2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

‘Üçtərəfli bəyanatın dördüncü tərəfi yoxdur’


Rusiya sülhməramlılarının fəaliyyəti Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Xüsusulə yola saldığımız həftədə Xankəndində məktəblilərə mina əleyhinə təlimlər keçirilməsi zamanı Rusiya bayrağı ilə yanaşı tanınmayan və Azərbaycanın qanunsuz, separatçı saydığı qurumun bayrağının asılması etirazla qarşılandı. Xüsusilə bir məsələyə diqqət çəkildi ki, Azərbaycan tanınmayan qurumun rəhbərliyi haqqında cinayət işi açıb və onların beynəlxalq axtarışa veriləcəyini açıqlayıb. Bundan əlavə cəmiyyətdə belə sual da səslənir ki, “Xankəndinə erməni icması qayıtdığı halda orada vaxtılə yaşamış azərbaycanlıların hələ də qaytarılmamasına səbəb nədir?”

Məsələyə, hələlik,Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Amma deputat Fazil Mustafa da hesab edir ki, Azərbaycan bu məsələni tədricən həll etməlidir:

Saytların yığılması Saytlarin yigilmasi

“…Əsas iş bunlardır”

“Açığı Azərbaycanın indiki mərhələdə bu məsələyə çox da müdaxilə etməsinin tərəfdarı deyiləm. Türkiyə sülhməramlıları bölgəyə gələndən sonra onlar Rusiya sülhməramlılarına bu missiyanı hansı formada yerinə yetirmək haqda tövsiyyələrini verəcəklər. Bununla həll etmək daha məqsədəuyğundur. Çünki indiki vəziyyətdə biz hələ Şuşaya yol çəkirik, işıqlandırma, infrastruktur işləri görməliyik, əsas iş bunlardır. Düzdür, bir sıra məsələlərə etirazımızı bildirməliyik. Amma daha çox Türkiyə sülhməramlılarının gəlməsindən sonra etiraz etməyimiz daha yaxşıdır”.

“Ancaq rəsmi məlumatlara görə, Türkiyə hərbçiləri müşahidəçi kimi gəlir, sülhməramlılar kimi yox. Açıqlamalara görə, onlar Ağdamda yerləşəcək Mərkəzdə olmalıdırlar” qeydinə Fazil Mustafa belə reaksiya verib:

“Türkiyə hərbçiləri də sülhməramlı kimi gəlir və Rusiya ilə birgə bərabər statusa malikdirlər. Sadəcə, görüntü olaraq Rusiya daha çox üstün görünür, amma türklərin rolu böyükdür”.

Fazil Mustafa bildirir ki, Xankəndinə erməni icması qaytarıldığı kimi azərbaycanlılar da qaytarılacaq:

“Əgər azərbaycanlılar qaytarılmasa, bəyanatın maddələri pozulmuş olacaq. Bəyanatda ümumi şəkildə məcburi köçkünlərdən danışılır, erməni və azərbaycanlılardan yox”.

“Ajiotaj yaratmaq olmaz”

Deputat sülhməramlıların fəaliyyəti haqda suala “təbii ki, onların fəaliyyəti mənim arzularıma uyğun deyil” deyə reaksiya verib:

“Ancaq indiki reallıqda proseslər Azərbaycan hökumətinin nəzarəti altındadır. Hazırda bununla bağlı ajiotaj yaratmaq olmaz, çünki biz bölgəni tədricən məskunlaşdırmalıyıq. Nəzərə alın ki, sülhməramlılar Ermənistanla sərhədlərimizin müəyyənləşməsində rol oynayırlar, bir sıra yerlərin boşaldılması, xəritəyə uyğun qurulmasını da ortaya qoyurlar. Daha sonra Laçın yoluyla silahlı dəstələrin Azərbaycana keçməsini Azərbaycan ordusu dayandırıb, Rusiya sülhməramlıları da buna normal yanaşıblar.”

