Loading...
Loading...
SEÇMƏ

Tural Sadıqlı: “Həyatım ciddi təhlükədədir, ölümlə hədələnirəm”

“Dəfələrlə mənə yazıblar ki, Mehriban Əliyeva və komandası haqqında danışma”

Avropada yaşayan siyasi mühacir, sosial şəbəkədəki “Azad söz” kanalının qurucusu Tural Sadıqlı həyatına ciddi təhlükə olduğunu, ölümlə hədələndiyini bildirir.

Bu barədə Meydan TV-yə danışan videbloger ölüm hədələrinin birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə gəldiyini deyir. Onun sözlərinə görə, həm özü, həm də valideynləri ölümlə təhdid edilib.

“Dəfələrlə mənə yazıblar ki, Mehriban Əliyeva və komandası haqqında danışma. Pulla da ələ almaq istəyiblər, deyiblər ki, sənə aylıq maliyyə ayıracağıq, prezident və ailəsinə toxunma”, – Tural Sadıqlı bildirib.

Videobloger deyib ki, son 1 ildə Azərbaycan prezidentinin ailəsinə məxsus mülkləri çəkib işıqlandırır. Bunlar “Pandora sənədləri”ndə qeyd edilmiş və təsdiq edilmiş binalar, mülklərdir:

“Məsələ burasındadır ki, bu vaxta kimi Azərbaycandan belə bir jurnalist, bloger olmayıb ki, prezident ailəsinin xaricdəki evinə kimi gedib çıxsın, qapısını döysün və Azərbaycan izləyicisinə onların pulu ilə alınan mülkləri göstərsin. Məhz bu fəaliyyətim prezident ailəsini xeyli narahat edib”.

“Xüsusilə Mehriban Əliyevanın formalaşdırdığı, Azərbaycan xalqına sırıdığı kadrların dəyərini darmadağın etməklə məşğul olmağım birbaşa birinci vitse-prezidenti narahat edir. Hazırda bütün dövlər strukturlarına Mehriban Əliyevanın kadrları gətirilir və vicdanlı məmur təsiri aşılayırlar. Halbuki yeni gələnlər də köhnələr kimi korrupsiyaya batıb və sələflərindən heç nə ilə fərqlənmirlər”, – Tural Sadıqlı deyib.

Videobloger etibarlı mənbələrinə istinadən deyir ki, ona qarşı baş tutacaq hücumlar İlham Əliyevin tapşırığı ilə həyata keçirilir:

“Bunu həyata keçirənlər isə prezidentin şəxsi köməkçiləri Kərəm Həsənov və Məhərrəm Əliyevdir. Onların cinayətkar mafiyalarla əlaqələri var. Müxtəlif jurnalistlər bu haqda dəfələrlə danışıb, çoxuna da məlumdur, bu. Konkret olaraq lap dəqiqliklə bilirəm ki, Almaniyadakı Azərbaycan səfirinin təhlükəsizlik məsələləri üzrə katibi Vüqar Qafarov Berlində məni güdmək və ya öldürmək üçün göndərilən şəxsləri şəxsən özü qəbul edib. Mənimlə bağlı informasiyaları onlara ötürüb”.

Turaq Sadıqlının sözlərinə görə, bu adamlara ona yaxın şəxslərlə görüşərək harada qalması, nə vaxt hara gedəcəyi və s. məlumatları öyrənməyi tapşırıblar:

“Mənə yaxın olan insanları da öz əməllərinə alət ediblər. Bütün bu məlumatları alman polisinə bildirmişəm. Onlar artıq xəbərdardılar”.

Videobloger xatırladır ki, ona ilk dəfə 2018-ci ilin aprelində 3 Gürcüstan vətəndaşı hücum edib:

2018-ci ilin iyununda mənim yaşadığım Nürnberq şəhərinə bir neçə nəfər gəldi və hücum etmək istədi. Polis ayıq-sayıq davranaraq bunun qarşısını almışdı. Məhz bu ardıcıl hücumlardan sonra alman qeydiyyat idarələrində ünvanlarım maksimum dərəcədə gizli saxlanılıb və qorunub”.

Gözdən qaçırmayın:  Prokurorluq: “Sığınacaqda azyaşlılar zorakılığa məruz qalıb”

“Çox güman ki, bu illər ərzində məni Almaniyada axtarıblar, amma tapa bilməyiblər. Ancaq sosial şəbəkə vasitəsilə tanımadığım və həqiqi olmayan profillərdən mənə təhdiddolu mesajlar gəlib. Həm özüm, həm də valideynlərimin öldürülməsi ilə bağlı təhdidlər almışam”, – videbloger bildirib.

Tural Sadıqlı deyib ki, hazırda Almaniyada yaşamır:

“İngiltərədə məni tapmağın çətin olduğunu düşünən Azərbaycan hökuməti belə hesab edib ki, Brüsselə İlham Əliyev gələrkən mən də gedəcəm, oradan da Almaniyadakı evimə gələcəm. Almaniyada yeni ünvanımı necə tapıblar, bilmirəm. Çox güman ki, mənə yaxın insanlar vasitəsilə bunu öyrənməyə çalışıblar. Hökumətin göndərdiyi şəxslər qonşulardan məni soruşub, həttta bir neçə gün yaxınlıqda yaşayıblar, çünki ətrafdakı restoran və kafelərdən istifadə ediblər. Polisdə bu şəxslərin kamera görüntüləri də var. Araşdırmalar davam edir”.

Meydan TV Tural Sadıqlının adını çəkdiyi məmurlarla əlaqə saxlaya bilməyib. Azərbaycanın Almaniyadakı Səfirliyindən isə Meydan TV-yə bildiriblər ki, onlar belə qeyri-ciddi iddialara cavab vermək istəmirlər.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button