2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tokayev Nazarbayevin qohumlarını nə qədər sıxır. Gizli sövdələşmə?

Nazarbayev deyib ki, “mənim adımın arxasında gizlənərək” cinayət törədən hər kəs ədalətli məhkəmə qaydasında mühakimə olunmalıdır

Saytların yığılması Saytlarin yigilmasi

Bu ilin yanvarında Qazaxıstanda etirazlar zamanı prezident Qasım-Jomart Tokayev xalqa müraciətində islahatlardan danışmış, sələfi Nursultan Nazarbayevin ailəsinə aid imtiyazların qorunmayacağını demişdi.

Doqquz ay keçəndən, hətta Nazarbayevin adının paytaxtın üstündən götürülməsindən sonra belə “nazarbayevsizləşdirmə” siyasətinin nələri əhatələdiyi məlum deyil. Bu xüsusən də ölkə iqtisadiyyatına aiddir. Keçmiş birinci ailə hələ də iqtisadiyyatın xeyli hissəsinə nəzarət edir.

Tokayevin 11 yanvar çıxışı zamanı ölkədə gərginlik yüksək idi. Çıxışdan bir həftə öncə ölkənin qərbindəki Manqıstauda yanacaq qiymətlərinin yüksəlməsi səbəbindən baş qaldıran dinc etirazlar ölkənin hər yerinə yayılan iğtişaşlara çevrildi. Hüquq mühafizə qurumları və ordu etirazları zorakılıqla yatırtdı.

Toqquşmalarda 230-dan çox insan həyatını itirdi. Onların arasında etirazlara qatılmayan dinc sakinlər də vardı. Almatı və digər şəhərlərdə çoxlu dağıntı törədildi.

Tokayev etirazçıları “terrorçu” adlandıraraq Rusiyanın rəhbərlik etdiyi KTMT qoşunlarını ölkəyə çağırdı. KTMT qüvvələrinin daxili etirazları yatırmaq üçün ölkəyə girməsi birmənalı qarşılanmadı.

O zaman hələ “Elbası” (“Elbaşı” – tərc.) titulunu daşıyan Nazarbayev ictimaiyyət arasına çıxmırdı.

Nazarbayevin qohumlarının Tokayevi devirməyə çalışması haqda şayiələr yayılırdı. Hərçənd Tokayevi 2019-cu ildə Nazarbayevin özü seçərək prezident kürsüsünə oturdub.

Tokayev parlament və nazirlər kabineti qarşısındakı çıxışında sələfinin o zamanadək toxunulmaz irsinə kölgə saldı.

“Birinci prezidentimiz Elbasının sayəsində bu ölkədə bir sıra çox gəlirli şirkətlər və hətta beynəlxalq standartlara görə də zəngin insanlar təbəqəsi meydana gəlib. Hesab edirəm ki, Qazaxıstan xalqının borcunu qaytarmaq, ona mütəmadi və müntəzəm kömək etmək vaxtı gəlib”, – o deyib.

Həmin vaxt Facebook-da bir jurnalist belə yazmışdı: “Bu gün [Qazaxıstan] “Elbası sayəsində” kəlməsini tamamilə fərqli yöndən eşitdi”.

Tokayev bununla da kifayətlənmədi. O, “dostlara hər şey, qalan hər kəsə qaydalar” adlandırdığı subsidiyalar sisteminə qarşı hücuma keçdi.

Prezident Nazarbayevin kiçik qızı Aliya Nazarbayevaya bağlı olduğu bilinən və xalqın arasında son dərəcə qeyri-populyar olan şirkətin utilizasiya ödənişlərini toplamaq mandatının əlindən alınacağını elan etdi.

Qarşıdakı günlər və həftələr ərzində Nazarbayevanın əri və böyük bacısı Dariqa Nazarbayevanın sevgilisi neft və qaz sektorundakı aparıcı şirkətlərdə rəhbər vəzifələrini itirdilər. İlk növbədə sosial layihələrlə məşğul olan Xalq Fondu yaradıldı.

Nazarbayev ailəsinin üzvlərinin fondun ilk donorları arasında olduğu deyilir.

İyunun 5-də isə Qazaxıstanda Nazarbayevi “Elbası” titulu və siyasi imtiyazlardan məhrum edən konstitusiya düzəlişini qəbul etmək üçün referendum keçirildi. Tokayev “məhdud çevrədə adamların ölkənin sərvətinin böyük hissəsini qanunsuz ələ keçirdiyini” deyib Qazaxıstandan qanunsuz çıxarılan pulların geri qaytarılması” üzrə komissiyanın yaradıldığını elan etdi.

