2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə yol ayrıcında: Atatürkçülükmü, Ərdoğançılıqmı?

Xaliq Bahadır

Türkiyə böyük tarixinin çətin dönəmlərindən birini yaşanaqdadır: Ərdoğan özünün çoxillik ANTİSİSTEM politikaları ilə toplumu seçim qarşısında qoyub: Atatürkçülükmü, Ərdoğançılıqmı? Ərdoğan son 15 ildə ardıcıllıqla yürütdüyü politikalarla, üstəlik, bütün dövlət resurslarından yararlanmaqla, özünə seçim üstünlüyü qazandırmış durumdadır.
Atatürk deyirdi: “Din kimi təmiz bur duyğu politika kimi kirli oyunlara alət ediləməz. Din aid olduğu yerdə, təmiz vicdan səhnəsində yaşamalıdır”. Ərdoğan politik karyerasının başlanğıcından dini politika alətinə çevirib. O hələ İstanbul böyük şəhər bələdiyə başqanı olarkən demişdi: “Kamalizmi qafalardan silmək üçün minarələr süngümüz olmalıdır”. Beləliklə, Türkiyədə toplumu aqressivcəsinə bölüb-parçalama dönəmi başlayırdi. Kamalizmə savaş bildirisiylə politika meydanına çıxan Ərdoğan sonralar dini dövlət politikasına dönüşdürməklə, ölkədə böyük din, məzhəb ayrılılqları yaratmaqla Türkiyə toplumunu düşmən düşərgələrə böləcəkdi. Ərdoğan deyirdi: “Biz dövləti-aliyi islam əxlaqı ilə yönətəcəyik”. Beləliklə, sözdə Avropa Birliyinə qatılmaq istədiyini bildirən Ərdoğan işdə Türkiyəni Avropadan, Avropa dəyərlərindən uzaqlaşdırıb ərəbləşməyə yönəldirdi. Türkiyənin dili, geyimi, düşüncəsi, davranışı ərəbləşdirilir, Ərdoğan ailəsi ərəb dövlət başçıları kimi varlandıqca varlanırdı. “İslam əxlaqı” adı altında Türkiyə yüz il öncə qoyub gəldiyi, geridə buraxdığı keçmişə sürüklənirdi.
“Ergenekon”, “Balyoz”, “Fetoçu” damğaları ilə Türkiyə ordusunu, Türkiyə polisini, Türkiyə Egitim sistemini darmadağın edən Ərdoğan deyirdi: “15 min imam hatip (molla) yetişdirmişəm, 5 min də yetişdirəcəm, olacaq 20 min. Ondan sonra Türkiyədə PKK-nın kökünü kəsəcəm”. Bu sözlərin dilə gətirildiyi çağdan çox keçib, indiyədək PKK ilə savaşda bircə imam hatipin burnu belə qanamayıb, savaşan da, qırılan da qabaqlar olduğu kimi, yenə də ordudur, polisdir.
Ərdoğanın özünə danışman etdiyi qızı Süməyya deyir: “Türkiyənin umudu imam hatiplərədir”. Özü Amerika liseyində, sonra ABŞdakı İndiana universitetində oxumuş Süməyya Ərdoğan deyir bunu. Bunlara uzun illər Türkiyədə hakimiyət başında qalmaları üçün ərəbləşmiş – cəhalət qaranlığına bürünməklə özünü-Türklüyünü unutmuş, bununla da özünə özgələşmiş toplum gərəkdir.
Əminə Əirdoğan televiziya çıxışında böyük bir auditoriya qarşısında deyir: “Biz Türkiyədə 90 illik enkazı qaldıracağıq”. “Enkaz” ərəb Əminənin ərəbcəsidir, bizim
dildə, Türk dilində, UÇUNTU, DAĞINTI deməkdir. “90 illik enkaz” demək Atatürkçü düşüncə sistemi deməkdir. 2017-ci il aprelin 16-da keçiriləın referendum “90 illik enkazı qaldırmaq” üçündür.
