2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyənin dünya miqyasında tanınmış rəssamı: “Özümü sənətlə idarəçilərin arasındakı gərginlik zonasında hiss edirəm, gerçək sənət o gərginlikdən yaranır”

 

“Yaşar  Kamal  Anadolu  coğrafiyasındakı  Türk  mədəniyyətinin içinə  dalaraq  dünyaya çıxdı, mən isə  Mesopatomiya  coğrafiyasındakı  kürd  mədəniyyətinin”

 

Saytların yığılması Saytlarin yigilmasi

Turan: Əvvəlcə şəxsiyyət  kimi  özünüzü  oxucularımıza tanıtdırmağınızı  xahiş edirik.

Güneştekin: Uşaqlıq  illərim “Dengbejler”in (musiqi  evləri) səs dünyasını  dərk etməklə keçib. Qulaq  asdığım  nağılların  yer kimi   cazibə gücünün olduğuna  inanırdım. Özümü həqiqətlə qurama  arasındaki  sərhədi qəbul etməyən, bir-birinə   axa bilən bu səslərə təslim  etmişdim. Bəzən xəyal gücümüz yeganə  predmetin üstünə bir  tor  atır. Ancaq bu torun ilməkləri daha  böyük və fərqli  simvollar  yığınına   bağlıdır. Uşaqlarımın o çağlarının  sonra  əsərlərim  halına gələcək  fikir, düşüncə  və  hisslərimin  toxumlarını  əkdiyinə  inanıram. Anadan olduğum   coğrafiyanın mənim dünyamda qoyduğu izlər o  qədər güclüdür ki, o  vaxtdan bəri daima onun sirlərini   araşdırıram. Düşüncələrimizi içində doğulub-böyüdüyümüz  o  dünya  formalaşdırır. İçində  anadan olduğum dünyanın mənə aşıladığı keyfiyyətləri  düşünəndə də, prinsiplər  barədə  düşünəndə  də,  işləyəndə  də həmişə prinsipləri  əsas  götürmüşəm. İkihəcmli  şəkil  qaydasını    parçalayaraq   əsərlərimdə qarşıya  qoyduğum problemləri  bu  şəkildə həll   etdim. Dinamik olmayan müstəvidə  dinamik görünşülərlə  işləyə  bilirəm. Hansı mühit  və material   daha   əlverişlidirsə, onlardan istifadə etməyin  yollarını  axtarmaq xoşuma gəlir. Mənim  üçün həmişə  həyati  dərəcədə  əhəmiyyyətli  olan məsələ qazandığım təcrübələri  incəsənətin  müxtəlif   formalarına  transformasiya   etmək  axtarışında olmaqdır.

Turan: 2009-cu  ilin noyabrında “Mavi   simfoniya” tablosu 1.5 milyon  dollara  satılanda mərhum  Burhan  Doğançaydan  müsahibə  almışdım. Doğançay  demişdi   ki, Türkiyə dünyanın sənət qatarına gecikmək  üzrəykən mən son qatara  mindim.

Hazırda Türkiyənin  ən populyar  bir  neçə sənətkarından biri   kimi  özünüzü  o  qatarın sərnişini  kimi  görürsünüzmü?