Deputat hesab edir ki, məsələni konfliktə çevrilən istiqamətə yönəltməməli və lazım olan əsas hədəflərdən yayınılmamlıdır:

“ O baxımdan görüntü olaraq bir-iki neqativ hallar olacaq. Amma bunları konflikt formasında yox, türk sülhməramlıları gələndən sonra tədricən həll etməyə çalışmalıyıq”

“Separatçılığı aradan qaldıracağıq”

Bayraq məsələsinə gəlincə, deputat vurğulayıb ki, separatçıların bayrağının arxasında nə dövlət var, nə tanınma var:

“ Azərbaycan idarəçiliyi Xankəndində oturanda, başqa yollarla separatçılığı aradan qaldıracağıq. O zaman da rus sülhməramlıları da mane olmayacaq, çünki Qarabağın statusu ilə bağlı tanınma yoxdur ki, bayraq filan yerdə olmalıdır. Biz bayrağın adı nədir deyə soruşacağıq, ona da cavab yoxdur. Çünki bayraq nə dövlətdir, nə ictimai təşkilatdır, silahlı birləşmədirsə, üçtərəfli bəyanatda göstərilib ki, bütün silahlı birləşmələr bölgədən çıxarılmalıdır. Yalnız mülki əhalinin qayıdışı mümkündür”.

Siyasi təhlilçi Nəsimi Məmmədli isə Azadlıq Radiosuna bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti erməni əhalinin Qarabağa qaytarılması və təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Onun fikrincə, eyni zamanda məqsəd Kremlin Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda strateji maraqlarının təmin edilməsinə istiqamətlənib:

“Rusiya faktiki olaraq problemin həllində yox,…”

“Ona görə də bu fəaliyyəti sülhməramlı kimi dəyərləndirmək doğru olmaz. Rusiya sülhməramlılarının Qarabağa daxil olması Azərbaycanın tam və haqlı qələbəsini, təcavüzkar Ermənistanın isə tam məğlub olmasını əngəllədi. Hazırda “sülhməramlılar” yalnız erməni əhalinin maraqlarının təminatçısı rolunda çıxış edir. Nədənsə bu ərazilərə azərbaycanlıların da köçürülməsi istiqamətində təşəbbüsləri müşahidə olunmur. Birmənalı şəkildə görünür ki, Rusiya faktiki olaraq problemin həllində yox, onun öz nəzarəti altında “dondurulmasında” maraqlıdır. ”.

Nəsimi Məmmədli bayraqla bağlı məsələni də yolverilməz adlandırıb:

“Üçtərəfli bəyanatın dördüncü tərəfi yoxdur”

“Çünki Azərbaycan Dağlıq Qarabağda hansısa rejimin mövcudluğunu qəbul etmir. Azərbaycan, Ermənistan, Rusiya üçtərəfli bəyanatının dördüncü tərəfi yoxdur. Amma qondarma rejimin atributlarının ətrafında Rusiyanın rəsmi şəxslərinin oturması, onlarla müzakirə aparması və şəkillər paylaşması heç bir halda 10 noyabr atəşkəs bəyanatının prinsiplərinə uyğun deyil, sülhməramlı çərçivəyə sığmır. Əksinə, şimal qonşumuzun Azərbaycan ərazisində separatçı fəaliyyətin və təcavüzkarın açıq dəstəklənməsi kimi görünür”.

Nəsimi Məmmədli Azərbaycan rəsmilərinin baş verənlərə reaksiya verməməsinin təəssüf doğurduğunu deyib:

“Rəsmi şəkildə Rusiyaya ciddi etiraz bildirilməlidir. Azərbaycan cəmiyyətinin müxtəlif etiraz səsləri Kremlin Qarabağdakı siyasətini dayandırmağa yetərli deyil. Bunun üçün dövlətin özünün də fəal diplomatiyası, konkret və kəskin mövqeyi olmalıdır”.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər olub. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button