İndi gəlin Ərdoğanın “minarələri süngüyə çevirməklə qafalardan silmək” istədiyi Kamalizmin nə olduğuna baxaq: “Kamalizmin başlıca xarakterini gerçək milliyətçilik oluşdurur. Bu nəyin bahasına olur olsun vətənini dünyanın çağdaş mədəni millətləri düzəyinə yüksəltməyə çalışan Anadolu vətənsevərliyinin milliyətçiliyidir”(M.Ə.Rəsulzadə).
Görün Ərdoğan nə deyir: “ Biz milliyətçiliyi ayaqlar altına alan bir iqtidarız”.
M.Ə.Rəsulzadə deyirdi: “Diriliklərin ən dəyərlisi milli dirilikdir”.
Ərdoğanın yürütdüyü politika o başdan bu başa milli diriliyi milli ölülüyə çevirmə politikasıdır.
Atatürkün Türkiyə-Türklüklə bağlı gördüyü böyük işlərin dünyada çoxsaylı yüksək dəyərləndirmələri var. Onlardan biri: “Bir milləti uçurumun qırağından sarsılmaz dözümüylə qurtaran, gücləndirən, yüksəldən yönəticilər arasında Atatürk birincidir” (Timpul” qəzeti, noyabr 1938, Rumıniya).
Atatürk yenilmiş Osmanlı dövlətinin, yenilmiş Osmanlı ordusunun yerində güclü dövlət, güclü ordu yaratdı. Ərdoğan indi Türkiyəni Osmanlı dönəminə qaytarmaq istəyindən danışır, sonuncu Osmanlı sultanı, ingilis gəmisində qaçıb getmiş Vəhdəddindən böyük sevgiylə söz açır. Vəhdəddin o çağlar görüşdüyü bir heyətə demişdi: “Bir millət var, qoyun sürüsü, ona bir çoban lazım, o da mənəm”. Onun başında durduğu xalqı alçaldaraq belə dediyi gün İstanbul tutulmuşdu.
Vəhdəddini çox sevən Ərdoğanın özünün dediyinə baxın: “Çobanlığın fəlsəfəsini anlamayan insan yönətəməz. Mən də bir çobanam”. Çox gözəl! Gəlin bu yerdə ABŞ-ın keçmiç prezidenti Riçard Niksonun oxşar söyləməsinə baxaq: “Müsəlman ölkələrində demokratiya, hüquq dövləti qurulmasına yol verməməliyik. Egitim sisteminin, ölkə yönətiminin din özülləri üzərində qurulması gərəkdir. Başlarındakı çobanı ələ keçirməklə ölkəni biz yönətərik…” Öncə 60 minlik, sonra 45 minlik orduyla Türkiyənin üsərinə gələn, hər ikisində Atatürk komandanlığındakı Türk savaşçılarına yenilən U.Çörçil öz gördüyündən, başına gələnlərdən çıxış edərək yazırdı: “Türkləri savaşaraq, əsgər, yaraq gücünə yenə bilməzsiz. Türklərin din adamlarını ələ keçirib, onlardan yararlanın. Onlar dövləti özülündən yıxacaqlar”. Bəs başqa bir ingilis – Lourens nə deyirdi: “Türkiyəni bölüb parçalamaq üçün…
Ordusuna “din düşməni”, ölkəsini sevənlərə isə “türkçü, irqçi, gerizəkalı” deyəcəksiz – başqa yolla Türkiyəni yenə bilməzsiz”. Baxın, bunlar Ərdoğanın ona qarşı çıxanlara, başlıcası da, CHP-lələrə üz tutub söylədiyi sözlərdir.