İyulda isə komissiya 500 milyon dollara yaxın vəsaitin ölkəyə repatriasiya edildiyini açıqladı.

Avqustda isə Tokayev qəfildən özünə yeni yeddi illik mandat təmin etmək üçün seçki keçiriləcəyini bildirdi. Bu həftə o, ölkənin Karaqanda və Pavlodar bölgələrinə səfəri zamanı “oliqarxiya kapitalizmi erasına” son qoyacağını vəd etdi.

Paytaxt Astanaya öz adının qaytarılması və Nazarbayevin şərəfinə bayramın ləğvi kimi addımları əhatə edən trendə cəmiyyətdə “nazarbayevsizləşdirmə” adı verilib.

Ancaq bütün bunlarla yanaşı Nazarbayev klanının yalnız iki üzvünə rəsmi cinayət işi açılıb.

Sentyabrın 26-da Nazarbayevin bacısı oğlu Kayrat Satıbaldı keçmiş prezidentin haqqında hökm çıxarılmış ilk yaxın qohumu oldu. Paytaxt məhkəməsi milli telekommunikasiya operatoru “Kazaxtelecom”u və “CTS” dəmir yolu logistika şirkətini mənimsəməkdə ittiham olunan Satıbaldını altı illik həbs cəzasına məhkum etdi. Bu şirkətlərin ümumi dəyərinin 84 milyon dollar olduğu bildirilir. “CTS” artıq milliləşdirilib.

Satıbaldının ittiham olunduğu digər cinayətlərlə bağlı istintaq hələ davam edir. Nazarbayevin mərhum nəvəsi Aysultan Nazarbayevin qaynatası Kayrat Boronbayevin də dövlət neft şirkəti “KazMunaiGaz”a qarşı fırıldaqçılıq əməlinə görə cəzaya məhkum ediləcəyi gözlənilir.

Boronbayev daha çox Qazaxıstandakı “McDonald” frənçayzının və Almatının ən iri futbol klubu “FC Kairat Almaty”nın sahibi kimi tanınır.

Politoloq və müxalifət fəalı Dimaş Aljanov deyir ki, Nazarbayevin yaxın qohumlarının həbs olunmaması keçmiş və indiki prezidentlər arasında sövdələşmədən xəbər verir. O ehtimal edir ki, bu sövdələşmə 82 yaşlı Nazarbayev həyatda olduqca “qüvvədə qalacaq”.

Nazarbayevin yanvar hadisələrindən sonra Qazaxıstandakı bizneslərinin bir hissəsini itirən daha bir qohumu kiçik qardaşı Bolatdır. Çox sayda bazara sahib olduğundan ona bəzən “bazar kralı” da deyirlər.

69 yaşlı keçmiş santexnik Bolat Nazarbayevin Qazaxıstanda nəhəng torpaq sahələri və bahalı əmlaklara malik olduğu məlumdur. Onun Kann və Nyu York şəhərlərində bahalı daşınmaz əmlakları isə keçmiş arvadı ilə səs-küylü boşanması zamanı işıq üzünə çıxıb.

Bolat Nazarbayevə məxsus iki bazarın bu yaxınlarda dövlətə təhvil verildiyi bildirilsə də, Aljanov ona qarşı rəsmi qaydada ittiham irəli sürülməyəcəyi qənaətindədir.

İyulda dövlətə yaxın media Bolat Nazarbayevin xəstə göründüyü şəkillərini dərc etmişdi. Aljanov deyir ki, bu, “ictimai rəyə təsir etmək cəhdi” idi.

“Bütün bu korrupsiyanın səbəbkarı olan Nazarbayevsə vaxtını Qazaxıstan və Dubay arasında keçirir və bəzən ictimaiyyət arasına çıxır”, – deyə Aljanov əlavə edib. O, Satıbaldıya hökmü “yumşaq” adlandırır.

Nazarbayevin özünə gəlincə, o, mayda qohumları ilə bağlı başlanan araşdırmalar haqda ilk və yeganə açıqlamasını verib. O deyib ki, “mənim adımın arxasında gizlənərək” cinayət törədən hər kəs ədalətli məhkəmə qaydasında mühakimə olunmalıdır.

“Biz illərlə Qazaxıstanda hüquqi dövlət qurmuşuq. Onun əsas prinsipi qanunun hər kəs üçün eyni olmasıdır”, – o deyib. Ancaq deyəsən, o bu sözlərin arxasındakı ziddiyyətin çox da fərqində olmayıb.

24 saat” “
Tokayev Nazarbayevin qohumlarını nə qədər sıxır. Gizli sövdələşmə?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button