2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tofiq Yaqublunun həyat yoldaşı da aclığa başladı

Yayımlandı: 7 Yanvar 2023 18:04

“İlham Əliyev mənim ailəmi pərən-pərən edib, dağıdıb“

Milli Şuranın və Müsavat Partiyasının üzvü, yanvarın 5-dən həbsdə aclıq aksiyası Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu da bu gündən (yanvarın 7-dən) aclığa başladığını açıqlayıb. O bildirib ki, həyat yoldaşına dəstək olaraq, bu addımı atmaq qərarı verib.

Saytların yığılması Saytlarin yigilmasi

Yanvarın 7-də inzibati həbs olunanların saxlandığı təcridxanada həyat yoldaşıyla görüşən Maya Yaqublu onun durumunun ağır olduğunu bildirib:

“Təcridxanada görüş günümüz idi. Düşündüm ki, bəlkə sovqatı qəbul edib, mənimlə görüşməyə imkan verərlər, Tofiq Yaqublunun tələblərini yerinə yetirərlər. Nəticədə Tofiq Yaqublu aclığı dayandırar. Ancaq sovqatı qəbul etmədilər. Təkid edəndən sonra görüşməyə icazə verdilər”.

Maya Yaqublu deyir ki, şüşə arxasından görüşüblər, təxminən on dəqiq ərzində danışıblar. Həyat yoldaşının sözlərinə görə, Tofiq Yaqublu aclığa başlamamışdan öncə də təcridxanada normal qidalanmırmış.

“Onu görəndə şoka düşdüm. Dəhşətli dərəcədə arıqlamışdı. Orada verilən yeməklər həddindən artıq keyfiyyətsiz olduğuna görə yeyə bilməyib. Yalnız peçenye ilə qidalanırmış. Saxlandığı kamerada adam çox olduğundan, apardığım peçenyelərin də cox az hissəsi ona çatıb. Yəni aclıqdan əvvəl də normal qidalanmayıb. Üstəlik, ayın 5-dən də aclıq edir. Tofiqin vəziyyəti çox pisdir. Hər an faciə baş verə bilər. İlham Əliyev mənim ailəmi pərən-pərən edib, dağıdıb. İndi də məhv eləmək üzrədir. Mənim ailəmə nələr yaşatmayıb…”, – Maya Yaqublunun sözləridir.

O əlavə edib ki, Tofiq Yaqublunun illərdir ardıcıl həbs olunması, işgəncəyə məruz qalması onun səhhətində kəskin problemlər yaradıb:

“Biz neçə dəfə onu ölümün caynağından geri almışıq. Mən həmişə həyat yoldaşıma dayaq olmuşam. Baxmayaraq ki, mənim də səhhətimdə ciddi problemlər var, amma hər şeyə rəğmən, bu gündən evimdə aclıq edirəm. Öləcəyiksə, bərabər öləcəyik…”

Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb. O, həmin gün Səbail rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası kəsilib.

Tofiq Yaqublu Fəvvarələr meydanında polislər tərəfindən saxlanılarkən jurnalistlər həmin anları çəkib. Videodan görünür ki, Tofiq Yaqublu daha bir nəfərlə birlikdə gəlir. “Mc Donald’s”ın qarşısında jurnalistlər onlara yaxınlaşanda polislər hücum edərək, Tofiq Yaqublunu götürüb aparırlar. Siyasi fəalın səsi eşidilir, o, polislərdən qolunu möhkəm sıxmamalarını istəyir. Bildirir ki, qolu zədələnib.

Bakı Apelyasiya Məhkəməsində yanvarın 5-də hakim bu görüntülərə baxsa da, şikayəti təmin etməyib – 30 sutkalıq həbs qərarı qüvvədə saxlanıb. Bundan sonra Tofiq Yaqublu aclığa başladığını elan edib.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

Bundan öncə 2021-ci il dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən etiraz aksiyasında saxlanmışdı, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.

Ondan öncə də Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi etiraz aksiyasında saxlanmışdı, ona 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da apelyasiya məhkəməsində siyasi fəal ona verilən işgəncələrdən danışmışdı.

Üç dəfə isə barəsində cinayət işi başlanıb, illərlə həbsdə saxlanıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button