Cəmiyyət

Total nəzarət, yoxsa zəruri tədbir? – Daimi yaşayış yerini dəyişənlər müvəqqəti qeydiyyata düşməsələr, cərimələnəcəklər

Daxili İşlər Nazirliyi çərşənbə axşamı yaydığı məlumatda bildirib ki, ölkədə yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşlar cərimələnəcək.

Nazirlik hesab edir ki, bir çox hallarda vətəndaşların yaşadığı ünvan üzrə qeydiyyatının olmadığı müşahidə edilir, bu isə müvafiq dövlət qurumunun qeydiyyatı yaşadığı yerə olmayan hər hansı vətəndaşı axtaranda  onu tapmaq çətinliyi yaradır.

Polisin qeydiyyatı yaşadığı yerə olmayan vətəndaşları cərimələməyə başlaması sosial şəbəkələrdə geniş müzakirə doğurub.

BBC-yə danışan şikayətçi Fərid İsmayılov deyir ki, polis onu dostunun evində müvəqqəti qaldığı halda 30 manat cərimələyib və xəbərdar edib ki, əgər yaşadığı yerə qedyiyyata düşməsə, yenə cərimələnəcək.

“Dostumun evində qaldığıma görə cərimələndim”

Bakıda yaşayan Fərid İsmayılov Kəlbəcər rayonunun Ziveyli kəndində qeydiyyatdadır. O, Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsində daimi yaşasa da, ayda bir neçə dəfə payaxtın Nəsimi rayonunda yerləşən dostunun evində qaldığı üçün cərimələnib.

Onun sözlərinə görə, sahə müvəkkili yanvarın 13-də onu 30 manat məbləğində cərimələyib.

“Bəzən işdən gec çıxıram, bəzən tıxac olur deyə dostumun evində ay ərzində 4-5 gün qalmışam. Sahə müvəkkili mənim orada müvəqqəti qaldığıma inanmadı, israrlarıma baxmayaraq, protokol yazıb nüsxəsini də mənə vermədi”, – Fərid İsmayılov BBC-yə deyib.

Müsahibimiz əlavə edib ki, sahə müvəkkili ona müvəqqəti olduğu yerdə qeydiyyata düşməsə, vaxtaşırı cərimələnəcəyi ilə bağlı xəbərdarlıq edib.

Fərid İsmayılov polisin onu qanunsuz cərimə etməsindən Daxili İşlər Nazirliyinə şikayət edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev BBC News Azərbaycancaya deyib ki, şikayətçi polisin qərarı ilə razı deyilsə, nazirlik bu məsələni araşdıracaq.

“Əgər verilmiş qərarda hüquqa zidd hal varsa, qanunvericiliyə uyğun tədbir görüləcək, anormal hal sübuta yetirilsə, vətəndaş barəsində görülən inzibati tənbeh qüvvədən düşəcək”, – Elşad Hacıyev deyib.

Sosial şəbəkələrdə polisin yaşayış yerində qeydiyyata düşməməklə bağlı vətəndaşları cərimələməsi məsələsi geniş müzakirələrə səbəb olub.

Bəzi sosial media istifadəçiləri hesab edirlər ki, xüsusilə Bakıda qeydiyyatı ayrı-ayrı şəhər və rayonda on minlərlə vətəndaş yaşadığından bu cərimələnmə kütləvi xarakter daşıyacaq və bir sıra problemlər yaradacaq.

Problemlər sırasında minlərlə insanın kirayədə qaldığı, ya kirayə müqaviləsinin olmaması və ya kirayə mənzilin hüquqi sənədinin olmaması səbəbi ilə yaşadıqları ünvan üzrə qeydiyyata düşməkdə çətiniklə üzləşə biləcəkləri göstərilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə Bakıda rəsmi qeydiyyatda olan əhali (2.3 mln. nəfər) ölkə əhalisinin (10,1 mln. nəfər) 23 faizindən də azdır.

Amma iqtisadçı Rövşən Ağayevin Bakı Araşdırmalar İnistutunda dərc edilən tədqiqatında deyilir ki, təkcə Abşeron rayonunda qeydiyyatsız yaşayanlar nəzərə alınmaqla real əhali sayı statistikada əks olunan göstəricidən az qala 2 dəfə çoxdur.