Atatürk demişdi: “Biz Orta Doğunun Batı imperializminin köləsi olmasına yol verməyəcəyik”(1937). Ərdoğan deyir: “Mən Amerikanın Böyük Orta Doğu projesinin eş başqanıyam” (2012). Bir yandan Amerikanın BOD projesinin eş başqanı olduğunu deyir, o biri yandan – işinə gərəkən yerdə – daha doğrusu, toplumu aldatmaqla nəsə əldə etmək istəyirkən Amerikanın, Avropanın ona qarşı olduğunu bildirir. Ərdoğan yalançıdır. Çoxlu yalan danışdığından o, özü öz yalanları içində dolaşıb qalır. 2016-cı ilin avqustunda: “Yıllarla aldadıldıq və ölkeyi yanlış yöneltdik…” deyən Ərdoğan 2017-ci ilin aprelində deyir: “Hayatım boyu ne kimseyi aldatdım, nə də aldandım”. Gerçəkdəsə, çoxsaylı faktlardan göründüyü kimi, bu adamın bütün yaşamı yalan üzərində qurulub.
Corc Oruel deyir: “Diktaturada ən başlıcası demokratiyanın köklü dəyərlərindən üz döndərilməsidir”. Ərdoğan Türkiyə toplumunun üzünü demokratiyadan diktaturaya, aydınlıqdan qaranlığa, bilimdən cəhalətə sürükləyir. Atatürk deyirdi: “Cəhalət yenilməsi gərəkən ən böyük düşməındir”. Ancaq… cəhalət Atatürk kimi doğru yollu liderlər üçün düşməndir, yalançı, əyri yollu kimsələr üçün yox!
Ərdoğanın keçirdiyi referendum, keçmək istədiyi başqanlıq sistemi C.Oruelin dediyi kimi, demokratiyanın başlıca dəyərlərindən de-yure üz döndərmək üçündür. De-fakto Ərdoğan çoxdan demokratiyanın başlıca dəyərlərindən üz döndərib. Baxın, o, BMM-i daha da genişləndirərək deputat sayını 600-ə çatdırır. BMM-ə seçilmə yaşını 18-ə endrir. Nə üçün? Birinci, Azərbaycanda Əliyevlərin etdiyi kimi, bir yandan özünün yetişdirdiyi “əvət”çiləri parlamentə doldurmaq, başqa bir yandan parlamenti, yenə Əliyevlər etdiyi kimi, bürokratik-əlaltı quruma çevirmək üçün.
Atatürk deyirdi: “Toplumda ən yüksək özgürlüyün, ən yüksək birliyin, düzgünlüyün sürəkliyinin qarantiyalanması, qorunması yalnız bütün anlamı ilə milli hegemonluğun dayanıqlı olmasından asılıdır. Buna görə özgürlüyün də, birliyin də dayaq nöqtəsi milli hegemonluqdur”. Atatürk Parlamentli Respublika quruluşuna üstünlük verməklə Parlamenti Milli Hegemonluq qurumu olaraq görürdü. Ərdoğanın istədiyi nədir? Milli hegemonluq yerinə, təkbaşına hegemonluq!
Atatürk:”Milli hegemonluq uğrunda canımı vermək mənim üçün vicdan, namus borcu olsun”, deyirdi. Ərdoğan 15 ildə yürütdüyü politikalarla da, saxtalıqla keçirdiyi referendumla da belə bir borcdan bütünlüklə uzaq olduğunu göstərir.
“Demokratiya prinsipi hegemonluğun millətin əlində olduğunu, başqa heç kimsəyə özgü olmadığını istəyir”, deyən Atatürk bunu da deyir: “Biz hər aracdan yalnız bir görüş üçün yararlanırıq. O görüş budur: Türk millətini sivilizasiya dünyasında layıq olduğu yerə yüksəltmək, Türkiyə Respublikasını sarsılmaz özüllər üzərində hər gün daha çox gücləndirmək… Bunun üçün də diktatura düşüncəsini öldürmək… “
Burada gətirilən çox az sayda qarşılaşdırmadan göründüyü kimi, Atatürkün düşüncə sistemi Ərdoğanın baxışlarına bütünlüklə ayqırıdır. Bu üzdən də Əliyevlər Azərbaycanda Məhəmməd Əmini sevmədikləri kimi, Ərdoğan da Atatürkü sevmir. Əliyevlər özlərinin uğurları üçün qabaqcıl dünyagörüşlü Məhəmməd Əmini toplumun gözündən salmağa çalışdıqları kimi, Ərdoğan da özünün uğuru üçün qabaqcıl dünyagörüşlü Atatürkü toplumun gözündən salmağa çalışır. Beləcə, demokratik ideyalarla, antidemokratik ideyaların, demokratiya yandaşları ilə diktatura yandaşlarının çarpışması gedir.
