Dünya

Türkiyəyə iş dalınca gedən ortaasiyalı qadınlar

Muşarraf Qosimova yeddi il öncə maaşların çox az olduğu Düşənbədən Türkiyəyə gələrək Antalyada bir gənc ailə üçün təmizlik işləri görüb və dayəlik edib.

“Türkiyəyə Özbəkistan vətəndaşı olan və Türkiyədə çoxlu özbək ailə tanıyan xalam qızı ilə gəldim. Biz onların dostları vasitəsilə özümüzə iş və qalmağa yer tapdıq. Demək olar hər şeyin qiyməti qalxdığından yaşamaq çətinləşsə də, razıyıq”, – Qosimova deyir.

Yüz minlərlə ortaasiyalı, o cümlədən çox sayda qadın iş tapmaq üçün Türkiyəyə üz tutur. Türkiyə onlardan ötrü Rusiya və Qazaxıstandan sonra üçüncü ən populyar miqrasiya yeridir.

Özbəkistanın Əmək Nazirliyinin məlumata görə, bu ilin ilk rübündə Türkiyədə 145 min özbək miqrant çalışıb. Bu, xaricdə işləyən 2,4 milyonadək özbəkistanlının 6%-i deməkdir.

Qırğızıstandan 30 min miqrant Türkiyədə işləyir. Sayları 230 minə çatan türkmən miqrantlarsa Türkiyədə ən böyük ortaasiyalı miqrant icmasını təşkil edir.

Türkiyə hökumətinin məlumatına görə, 120 min türkmənistanlı bu ölkədə oturum icazəsi, 95 mini isə qısamüddətli viza alıb.

Türkiyədə yaşayan ortaasiyalı miqrantların real sayınınsa, əslində, bundan xeyli yüksək olduğu düşünülür. Çünki vizasının müddəti bitdikdən sonra Türkiyədə qeyri-qanuni qalıb işləyənlərin sayı da az deyil.

Bu ölkədə yaşayan türkmənlərin bəzilərinin işlək milli pasportu yoxdur. Çünki Türkmənistanın repressiv hökuməti səfirliklərinin vətəndaşların müddəti bitmiş, yaxud itirilmiş pasportlarını yeniləməsinə icazə vermir.

Türkiyənin 2018-ci ildən üzləşdiyi maliyyə böhranı mühacirlərə ağır zərbə vurub. O zamandan bəri bu ölkədə inflyasiya son 20 ildə görülməmiş səviyyəyə, 80%-ə çatıb.

İstehlak mallarının qiymətləri görünməmiş dərəcədə artıb. Səfərbərlikdən yayınmağa çalışan imkanlı rusiyalıların ölkəyə axını da Antalya və bir neçə başqa şəhərdə daşınmaz əmlak sektorunda onsuz da artmaqda olan qiymətlərin son aylarda daha da artmasına səbəb olub.

Lirənin dəyər itirməsi isə o deməkdir ki, indi miqrantlar vətəndə qalan ailələrinə daha az pul göndərə bilirlər.

“Maaşımı lirə ilə alıram və evə göndərmək üçün dollara dəyişirəm. Lirə sürətlə kiçilir”, – Qosimova deyir.

Ancaq bütün bunlara baxmayaraq, ortaasiyalıların çoxu Türkiyəni tərk etməyi planlaşdırmır. Onların bundan daha yaxşı seçimləri yoxdur.

Rusiya keçmiş sovet respublikaları vətəndaşları üçün əsas miqrasiya istiqaməti olaraq qalır. Ancaq mövcud durumda o, əvvəlki cazibəsini itirib. Miqrantların çoxu Rusiyadakı iqtisadi qeyri-müəyyənlikdən ehtiyat edirlər. Kişilərsə orada müharibəyə göndərilə biləcəklərindən narahatdırlar.

Son illərdə az sayda ortaasiyalı Britaniyada mövsümi iş tapa bilib. Avropa Birliyi və ABŞ-a keçə bilənlər də olub.

Gözdən qaçırmayın:  Qətər Dünya kubokuna görə ‘400-500 arası’ fəhlənin öldüyünü deyir

Ancaq onsuz da ciddi miqrant problemilə üzləşən Qərb ölkələrinin çoxu əlavə miqrant qəbul etmək istəmir.

Orta Asiyada xroniki işsizlik və miskin maaşlar fonunda Qırğızıstan, Tacikistan və Özbəkistanda bir çox ailə tamamilə yaxınlarının xaricdən göndərdiyi puldan asılıdır.

Əvvəllər müəllim işləmiş qırğızıstanlı Saadat Omurbekova dörd il əvvəl daha yaxşı iş tapmaq üçün Türkiyəyə gəlib. O üç il ahıl və xəstə insanlara baxıcılıq edib. Daha sonra Antalyada bir kafedə iş tapıb.

“Qırğızıstanda ixtisasım üzrə işləyirdim, ancaq maaşım çox aşağı idi. Övladlarımın təhsilhaqqını ödəməli idim. Ona görə də işdən çıxıb daha çox pul qazanmaq üçün Türkiyəyə köçdüm”, –Omurbekova AzadlıqRadiosuna deyir.

Orta Asiyadan gələn miqrantların xeyli hissəsi Türkiyədə özəl evlərdə xidmətçi, baxıcı və dayə işləyən qadınlardır. Bəziləri otel və xidmət sektorlarında çalışır. Türkiyənin iri şəhərlərində öz biznesini, məsələn, geyim dükanı və ya salon açanlar da var.

Ancaq Türkiyədə işləməyin də öz çətinlikləri var. Bəzi qadınlar türk dilini, ölkənin qanunlarını və öz hüquqlarını bilmədikləri üçün problemlərlə üzləşirlər.

Türkiyədə çalışan bir işçi deyir ki, bu ölkəyə getmək istəyən miqrantlar, xüsusən də qadınlar heç vaxt şübhəli iş elanlarına inanmamalı və etibarlı müqavilə ilə iş təklifi olmadan bu ölkəyə getməməlidirlər.

24 saat” “
Türkiyəyə iş dalınca gedən ortaasiyalı qadınlar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button