SEÇMƏ

Toyvo Klaar: Erməni tərəfdə keçirilməli olan monitorinq müvəqqəti xarakter daşıyır”

Yayımlandı: 21 Oktyabr 2022 21:35

“Düşmənçilik səhifəsini birdəfəlik bağlamaq vacibdir”

Avropa İttifaqının Ermənistan sərhədinə monitorinq üzrə göndərdiyi 40 ekspert üzv dövlətlərlə razılaşdırılmış yeganə rəsmi rəqəmdir. Hazırda müvafiq təlim keçən bu mütəxəssislərin gələn həftədən, oktyabrın 24-dən yerləşdiriləcəyini gözləyirik”.

Bu fikirləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “Turan”a müsahibəsində deyib.

Toyvo Klaarın sözlərinə görə, yaxın həftələrdə Ermənistan-Azərbaycan sərhədinin erməni tərəfində keçirilməli olan monitorinq müvəqqəti xarakter daşıyır:

“Bunu Avropa İttifaqı rəsmiləri açıq şəkildə bildiriblər. Həmçinin, 2 aylıq müddət göstərilib. İndiki mərhələdə bu müddətdən yuxarı nəzərdə tutulmur. Monitorinq əsasən yol-patrul və yerlərdə müşahidə vasitələrilə həyata keçiriləcək. Avropa İttifaqının müşahidə potensialı tərəflərə yox, birbaşa Brüsseldə mənzil-qərargaha tabe olacaq”.

Monitorinqin nəticələrinin faydalı olub-olmamasına gəlincə, diplomat deyib ki, Praqada liderlər həmçinin Azərbaycan tərəfdə mümkün yerləşdirmə və hərəkətləri müzakirə ediblər:

Prezident Əliyev açıq şəkildə işarə edib ki, Bakı bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa hazırdır. Biz Azərbaycanın missiya üzvlərinin Azərbaycan tərəfdə fiziki iştirakı olmadan yerlərdə müvafiq subyektlər arasında müntəzəm təmaslar vasitəsilə qarşılıqlı fəaliyyətini gözləyirik. Ümid edirik ki, bu missiya həm də tərəflər arasında inamın yaradılması məqsədinə xidmət edəcək”.

“Sərhədlərin monitorinqi onların demarkasiyasından sonra başlamalı deyilmi” sualına xüsusi nümayəndə 1991-ci il Alma-Ata Bəyannaməsini xatırladaraq əlavə edib ki, həmin sənədi imzalayanlar, o cümlədən Ermənistan və Azərbaycan bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü tanıyıblar:

“Söhbət Ermənistan SSR və Azərbaycan SSR arasında mövcud olmuş sərhəddən gedir. Həmçinin, Ermənistan və Azərbaycanın başladığı delimitasiya və demarkasiya prosesi var ki, bu da sərhəd xəttində müəyyən dəyişikliklərə gətirib çıxara bilər. Lakin bu proses başa çatana qədər sərhədə de-fakto mövcud olduğu şəkildə hörmətlə yanaşmaq lazımdır”.

Toyvo Klaar bildirib ki, monitorinqin funksiyası ilə bağlı qərar Ermənistan hakimiyyətinin sorğusuna cavab olaraq verilib:

“Bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra tərəflər arasında zorakılığın ən ölümcül şəkildə gərginləşməsindən sonra baş tutub. Ümid edirik ki, missiya yerlərdə sabitliyə, eləcə də tərəflər arasında sərhədlərin yekun delimitasiyası üzrə danışıqlara əlverişli şəraitin yaradılmasına töhfə verəcək”.

O, Praqa görüşününü tərəflər arasında irəliləyişə və mühüm danışıqlara nail olmağa imkan verdiyini düşünür:

“Ümid edirik ki, əmin-amanlıq davam edəcək və biz çox insanın həyatına son qoymuş zorakılığın yeni dalğasını görməyəcəyik. Hazırda düşmənçilik səhifəsini birdəfəlik bağlamaq, keçmiş səhvləri təkrarlamaqdan çəkinmək və dinc gələcək naminə tərəflər arasında müsbət ritorikanı təmin etmək vacibdir. Əmin ola bilərsiniz ki, Avropa İttifaqı bu istiqamətdə hər iki tərəflə ciddi qarşılıqlı fəaliyyəti davam etdirəcək”.

Gözdən qaçırmayın:  Zahid Oruc: “İran ordusu Ermənistanın paytaxtını tutmağa çalışır”

“Praqada Avropa İttifaqı tərəfindən, əlavə olaraq Fransa prezidenti Makronun iştirakı ilə keçirilən dördtərəfli görüş Bakı və Yerevan arasında daha bir yüksək səviyyəli qarşılıqlı fəaliyyət oldu”, – Klaar əlavə edir . – Hesab edirəm ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşkil etdiyi əvvəlki görüşlər kimi, bu görüş də tərəfləri sülh sazişinə yaxınlaşdırdı və bir çox məsələ ətrafında fikir mübadiləsi aparmağa imkan verdi”.

Onun sözlərinə görə, bu istiqamətdə mühüm addım Ermənistan və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını təsdiqləmələri oldu.

«Bu sənədlər vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Liderlər həmçinin təsdiqləyiblər ki, bu sənədlər sərhədlərin delimitasiyası komissiyasının işinin əsasını təşkil edəcək”,- Klaar belə deyib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button