Son olaraq
Mən ərdoğançı olduqları üçün Feysbukda bir çoxlarını yoldaşlıqdan çıxarmışam. Aralarında hüquqçular, siyasətçilər, tarixçiləır, dinçilər var. Demək olar, onların hamısı məni belə qınaqda bulunur: “Özünü demokrat sayırsan, ancaq düşüncə başqalığına (plüralizm) dözmürsən”. Mən demokrat olduğumu işdə göstərənlərdənəm. Məndən ötrü demokratiya söz deyil, prinsipsir, davranış normasıdır. Ancaq mən illüzor demokratlardan deyiləm. Mənə qarşı çıxanların virtual, daha doğrusu, yalançı demokrat olduqlarını gözəl bilirəm. Ərdoğanı, Ərdoğan kimilərini sevmək, belələrinə arxa durmaqla yanaşı kimisə gerçək demokrat olmamaqda suçlamaq özü yalançı, saxta demokratlığın konkret görsənişlərindəndir.
Türkiyədə ərdoğançılılqla bağlı baş verənlər, son çağlardakı referendum faktı, belə deyək, liberal demokratiya ilə sosial demokratiya yandaşlarının çarpışması olaraq ortaya çıxsaydı, mən özümün politik-ideoloji inancıma, baxışıma uyğun olaraq indiki sayaq uzaqdan uzağa olsa belə, sosial demokratiya düşərgəsində yer alar, liberal demokratiya yandaşları ilə sonadək çox böyük sayğıyla polemika aparardım. Bəlli olduğu kimi,sosial demokratiya da, liberal demokratiya da çağdaş dünya düzənində önəmli yer tutan politik-ideoloji düşüncə sistemləridir. Ərdoğan faktında isə demokratiya-antidemokratiya, işıq-qaranlıq, düz-əyri, doğru-yalan qarşıdurması var. Mən xarakter özəlliyimə, çoxdan biçimlənmiş inanc sistemimə uyğun olaraq, öz ölkəmdə olduğu kimi qardaş ölkədə də BİRİNCİNİN yanındayam. Bu üzdən də ortadakı “düşüncə başqalığını” yersiz-gərəksiz sayıram.
Lap sonda bizim çalışmalarımızla bağlı Feysbukda özünə geniş yer eləmiş bir baxışa da toxunmaq istəyirəm: “sizin Türkiyə ilə bağlı yazdıqlarınız nəyi dəyişəsidir?”. Politik-ideoloji çarpışma alanında belə baxışlara bir ad vermək olar: alverçi düşüncəsi! Bilirsizmi, politik, ideoloji alanın (buradakı çarpışmaların) öz prinsipləri, öz qanunları var. Burada sonucları qabaqcadan bəlli matematika qanunları işləmir. Demokratiya fakt deyil, sürəc-proses olduğundan sonucun necə olacağı yalnız səndən, yalnız sənin çalışmalarından deyil, eləcə də sürəcə (prosesə) öz etkisini göstərə biləcək çoxlu sayda obyektiv, subyektiv faktorlardan asılıdır. Bu üzdən də…sağlıq olsun!
P.S. Əziz Nesin deyirdi: “Türklərin çoxu düşünmür. Qoy düşünsünlər. Başqa nəsə istəmirəm. Mənim üçün deyil, özləri üçün düşünsünlər”.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button