Güneştekin: Qalereyalarla  birlikdə   bazarın da təşkilatlanması incəsənət tarixində  çox mühüm mərhələdir. Bu  yolla sənətin özünə muxtariyyət qazanmaq imkanı  da güclənir. Müasir  incəsənətin tarixi  və  sənətşünaslıqda orada formalaşır. Fərdi  sərgilər də qalareyaların  kəşfidir. Həyatımızla  yanaşı  incəsənət də maliyyələşdirilməyə   başlayır. Demək olar  ki, incəsənət   mühitinin hamısı-muzeylər, bienallar, yarmarkalar qlobal şirkətlərin və maliyyə  qurumlarının   himayəsi   altına  girir və incəsənət bazarının  nümayiş  zonasına  çevrilir. Hərrac  salonları güclənir  və  incəsənət bazarının yarısından çoxunu  öz nəzarəti  altına  alaraq  qalareyalara  təzyiq  göstərir  və  getdikcə  estetik  zövqləri,  hətta   incəsənət  tarixini   istiqamətləndirəcək  dərəcədə güc  qazanır. Məhdud  da olsa, Türkiyənin   incəsənət bazarı  bu   yoldan  getdi. 2000-ci  illərin  əvvəllərindən Koç, Eczacıbaşı və Sabancı kimi   böyük  sərmayə qruplarının  Türkiyədə müasir incəsənət sahəsində müəyyən işlərin altına imza  atdıqlarını  görürük. “Mavi   simfoniya”  və   rekord  qiymətə  satılan digər  əsərləri  də  bu  proseslərin çərçivəsində  görmək lazımdır. Mədəniyyətlə   iqtisadiyyatın, haradasa, eyni  məcrada olduğu   müasir  dövrdə  maliyyə özünə   qarşı   ən  böyük  müqaviməti  göstərən  sənəti  də bəlkə  öz  içinə  almağa  çalışır. Buna  baxmayaraq, sənətin  muxtariyyəti əsas  etibarıyla  onun   estetik  xüsusiyyətləri   olaraq   qalmağa  davam  edir. Bu  sualın  ətrafında  düşünmək lazımdır: müasir  incəsənət sərmayə  və iqtidarla olan münasibətlərində özünün  qaçış  cizgisini  müəyyənləşdirən  taktikalar yaradıb inkişaf etdirə  bilirmi?  “Qatara  gecikmək”   sözüylə   Doğançay böyük  ehtimalla, müasir  incəsənəti  və   onunla yanaşı  formalaşan  sənət  bazarını nəzərdə  tutub. Ancaq  mən  qatara  çata  bilməkdən  çox  hər   hansı   bir  incəsənət  nəzəriyyəsinə  daxil   olmadan  estetik  azadlığımı  qoruya   biləcəyim  nöqteyi-nəzərdən baxıram. Əlbəttə, müasir incəsənətin sənət bazarında  öz qiymətini   tapmasına   şübhə yoxdur.  Digər tərəfdən, bu,  dünyadakı şeyləri materiyalaşdırmasına qarşı öz  gücünü  nümayiş   etdirə biləcək yeganə  sənət  növüdür. Uzun müddətli böyük  sərgilər, muzeylər, bienallar, “Documenta”, “Manifesta” – bunların hamısı  özlüyündə  sənət əsərləri  müştəriləri  üçün  deyil. Sənət   əsərlərinin müştərilərinə  xidmət  etməsi  nəzərdə tutulan böyük incəsənət  yarmarkaları   getdikcə  çoxalan  xalqa açıq  tədbirlərə  çevrilir, sənət   əsərləri almağa  az maraq  göstərən insanlar  da oralara maraq  göstərirlər. Sərgilər   alınıb-satıla  bilinmədiyi üçün  insanların  sənətlə yaratdığı  maddi  münasibət  də başqa cür  olur. Maliyyə  oyunçularının   apardığı  simvolik  mübarizəyə  müxtəlif  dərəcədə qatılması  incəsənət  əsərlərinin meydana çıxmasından da çox təsir gücünə malikdir.

Turan: Türkiyə və dünya   incəsənət  ənənələri içində  özünüzə  kimləri  yaxın görürsünüz? Özünüzü  ənənədən gələn bir  sənətkar  sayırsınız,  yoxsa    inqilabçı?

