2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Türkiyəni çox böyük problemlər və ciddi imtahan gözləyir…”

“ABŞ-ın irəli sürdüyü bu iddia Bernard Şounun şarına bənzəyir”

“Türkiyə dövləti hazırda daha ağıllı və düzgün siyasət yürüdür. Əvvəl Türkiyə öz maraqlarından çox Qərbin, xüsusilə ABŞ-ın maraqlarına xidmət edən bir siyasət yürüdürü. Amma 15 iyun hadisələri göstərdi ki, Türkiyənin indiki iqtidarını Qərb sevmir. Xüsusilə bunların arxasında Fətullah Gülənin dəstəsi durur. Bildiyimiz kimi F.Gülən özü ABŞ-ın xüsusi xidmət orqanı həm FBI, həm də CIA-la çox yaxındır. Bunların münasibətlərinin kökləri də 30 il bundan öncəyə gedib çıxır”.
Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev Türkiyə hökumətinin son dövrdə apardığı siyasətə münasibət bildirərkən deyib.
C.Nuriyev Türkiyə dövlətinin Suriya ərazisində davam etdirdiyi hərbi əməliyyatları da geniş şərh edib:
“Yürütdüyü siyasətin səhvliyini anlayandan sonra artıq Ərdoğan Suriyanın ərazi bütövlüyü məsələsini gündəmə gətirdi. Çünki Ərdoğan çox gözəl başa düşür ki, hələ 2008-ci ildən ABŞ-ın hazırladığı Türkiyəni parçalamaq, daha dəqiq desək, Türkiyənin ərazisinin hesabına yeni bir Kürdüstan dövləti yaratmaq siyasəti var idi. Türkiyə də bunu qəbul edə bilməzdi. Düzdür, Türkiyə əvvəl bu məsələlərə qeyri ciddi yanaşmışdı. Amma son hadisələr göstərdi ki, buna çoxdan hazırlıq gedirmiş və bunun arxasında da Türkiyənin öz içindəki paralel yapı deyilən hökumət dayanırmış. Bunu başa düşəndən sonra Ərdoğan həm Rusiya ilə münasibətlərini dəyişdi, həm yaxın orta şərqdəki siyasətini dəyişdi.
Qeyd edim ki, PYD ilə PKK-nın və yaxud ASALA-nın heç bir fərqi yoxdur, bunların hər üçü Türkiyənin əleyhinədir. Düzdür, PYD birmənalı şəkildə ABŞ-ın maraqlarına xidmət edir, PKK isə Rusiyanın, Qərbin maraqlarına. Onsuz da dövlətin ərazisində bir kürd dövləti yaranıb, ikinci bir kürd dövlətinin yaranması isə çox təhlükəlidir.
Ona görə də Türkiyə öz xarici siyasətində ağıllı bir dönüş etdi. Bir dəlilər fikrini dəyişmir, bir də ölülər. Dövlət siyasətində gedişləri tez-tez dəyişmək siyasətin xüsusiyyətidir. Bəzi adamlar bunu güya əxlaqla bağlamağa çalışırlar, bu da siyasətdən uzaq insanların yürütdüyü fikirlərdir”.
Politoloq vurğulayıb ki, hazırda Türkiyə çox böyük bir imtahan qarşısındadır: 
“Nəzərə alsaq ki, Gülən özü hələ 1765-ci ildə yaranan, sonra Fransaya, ABŞ-a keçən illuminatorların birmənalı şəkildə davamıdır. Yəni, həmin illuminatorlar da o vaxt dövlət içində dövlət qurmaq, əsas maliyə və siyasətə nəzarət etmək, dövləti ələ keçirmək, istədiklərini həyata keçirmək siyasətini güdürdülər. İndi Fətullah Gülən də həmin siyasəti yürüdürdü. Bütün bunların arxasında həmin illuminator siyasəti durursa və bunun başçısı Güləndirsə, Türkiyəni çox böyük problemlər və ciddi imtahan gözləyir.
Türkiyə bu addımı atmalıydı, bir qədər gec olsa da nəhayət ki, atdı və çox uğurlu bir addım atdı. Həm də Türkiyə oradan çıxmamalıdır. Nə qədər ki, PYD-nin Türkiyəyə qarşı iddiaları var, daha doğrusu, Suriyanın şimalında yeni bir kürd dövləti yaratmaq istəyir, Türkiyə buna razılıq verə bilməz.
Türkiyənin ağıllı siyasəti həm də o oldu ki, birbaşa Əsədlə işləmədi, Azad Suriya Ordusuyla işləyir. Bu da ordu əsədə müxalif olsa da, nisbətən loyal müxalifətdir və ABŞ-ın əlində olmayan bir dəstədir. Çünki nə kürdlərə, nə də ABŞ-a xidmət etmirlər, birbaşa Suriya dövlətinə xidmət edir. Həm də Türkiyə uzaqgörən bir siyasət yürüdür, bunu gələcək üçün hesablayır ki, Bəşər Əsədi mütləq Azad Suriya Ordusunun üzvlərindən kimsə əvəz edəcək. Bu birmənalıdır”.
C.Nuriyev Qərbin Ərdoğanı dəstəkləməməsinə də münasibət bildirib: 
“Türkiyə açığı son hadisələrdə gördü ki, ona ikili standartlarla yanaşdılar, bu məsələdə hökuməti dəstəkləmədilər. İndi də ABŞ-ın təkidi ilə deyirlər ki, Ərdoğan kraldır. Bəs yaxşı, Avropada 12 krallıq var, nəyə görə onların haqqında danışmırlar? Müsəlmanlıqda ən böyük krallıq Səudiyyə Ərəbistanındadır. Nəyə görə ABŞ və İngiltərə müsəlman dünyasına olunan bütün pislikləri  Səudiyyə Ərəbistanının əliylə həyata keçirir? Nədən orada demokratiya deyilən bir şey yoxdur? Demokratiya yaxşı bir şeydirsə, elə onu Səudiyyə Ərəbistanında tətbiq etsinlər də.
Bernard Şounun çox ağıllı bir sözü var: “Demokratiya sənin başının üstündə asılmış şardır ki, sən ona baxdıqca cibini talan edirlər. ABŞ-ın irəli sürdüyü bu iddia da Bernard Şounun həmin şarına bənzəyir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button