2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tofiq Zülfüqarov: “Aprel döyüşündən sonra yaranan münbit şəraitin üzərindən artıq xətt çəkilib”

24saat.orq sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir.

– Hazırda Rusiya-Amerika qarşıdurması var və tərəflər bir-birini hədələyir. Hətta bir-birinə hərbi baxımdan daha ağır zərbələr vura biləcəklərini ifadə edirlər. Vəziyyəti necə xarakterizə edirsiniz?

– İlk öncə nəzərə almalıyıq ki, bu iki dövlət arasında qarşıdurma çoxdandır ki, mövcuddur. Münasibətlərdə daima böhran müşahidə edilir. Hesab edirəm ki, Rusiya ilə Amerika münasibətlərində yaranan qarşıdurma dünyanın digər regionlarına təsirsiz ötüşməyəcək. Məncə, bu vəziyyət Cənubi Qafqazda gedən proseslərə də təsirini göstərə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

– Rusiya-ABŞ arasında indiki qarşıdurma yeni müharibəyə səbəb ola bilərmi?

– Mən belə ehtimala inanmıram. Hesab edirəm ki, münasibətlər böhran şəklini alıb, lakin ciddi hərbi toqquşmaya gətirib çıxarmaz. Təbii ki, hərbi cəhəti götürsək bu vəziyyət ayrı-ayrı nöqtələrdə özünü büruzə verə bilər. Məsələn, Suriyada. Amma birbaşa hərbi toqquşmaya səbəb olacağını güman etmirəm.

– ABŞ Dövlət Departamenti açıq bəyan etdi ki, Hələbdə baş verən insan ölümü səbəbindən Bəşər Əsədin ordusuna ciddi zərbə vura bilər. Rusiya isə elan etdi ki, Əsədə zərbə vurmağa cəhd olunsa ABŞ layiqli cavabını alacaq…

– Böhran mövcuddur. Amma inanmıram ki, hərbçilər arasında qanlı toqquşmalar olsun. Mən bu ehtimala inanmıram və inanmaq da istəmirəm.

– Bu qarşıdurma hansı itkilərə gətirib çıxara bilər?

– İlk öncə bizə bəllidir ki, güclü tərəf deyən də bu istər-istəməz Amerikadır. Həm hərbi, həm də iqtisadi cəhətdən. Mən demirəm ki, Rusiya hərbi cəhətdən zəifdir. Rusiyanın nüvə silahı var. Amma digər komponentlərə baxanda Amerika ilə müqayisədə aşağıdır. Zənn etmirəm ki, Suriyaya görə Rusiya və ya ABŞ nüvə silahı istifadə edə, dünyanın məhvinə gedərlər. Məncə, böhrandan öncə vəziyyət necə idisə, eləcədə qalacaq. Çünki ortada həm də balans mövcuddur.

– İki ölkə arasında əlaqələr tam kəsilə, qarşıdurma soyuq müharibə mərhələsinə daxil olacaqmı?

– Bunu zaman göstərəcək.

– ABŞ Suriyada Rusiya ilə anlaşmadan çıcdığını elan edib. Rusiya isə ABŞ-la nüvə sahəsində əməkdaşlığı dayandırığını bəyan edib. Bunlar ciddi siqnal deyilmi?

– Sözsüz ki, ciddi məsələlərdir. Ancaq açığını deyim, mən bilmirəm Rusiyanın Suriyada maraqları nədən ibarətdir. Bunu demək çətindir. Konkret Rusiya dövlət marağı, iqtisadiyyatı və siyasəti üçün Suriyada Əsədi dəstəkləmənin hansı üstünlük və dvidentlərinin olduğu anlaşılmazdır. Elə mənzərə yaranıb ki, sanki Rusiya ABŞ və Qərbə Suriyada öz mövqeyini və varlığını göstərmək istəyir. Amma bu maraqların nədən ibarət olduğunu demək çətindir. Fikrimcə, böhran davamlı olmaz. Mən inanmıram ki, bu prinsiplərə görə, bu iki fövqəldövlət bir-birinə nüvə silahı atsın. Aydındır ki, ABŞ super gücdür və dünyanın hər yerində siyasətini həyata keçirmək üçün addımlar atır. Ancaq Rusiyanın Suriyadakı fəaliyyəti sanki süni bir aktivlikdir. Vəziyyət təxminən bu cürdür.