Güneştekin: Müəyyən  bir  cərəyanın  dalınca   getmədiyimə   görə  hər  hansı bir  yaxınlıqdan   danışa  bilmərəm. Ancaq incəsənət   tarixində   iz  qoymuş   bu sənətkarların  adlarını   çəkə  bilərəm: İlhan Komanın “Aralıq dənizi”  heykəli; Şevket  Dağın “Ayasofya”  əsəri; Kuzgun  Acarın  “Quşlar”  əsəri; Osman  Hamdi  bəyin “Mənbər”   əsəri; Neşet  Günalın “Uşaqlar”  əsəri; Şeker  Ahmet  Paşanın  “Narlar”  və “Heyvalar”   əsəri, Hoca Li  Rızanın “Göl  kənarı” əsəri; Abidin  Dinonun  “Uzun  ürüş” əsəri; Fahrünnisa  Zeidin “Cehennemim”  əsəri; Burhan  Doğançayın  “Mavi  simfoniya”  əsəri. Eyni   formada  Kazimir  Maleviç, Jackson Pollack, Vasiliy  Kandinskiy, Piet  Mondrian, Mark  Rothko və Gerhard  Rischer   dünya  incəsənət  tarixində əmsalsız bir  yerə   sahib   olduğunu düşündüyüm  və   təsirləndiyim  sənətkarlar   arasında yer  tutur. Bəlkə bu  əsərlərin  və onları  yaradan  sənətkarların müəyyən ənənələrdən gəldiklərini  deyə bilərik, ancaq  buna  baxmayaraq, qəti  sərhədlərdən danışa  bilmərik. Mənim üçün “ənənə”  və “inqilab”  bir-birinə   zidd   olan    məfhumlar deyil. Ənənəni  ölü bir təcrübənin bir  nəsildən  digərinə  hərəkətsiz  transferi  kimi  yox, həmişə  hərəkətə   gələ biləcək bir yeniləşmənin  canlı   transferi  kimi görürəm.  Ənənə mənim üçün incəsənət  artığı  olmayıb  daim yenidən müraciət edilərək yenidən istifadə edilməsi lazım  olan   faktdır. Bu  fakta  söykənərək gördüyüm  işlər  məsələyə  yanaşmamı  bariz  şəkildə göstərir. “Gelene-ek”  (“Gələnə  əlavə”)  adı verərək  bürünc  və keramika materialıyla  işlədiyim buğa   və balıq  şəklindəki   bu  əsərlərimlə  geçmişdə  qalan və bu  günə  olduğu  kimi  transfer  edilmək istənənləri yox, ənənədən uzaqlaşmadan  davam  edən bütövlüyü  xəyalımda canlandırıram. Daim  dəyişən bu  bütövlük,   arasına  fasilə  qoymadan   şərh ediləndə canlı qala  bilir. Ənənəylə  yaradıla  bilən  hər  əlaqə, onunla   hər cür qaynayıb-qarışma  bəlkə  müdaxilə mənası daşıya   bilər  və ənənənin  klassik formalarıyla  bir  gərginlik  yarada  bilər, ancaq nəticədə  ənənənin hər dövrdə  ayaq  üstündə  qala  bilməsinə  səbəb olan əsas  faktor  onun yenidən şərh edilə bilmə  və  qaynayıb-qarışmağa açıq  olma xüsusiyyətini  mühafizə  etməsidir. 

Turan: İnsan  cəmiyyətlərinin millət olmasının  iki  əsas  şərtindən  biri ana dilində roman yazılması, digəri  isə  şüurla incəsənət əsərlərinin  yaradılmasıdır. Bu  baxımdan  Yaşar  Kamalın adı  Türkiyə ilə bir-birini  tamamlamaqdadır. Sizin əsərlərinizə   baxan kimi Anadolunu  görürəm. Bu  məsələylə  bağlı  siz nə  düşünürsünüz?

Güneştekin: Yaşar  Kamal  uşaqlığımdan başlayaraq   sözlə ifadə  edilən ənənənin müxtəlif  növlərini  öyrənib, başda Evdale Zeyniki   olmaqla, “dengbej”lərə qulaq  asıb. Əvvəlcə   səsi, sonra sözü  “həzmi-rabe”dən  keçirib. Karacaoğlan da,   Servantes  də,   Tolstoy  da Yaşar Kamalın müəllimləri olublar. Cavablığımda  onun  bir  romançı kimi  yaratdığı  dillə  tanış olandan sonra  sözə  olan münasibətim  dəyişməyə  başlamışdı. Hekayələrində   yaratdığı  səs və rəng dünyasından təsirlənirdim. İllər  keçəndən sonra  ilk sərgimə  gələndə öz aramızda  yaratdığımız təmas ona görə  çox  təbii idi.

İkimiz  də  sözlə ifadə edilmiş mədəniyyətlərin izindən getmişdik. Yaşar Kamal Anadolu  coğrafiyasında  Türkcə  danışılan bir  mədəniyyətin  içərisinə   dalaraq  dünya  mədəniyyətinin dalınca  getmiş, mən isə Mesopotamiya  coğrafiyasında kürdcə danışan   coğrafiyaya  dalaraq Anadolu   və dünya  mədəniyyətlərinə  yönəlmişdim. Dil  sərbəstliyinə  və  mədəniyyətlərin   vahid  olmasına dair  inamımız müştərək  idi. Dünya  minlərlə  növ   gül-çiçəkdən ibarət  mədəniyyət bağıdır. Hər gülün  bir rəngi, bir  ətri  var. Bəşəriyyət hər mədəniyyətə  xüsusi  diqqət  yetirməlidir. “Minlərlə   mədəniyyyət  çiçəyi var, birini  qoparsaq bəşəriyyət  bu bir ətirdən, bir  rəngdən məhrum olar” deyirdi. Ziddiyyətlərin   bir  yerdəki  ahəngi  ancaq  və ancaq onların yaşamasının təminatı ola  bilər. Fərqli  mədəniyyətlər   isə   ədalətli  qüvvə yarada  bilər. Həyatı  bu  şəkildə   dərk etməyimin  fikirlərimin və əsərlərimin üzərində  fövqəladə  təsirinin olduğunu  görə  bilirəm. Dil  qədər  incəsənətin də   insanın  dünaya  gəldiyi  andan  qazandığı  haqlardan  biri  olduğunu  düşünürəm.

