onlardan birində “Bir söz, mahnı, təsadüfi görüş düşmənçilik fəaliyyəti hesab edilə bilər”, – deyilir.

Mühakimə olunan, həbsə atılan və edam edilənlərin sonsuz siyahılarından ibarət lövhələr isə tük ürpəndirir.

Məhbuslara işgəncə verilən otağın divarlarında işgəncələri əks etdirən təsvirlər var.

Divarda yazılan digər bir sitatda isə “Ola bilsin, mən o vaxt belə düşünmürdüm. Lakin sonralar fikirləşdim ki, üzr istəməyən bu insanlar ifrat dərəcədə cəsarətli olublar”, – deyilir.

Mövcudluğunun sonuna yaxın, 1990-cı ildə “Siqurimi”nin 15000 işçisi olduğu bildirilir.

Bəs rəqəmlər nə deyir?

Balkan Araşdırmaçı Reportyorluq Şəbəkəsinin (BIRN) hesabatına deyilir ki, kommunist rejimi dövründə hətta heç bir casusluq faktı olmayan insanlar həbsə atılıb, bir çoxunun həyatına son qoyulub.

Rəsmi rəqəmlərə görə, Ənvər Xocanın hakimiyyəti dövründə siyasi edamların sayı 6027 nəfərdir. 984 nəfər həbsxanalarda (308 nəfər ağlını itirib), 7000 nəfərdən çoxu əmək düşərgələrində və deportasiya zamanı həlak olub.

34135 nəfər siyasi ittihamlarla müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. 59000 nəfər tərbiyə düşərgələrinə göndərilib. Həmçinin yüzlərlə işgəncə halları sənədləşdirilib.

Rəsmi statistikaya əsaslanan digər hesablamalarda da oxşar rəqəmlər verilir.

5487 siyasi edam (5037 kişi, 450 qadın), həbsxanalarda 995 ölüm (988 kişi, 7 qadın), 34155 siyasi məhbus (26778 kişi, 7367 qadın), repressiyaya məruz qalan 1253 əcnəbi (1215 kişi, 38 qadın).

Albaniya Kommunizm Cinayətlərinin Tədqiqi İnstitutu isə 21,3 min nəfərin edam edildiyini, 10 min nəfərin işgəncədən öldüyünü, 64,1 min nəfərin siyasi məhbus (orta həbs müddəti 9 ildir), 220 min nəfər deportasiya edildiyini bildirir.

Həbslər, sorğu-suallar, məcburi əmək, polis nəzarəti Albaniya əhalisinin üçdə birinə tətbiq edildiyi iddia edilir.

Arxivlərin açılması

Albaniya 1995-ci ildə “Kommunist rejimi dövründə siyasi, ideoloji və dini səbəblərə görə törədilmiş soyqırım və insanlığa qarşı cinayətlər haqqında” qanun qəbul edib.

Daha sonra həmin illəri əhatə edən arxiv materialları – fotolar, sənədlər və s. ictimaiyyətə təqdim olunub.

Arxiv sənədləri hazırda Gizli Müşahidə Muzeyində sərgilənir.

Bura 2020-ci ildə isə Avropa Şurasının Muzey Mükafatı üzrə “İlin Muzeyi” seçilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button