2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tomas de Vaal: “Əliyev yeni genişmiqyaslı münaqişədə maraqlı deyil, amma…”

Ekspert ermənilərə təzyiqi istisna etməyib

“Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni genişmiqyaslı münaqişədə maraqlı deyil”.

Bunu Karnegi Fondunun aparıcı analitiki və Qarabağ münaqişəsi üzrə eksperti Tomas de Vaal “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Tomas de Vaal 2023-cü ilin gərgin və çətin olacağından narahatlığını ifadə edib, lakin o, ümid edir ki, yeni münaqişə olmayacaq:

“Təbii ki, ciddi danışıqlar gedənə qədər münaqişə olmayacaq. Məsələ ondadır ki, ciddi danışıqlar getmir və 2020-ci ilin noyabr bəyanatı da faktiki olaraq yerinə yetirilmir. Bu razılaşmanın əsas şərtlərindən biri olan Laçın dəhlizində tranzit yoxdur. Ancaq hazırda orada yeni münaqişənin simptomları mövcuddur”.

Ekspert hesab edir ki, qarşıdurma olarsa, onun miqyasının 2020-ci ildəkindən daha kiçik olacaq:

“Bu, ola bilsin ki, erməni tərəfinin hərbi resurslarının daha az olmaısndan irəli gəlir. Həm də düşünürəm ki, Əliyev yeni genişmiqyaslı münaqişədə maraqlı deyil. Daha doğrusu, ola bilsin ki, onun istədiyi danışıqlar yolu ilə nəticə verməsə, guya erməni tərəfinə təzyiq cəhdi olacaq”.

“Rusiya niyə prosesə müdaxilə etmir?” sualına Tomas de Vaal belə cavab verib:

“Daha ümumi səbəb budur ki, Rusiyanın bütün hərbi, iqtisadi və siyasi resursları indi Ukraynaya yönəlib. Təbii ki, Qarabağda sülhməramlı missiyası qalır, lakin kontingent o qədər də güclü və bir il əvvəl olduğu kimi peşəkar deyil. Həmçinin Moskva uzun illərdir ki, Bakı və Yerevanla yaxşı münasibətlərə ümid edib. İkinci amil isə Rusiya Azərbaycanı qıcıqlandırmaq istəmir”.

O hesab edir ki, son hadisələr 2020-ci ilin noyabr razılaşmalarını və Rusiyanın nüfuzunu sarsıdıb:

“Çünki Rusiyanın, sülhmərmalı kontingentin Qarabağdakı missiyası Laçın yolunun açılmasına cavabdehlikdir”.

Analitikin sözlərinə görə, Rusiya 30 ildir ki, Ermənistanla Azərbaycan arasında manevr edir:

“Təbii ki, 2020-ci il müqaviləsində yazıldığı kimi, Naxçıvana gedən yolun açılmasında və bu yolun təhlükəsizliyinin FSB tərəfindən təmin olunmasında Moskvanın marağı var. Amma Moskvanın başqa marağı da var ki, Qarabağdakı missiya daha uzun müddət qalsın, xüsusən 2025-ci ildən sonra. Hesab edirəm ki, Moskva ermənilərə təzyiqin əleyhinə deyil. Həm Bakıda, həm də Moskvada belə bir təəssürat var ki, erməni tərəfi danışıqları süründürür”.

“Düşünürəm ki, həm Moskva, həm də Bakı sülh sazişinin 2022-ci ildə olacağını gözləyirdi. Amma bu təzyiqin davam etməsini nə qədər istəyirlər, onu indidən demək çətindir. Təbii ki, Bakının belə bir fikri var ki, Ruben Vardanyan Kremlin layihəsidir, Putin də onun himayədarıdır. Ancaq mən belə düşünmürəm. Əlbəttə, Vardanyan Qarabağa gəlişi də danışıqlar prosesini xeyli çətinləşdirib”, – deyə o bildirib.

Vardanyanla bağlı jurnalistin “Niyə belə düşünürsünüz?” sualına ekspert cavab verib ki, çünki o, daha güclü fiqurdur:

“Ancaq Bakıda yerli ermənilərlə danışıqlar apara biləcəklərini düşünürdülər. Təbii ki, Vardanyana münasibətdə şübhələr mövcuddur. İqtisadi amil də var. Yazırlar ki, Qarabağ yaxınlığındakı yataqlar, mədənlər ətrafında Rusiya ilə Azərbaycan arasında, guya, iqtisadi maraqların toqquşması var”.

Tomas de Vaal onu da vurğulayıb ki, Avropa İttifaqı Bakı və Yerevanda daha çox, Stepanakertdə isə (Xankəndi) daha az etimad göstərilən neytral, nüfuzlu vasitəçidir:

“Amma yenə də əsas diplomatik oyunçular Bakı və Yerevandır. Bununla belə, Avropa İttifaqı prosesdə nə qədər çox iştirak etsə, bir o qədər yaxşıdır. Ümid var ki, bu il danışıqların yeni raundu olacaq. Əliyev və Paşinyan arasında danışıqlar Şarl Mişelin vasitəçiliyi ilə başlayacaq. Mən, sadəcə, başqa variant görmürəm və hesab edirəm ki, bununla həm Bakıda, həm də Yerevanda sülh yolu ilə çox şeyə nail olmaq olar”.

“2025-ci ildə Qarabağda nə baş verəcəyini müzakirə etməyə başlamağın vaxtıdır: missiya nə olacaq, Rusiya, yoxa beynəlxalq missiya?”, – deyə ekspert söyləyib.

Onun sözlərinə görə, Qərbdə Azərbaycana qarşı hər hansı sanksiya variantı müzakirə olunmur:

“Qərbin rəğbəti böyük ehtimalla Ermənistan tərəfindədir. Düşünürəm ki, Qərbin siyasəti başqadır, indi dünyada baş verən hər şeyi nəzərə alsaq belə, Azərbaycanla hansısa tərəfdaşlıq qurmaq istəyi var”.

Tomas de Vaal onu da deyib ki, Azərbaycanın Laçın dəhlizi ilə bağlı iddialarını başa düşmək olar:

“Azərbaycanın daha praqmatik mülahizələri var ki, əvvəllər Laçın dəhlizində şəffaflıq olmayıb. Piyada minaları, silahlar aparılırdı, şəffaf rejim yox idi”.

Laçın dəhlizindəki aksiyanın qısa xronikası

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button