Turan: Yaradıcı   işlər  nəsil  məsələsini də həmişə  özündə   ehtiva  edib söz  sənətiin, musiqinin, rəsm sənətinin daim birgə irəliləməsini  qaçınılmaz  qılır. Yaşar Kamalın sizin   üzərinizdəki  mənəvi təsirindən  xəbərdarıq. Özünüzün mənsub  olduğunuz nəsildən hansı  yazar, şair, musiqiçiləri  sənət fəlsəfənizə   yaxın görürsünüz: təsirləndiyiniz   qələm  sahibləri  kimlərdir?

Güneştekin: Daha çox  keçmişdə   yaşamış yazarlardan  təsirləndiyimi   düşünürəm, öz zəmanəmdə  yaşayan bir  yazar  olsa  belə, onun keçmişdə  qələmə aldığı  əsərləri böyük maraqla  oxuyuram. “Gündən   qalanlar”  da   daxil  olmaqla, Kazuo İshiguronun bütün   kitablarını   sevirəm: təmiz, bər-bəzəkdən  uzaq  şəkildə  duyğuları  təqdim  edərək öz üslubunu    yaradır. Əslində o da eynilə   Borges  kimi  bir   yaddaş  yazarıdır. Yazdıqlarının çoxu  insan yaddaşıyla, xatırlamaqla, daha     doğrusu xatırlama   prosesinin  qaydaya  salınması  və  fərq yaratmağın  çatışmalığıyla   əlaqədardır. Eyni  zamanda məfhumlarla  işləyən bir  sənətkar  olan  Şener  Özmeni   yazıçı kimi  də təsirli  görürəm. Müxtəlif dövrlərə  aid  olan bir-birindən çox  fərqli  musiqi   janrlarını  və  musiqiçiləri  təqib edirəm. Ramin   Cavadi, Florian Christl,  Guy Farley, Ryuichi Sakamoto   çox   sevdiyim musiqiçilərdir.

Turan: Jean Paul Sartre “Hər  bir  yazıçı öz dövrünün neqativ işlərinə reaksiya  göstərmirsə, məsuliyyət   daşıyır” deyə  yaradıcı insanın həm öz  milləti,  həm  də dünya  qarşısında məsuliyyətini  vurğulamışdı. Siz necə düşünürsünüz: Yer  kürəsinin  yaxşı olması üçün təkcə  fırçayla  xidmət etmək kifayətdirmi?

Güneştekin: Yaradıcı   insan  məsuliyyət daşıyır, ancaq təkcə  əsərlə bağlı  məsuliyyət  olmayıb özünü   inkişaf  etdirdiyi  yaradıcılıq  növlərinin içindən keçərək əldə   etdiyi fikir-düşüncə  dünyasına qarşı  da  məsuliyyətdir. Dil,  sadəcə,  insanların kommunikasiyada ola   bilmələri   səbəbindən inkişaf   etməyib, şüur  altındakı  qarışıqlığın  reallığı  müəyyən formada   dərk etməsi də  deyil. Yazarın məsuliyyəti dumanlı  bir  dünyanın içindəki  şəxs  ilə onun dünyasını  üzbəüz  gətirməkdir. Əlbəttə,bu prosesdə yazar içində  olduğu, bağlandığı  və onu   yüksəldən ədəbiyyatı   da dəyişdirmək  arzusunda   olur. Burada transformasiya  ilə  əlaqədar  bir  durum  var və   eyni  durum  incəsənətə  də aiddir. Yəni, simvol  kimi  fırça bir  predmetdən  çox   böyük  və güclü  funksiyalara   malikdir. Yaradıcılıq   üzbəüz  gəlmələri sözlə, fırçayla, musiqiylə  ifadə   edir və  bu,    üzbəüz gəlmə səhnələrində  oxucunun, tamaşaçının, dinləyicinin ayrıla   bilmədiyi  təsir  sahəsi  yarada  bilir.

