AZ24SAAT.ORG

Now Reading:
Troll hökumətin trolları

Yaxud, öz adını özgəsinə qoyanlar

Mübaliğəsiz demək olar ki, bugün sosial şəbəkələr bütün informasiya vasitələrini arxada qoyub və sürətlə irəliləyir. Azərbaycanda 2 milyondan artıq insan feysbuk, instaqram, tvitter və digər sosial platformalardan istifadə edir. Bugün ictimai rəy məhz sosial şəbəkələrdə formalaşır. Avtoritar rejimlərdə isə sosial şəbəkələr hökumətin qara kabusuna çevrilir. Çünki, hökumətin bütün saxta əməlləri ifşa olunur, cəmiyyətə çatdırılır. Azərbaycan kimi azad mətbuatın olmadığı, qəzetlərin, telekanalların, radionun bir əldə cəmləşdiyi ölkələrdə sosial şəbəkələr nəfəslik rolunu oynayır. Faktiki olaraq sosial şəbəkələr hökumətin cəmiyyətdə zərrə qədər də nüfuzunun olmadığını təsdiqləməklə məşğuldu. Hökumət isə bu prosesi durdurmaq üçün feysbuk səhifələrini ələ keçirtməyə, saxta profillər yaratmağa, troll komandası düzəltməyə girişib. Yazımızın əsas hədəfi də məhz bu trollardı. Son zamanlar ən çox istifadə edilən sözlərdən biri də “troll” sözüdür.

Əvvəla qeyd edək ki, “Troll” əslində balıqçılıqla bağlı termindir, ingilis dilində balıq tutmaq üçün istifadə olunan tilov, tilovun ucuna taxılan yem mənasını verir. Skandinaviya mifologiyasında isə dağlarda, meşələrdə və yeraltı mağaralarda yaşayan, ətlə bəslənən, nəhəng, qorxunc varlıqlardır.

“Troll” sözünün internetdəki mənası isə tamam başqadır. Sosial şəbəkələrdə məskən salmış, statusların altında sifarişli şərhlər yazan, saxta hesablarla təxribatçı fikirlər formalaşdıran, ictimai rəyi çaşdırmağa çalışan adamlardı. Artıq belə vəziyyət yaranıb ki, aktiv feysbuk istifadəçiləri əksər trolları profil adından tanıyırlar. Belə hesablar adətən başqa adlarla açılır, belə profillərdə statuslar yazılmır. Yəni, sırf hansısa səhifəni hədəf götürmək, kiməsə çamur atmaq məqsədiylə istifadə olunan hesablardı. Azərbyacanda ictimai rəyə təsiri olan bütün müxalif səhifələrdə trollar aktivdilər.

Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, bu trollar özləri də kim olduqlarını dəqiq bilmirlər. Yəni, onlar da başqalarını troll adlandırırlar. Elə bilirlər ki, sosial şəbəkədə aktiv olan hər kəsə troll deyilir. Hansıki, öz adıyla feysbuk hesabı açmış, kimliyi bəlli olan, hansı təşkilatı təmsil edildiyi bilinən, profilində müxtəlif mövzularla bağlı statuslar paylaşan adamları troll adlandırmaq olmaz. Bir profilin arxasında insan dayanıb, amma o biri profillərin arxasında kimin olduğu bəlli deyil. Bir şəxs 50 profildən şərh yazır və hər profilin də əcaib adları var. Aydın görünür ki, bu profillərin arxasında real insan dayanmayıb. Səbiş, Mətiş, Çəpiş, M, C, B, MDB, NRF, CBS, Sabir 1, Cabir2, Tahir4 kimi profillər minlərlədi. Görünən budur ki, trolluqla məşğul olan adamlar onlara sifariş verən dairələrə dəqiq hesabat vermək üçün nömrələnmiş adlardan istifadə edirlər.

Bir sözlə, həqiqəti yazan, yazdığının arxasında dayanan, cəmiyyətdə tanınan adamlara troll demək absurddur. Trollar hökumətin feysbuka səpdiyi və kimliyi məlum olmayan, eyni mərkəzdən gələn şərhləri dayanmadan paylaşan, əqidəsiz, prinsipsiz, 200-300 manata özünü satışa çıxaranlardı. Əgər “troll” sözünü milliləşdirsək, “qul”, “yaltaq”, “şəxsiyyətsiz”, “böhtançı” sözləriylə əvəzləmək olar. Əslində, bu qədər insanı trolluğa cəlb etmək, hökumətin vətəndaşa verdiyi qiymətdi. İnsanları şantajla trola çevirirlər. Kimisinə imtahanda qiymət, kimisinə iş yeri, kimisinə qəpik-quruş vəd edib, şərəfsiz işə dəvət edirlər.

Dərin düşünəndə bu hökumətin özü də troldu. Çünki, reallıqda bizi tənəzzül komandası idarə edir, amma özlərini inkişaf dəstəsi kimi təqdim edirlər.

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.