– ABŞ-Rusiya qarşıdurması Dağlıq Qarabağ məsələsinə hansı formada təsir edəcək?

– Əvvəla deyim ki, Con Kerri elan etdi ki, liderlər Qarabağ münaqişəsinin həllinə hazır deyil. Doğrusu, mən Con Kerrinin bu bəyanatını mənasız və lazımsız sayıram. Burada konkretlikdən söhbət gedirsə, o zaman açıq demək lazımdır ki, hansı lider kompromis və irəliləyişə hazır deyil. Söhbət təbii ki, Ermənistandan getməlidir. Bu baxımdan ABŞ xarici siyasətinin rəhbərini təmsil edən şəxs olaraq Con Kerri konkret danışmalı idi. Ancaq indi verilən bəyanatda sanki günahı olan tərəf ört-basdır edilir. Hesab edirəm ki, indiki mərhələdə bu bəyanat Qarabağ münaqişəsinin həlli prosesinə ziyan gətirir.

– Rusiya Ermənistana “İsgəndər” kompleksləri verdi. Ardınca ABŞ xarici işlər naziri Con Kerri elan etdi ki, liderlər Qarabağ münaqişəsinin həllinə hazır deyillər. Bu faktiki olaraq 2 aprel döyüşlərindən sonra Azərbaycan tərəfi üçün danışıqlar prosesində yaranan üstün şəraitin üzərindən xətt çəkmək deyilmi ?

– Apreldən sonra bəzi ümidlər yaranmışdı. Məndə də ümidlər yaranmışdı və bu haqda danışırdım. Lakin Rusiyanın Ermənistana “İsgəndər” komplekslərini satdıqdan, habelə ABŞ dövlət katibi Con Kerrinin məlum bəyanatından sonra bu ümidlərim azalıb, yox səviyyəsindədir. Apreldən sonra bu prosesin dirilməsinin yeganə səbəbi var idi. O da, bununla bağlı idi ki, aprel savaşından sonra erməni tərəfi reallığa yaxın olacaq. Amma Ermənistana raket komplekslərinin verilməsi onu göstərir ki, ictimaiyyətdə gedən prosesləri sanki ört-basdır edilir. Qeyd olunurdu ki, hərbi balans pozulub, Azərbaycan daha güclüdür, odur ki, kompromisə getmək lazımdır. Fikrimcə, erməni tərəfinə raket kompleksləri verməklə yeganə olan bu amilin üzərindən xətt çəkdilər. Məsələ ondadır ki, bu silahları vermək haqda qərar və onun icra edilməsi arasında məsafə onu göstərir ki, Sankt-Peterburq görüşündən sonra Kremli silahları İrəvana ötürmək qərarını verib. Beləcə münaqişənin həllinin baş verəcəyinə dair mövcud olan ictimai fikrin üzərindən xətt çəkilib. Ermənilər əvvəl anlayırdılar ki, Azərbaycanla müqayisədə hərbi baxımdan zəifdir, artıq balans onların əleyhinə pozulub. Bu silahları əldə etdikdən sonra isə deyəcəklər ki, biz nəyə görə, kompromisə getməliyik, silahımız var və s. Təəssüflər olsun ki, fövqəldövlətlərin bu addımları sülh prosesinə doğru olan ümidlərin üzərindən xətt çəkdi. Con Kerrinin bəyanatı da onu göstərdi ki, biz Ermənistana gözlədiyimiz siyasi təzyiq olmayacaq. Bir tərəfdən Rusiya silah ötürür, digər tərəfdən ABŞ-n təzyiqi olmayacaq. Başqa sözlə, proses tamam dayanacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button