Turan: Daim müzakirə  edilən məsələlərdən biri  də yaradıcı  insanların dövlət  idarəçiləriylə  münasibətlərinin    qurulması məsələsidir. Siz  necə  baxırsınız: milli   gəlir  ədalətli  bölüşdürülərək   kolleksiyaçılarla  birbaşa (və ya qalareyaçılar  vasitəsilə)  əlaqə yatratmaq, muzey  və  hərraclarla  əməkdaşlıq   etmək,   yoxsa  dövləti  idarə   edənlərlə  müxtəlif    formalarda  münasibətlər    yaradaraq  varlanmaq?

Güneştekin: Müasir  incəsənətin  vəziyyətinə  baxaq. Bir  quruma  və  ya onun   yaratdığı  sistemə qarşı  kimi   gördüyünüz  işlər   qurumun    və    ya  ona  bağlı olan  təşkilatların    himayəsi   altında  reallaşdırıla   bilir. Digər  tərəfdən, müstəqil   hərəkət   etdiklərinə  inanan  yaradıcı  insanların  təbliğat  üçün  sərfəli  vasitələr   olmalarına   dair örnəklər  də var. Bu  baxımdan   yaradıcı  insanlar  himayə altında    azad sayıla bilməzlər. Öyrəndiklərimizi   hər  hansı  bir  rejimdə həyata  keçirmək istədiyimiz   kimi, eyni   zamanda    bu  rejimlərə  qarşı  çıxırıq.  Hər  bir  dəyişiklik  yaradıcı  insanla    sistem  arasında   yaşanan   bu  gərginlikdən meydana  çıxır. Necə  bir  şəbəkə  yaratmağımız  lazımdır   və orada  necə  mövqe  tutmalıyıq? Yaratdığım əsərlərlə  özümü  mədəniyyət  sənayesindən kənarda  tutmuram. Amma  buna   baxmayaraq, əsərlərimin bu  gərginlik   nöqtəsində  olduğuna  da  inanıram. Özümü  qeydsiz-şərtsiz    bir   əmtəənin   istehsalçısı   kimi  görmürəm. Ancaq  tamamilə   dominant   mədəniyyətdən kənarda  qalmanın mümkün   olduğuna  da  inanmıram. Tanımamaq  və ya  rədd  etmək yerinə “gərginlik   nöqtəsi”  kimi  ifadə   etdiyim o  zonalarda  durmağı sənətimin  və şəxsiyyətimin  prinsipi   hesab  edirəm. Qalareya  və  muzeylərlə    birbaşa  əlaqələr   yaradaraq    əməkdaşlıq   edirəm. Ancaq  kolleksiyaçılarla  birbaşa  əlaqə  yaratmağın da  qabağına  sədd  çəkmirəm. Əldə   etdiyim   maddi dəstəkdən   ancaq   və  ancaq  yeni  sərgilərimə  hazırlaşmaq üçün   istifadə  edirəm, əsərlərimi   yaradarkən  özümə   kifayət    edəcək  bir  maddi   çərçivə içində  qalmağa    üstünlük  verirəm. Mən bu   şəkildə  düşünürəm. Ancaq  sənət əsərləri   yaradarkən  hansı mərhələdə olursa-olsun, haralardansa  dəstək  almağa mənfi  yanaşmıram. Sərgilərlə   bağlı  gündəlik   müzakirələr  sənətin    bir  çox  növünün  yaşaya    biləcəyini   göstərir. Artıq  sənətkar   olmaq  azlığa  yox, çoxluğa  müəyyən sözlər   demək  mənasını  daşıyır. Ona  görə   müasir  sənətkarlar  elitaya  yox, kütləyə  müraciət   edən əsərlər   yaratmalı, kütləvi  sənət yaratmağa fokuslanmalıdırlar. Mən bunun  şərtlərindən biri   olan  şəbəkələrdən sərgilərimə   hazırlaşarkən faydalanmaqdan imtina  etmirəm. Bu  şəbəkələrdən ən yaxşı  şəkildə   necə  istifadə   ediləcəyini   Andy  Warhol   bilirdi. Picassonun  gənc yaşlarında  qazandığı    şöhrətin, Parisdəki  xüsusi   qalareyaların  getdikcə çoxaldığı  və gücləndiyi  dövrlə eyni  vaxtlara   düşdüyü  kimi, məsələn, Steins   kimi  büyük miqdardakı   pul sahiblərinin dəstəyi  də  rəssamların   çalışa  bilmələri    üçün  əhəmiyyətli  olub. Həyatını  sənət   əsərləri   yaratmağa   həsr   edən sənətkarın    tablolarının nümayiş  etdirilməsi  onun   var  olmasına   xidmət  edən faktordur. Bunu   bilmək  və   bu  atmosferin   yaradılmasına  nail   olmaq  lazımdır.

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button