“Cərimə 40 gün müddətində ödənilməlidir”

Daxili İşlər Nazirliyi vətəndaşların yaşayış yeri və olduqları yer üzrə qeydiyyata düşmə tələbinin Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanuna (10-cu maddə) görə həyata keçirildiyini açıqlayıb.

1996-cı ildə qəbul olunmuş bu qanunda yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməli və olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Gözdən qaçırmayın:  Məhv olan tarix: Zirədəki təmirə ehtiyacı olan qədim evlərdən FOTOREPORTAJ

Qanuna əməl etməyən şəxsi Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibari məsuliyyət gözləyir: ona xəbərdarlıq edilir və ya o, 30 manat məbləğində cərimə olunur.

DİN-in sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya deyib ki polis orqanlarına qanunu pozan vətəndaşlara ilk öncə xəbərdarlıq etmələri tapşırılıb, növbəti dəfə eyni qanun pozuntusu olarsa, cərimələnəcəklər.

Elşad Hacıyev deyib ki, cərimə olunan şəxs həmin cəriməni 40 gün müddətində ödəməlidir və əgər həmin şəxs yaşadığı yer üzrə qeydiyyata düşməsə və bu sonradan təkrar aşkar olunarsa, yenidən cərimələnəcək.

Daxili İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı açıqlamasında deyilir ki, yaşadığı ünvan üzrə qeydiyyatda olmayan vətəndaşı axtaranda tapmaq çətinliyi yaranır:

“Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır”.

DİN sözsüçü deyib ki, sənədsiz evlərdə yaşayan şəxslər evlərinin sənədini düzəldənə qədər ərazidəki polis orqanlarına məlumat verərək yaşadıqları ünvanı bildirə bilərlər.

“Əllərində olan sənədlərlə: bələdiyyə sənədi, övladlarının məktəbə getməsi barədə nə sənədləri varsa, onunla müraciət etsinlər. Məqsəd odur ki, bu tənzimlənmə həyata keçirilsin, dəqiqləşdirmə aparılsın”,- Elşad Hacıyev bildirib.

Nazirlik sözçüsü deyib ki, yaşayış yeri üzrə qeydiyyata düşmək məsələsi tələbələrə də aiddir. Onlar yaşadıqları ərazidəki polis orqanlarına müraciət edə bilərlər.

Elşad Hacıyev vurğulayıb ki, qanun qəbulundan bəri həmişə tətbiq olunub və onun fikrincə, “indi bir qrup adam, evlərini çoxlu şəxslərə kirayə verənlər bu məsələni sosial şəbəkələrdə yayıb diqqət çəkirlər”.

Nazirlik sözçüsü bu qanunun pozulmasına görə nə qədər şəxsə xəbərdarlıq edildiyini və ya cərimələnməsi ilə bağlı statistikanın olmadığını deyib.

“Dünyanın başqa ölkələrində də oxşar qaydalar var. Bizdə bir insan getdiyi yerdə 60 gün qalacaqsa, bu barədə məlumat verməlidir. Əgər 58-59 gün qalacaqsa, bu haqda məlumat verib qeydiyyata düşməyə bilər və bu qanun ona aid deyil. Qısa müddətlərdə gedib-gələnlər, mövsümü işlərdə çalışanlara bu aid deyil”, – Elşad Hacıyev deyib.

“Qeydiyyata düşmək vətəndaşın öz məsuliyyətidir”

Bəs polis necə müəyyənləşdirəcək ki, şəxs olduğu ünvanda 60 gündən çoxdur yaşayır?

DİN sözçüsü Elşad Hacıyev deyib ki, polisin vətəndaşların hansı yerdə nə qədər yaşamasını müəyyən edən xüsusi bir mexanizmi yoxdur.

O hesab edir ki, daimi yaşadığı yeri azı 60 gün dəyişən vətəndaşın bu barədə ərazidəki polisi məlumatlandırması onun öz məsuliyyətidir.

Daxili İşlər Nazirliyi bildirib ki, daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır.

Elşad Hacıyevin sözlərinə görə, müraciətin onlayn forması da nəzərdə tutulub və yaxın vaxtlarda nazirlik bunu ictimaiyyətə elan edəcək.

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button