Now Reading:
Trump ‘addım-addım’ nüvəsizləşdirməyə razılaşıb

Şimali Koreya bildirir ki, ABŞ prezidenti Donald Trump “addım-addım” nüvəsizləşdirmə prosesinə razılaşıb, tərəflər iki ölkə arasında gərginliyin azaldılması, sülhün bərqərar olması üçün eyni vaxtda, qarşılıqlı addımlar atacaqlar.

Bu, Trump ilə Şimali Koreya lideri Kim Jong Un arasında Sinqapurda keçirilmiş görüşdən sonra Pxenyan tərəfindən verilmiş ilk bəyanatdır, rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.

MƏRHƏLƏLİ YANAŞMA?

Bu bəyanat iki liderin bir gün öncə əldə etdiyi razılaşmadan fərqlənir. Liderlər görüş zamanı belə bir razılığa gəliblər ki, “Koreya yarımadasında sülh, sabitlik və nüvəsizləşdirmədən ötrü addım-addım və eynivaxtlı hərəkət prinsipinə əməl etmək vacibdir”.

Bəyanatda deyilir ki, Kim Trump-ı Şimali Koreyaya səfərə dəvət edib və o, dəvəti qəbul edib. Kim də Trump-ın Vaşinqtona səfər dəvətini qəbul edib.

Liderlərin tərksilaha mərhələli yanaşmaya razılaşması barədə Şimali Koreyanın iddiası düzdürsə, bu, Trump tərəfindən güzəşt sayıla bilər. Axı, Trump daha öncə Pxenyanı nüvə silahlarını dərhal və tamamilə məhv etməyə çağırırdı. Trump deyirdi ki, Birləşmiş Ştatlar sanksiyaları qaldırmağa yalnız bu iş bitincə razılaşa bilər.

Bəzi ekspertlərin fikrincə, Şimali Koreyanın iki ölkənin gərginliyi azaltmaq üçün qarşılıqlı addım atmaq tələbi bir oyun ola bilər, tərksilahı uzatmaqla daha çox güzəşt əldə etmək üçün.

Bəyanata görə, Pxenyan nüvə silahlarını tərk etmək addımlarını Birləşmiş Ştatların “qıcıqlandırıcı və düşmən hərbi addımları”nı dayandırmasıyla əlaqələndirir. ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimləri Şimali Koreyanı dəfələrlə “özündən çıxarıb”.

“GERİYƏ BÖYÜK BİR ADDIM”

Agentlik Kim-ə istinadla yazır ki, Birləşmiş Ştatlar “inam yaradılması üçün real addımlar” atsa, Şimali Koreya da “onlarla ayaqlaşmaqdan ötrü növbəti mərhələdə əlavə xoşniyyəti tədbirlər” görəcək.

Trump da sammitdən sonra demişdi ki, Kim-ə Cənubi Koreya ilə “hərbi oyunlar”ı dayandırmaq vədi verib.

Trump iyunun 12-də axşam Twitter paylaşımlarında özünün mərhələli tərksilaha razılaşması barədə Pxenyanın iddiasını təsdiqləməyib. ABŞ prezidenti sammitin “heyrətamiz” nəticələri ilə öyünməkdə davam edib.

“Dünya potensial nüvə fəlakətindən geriyə böyük bir addım atdı!” Trump tvitində yazıb.

“Daha raket buraxılmayacaq, nüvə sınağı, tədqiqatı aparılmayacaq! Girovlar evlərinə, ailələrinin yanına qayıdıb. Təşəkkürlər, sədr Kim, tarixi bir gün keçirdik!”

Bir il qabaq Trump-la Kim bir-birinə alçaldıcı sözlər ünvanlayırdılar. Ancaq dünənki 45 dəqiqəlik görüşdən sonra Trump Kim-lə arasında “xüsusi bağ” yarandığını bildirib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.