Ucuz kreditlər kənd təsərrüfatına verilib - 24 saat xəbərlər
Now Reading:
Ucuz kreditlər kənd təsərrüfatına verilib
Full Article 2 minutes read

Ucuz kreditlər kənd təsərrüfatına verilib

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) rüblük hesabatından o da görünür ki, vəsaitin təxminən 90 faizini 4 layihə «udub». Qalan sahibkarlar hərəyə, orta hesabla, 11 min manat kredit götürüblər.

Fondun açıqlamasına görə, ilin əvvəlindən maliyyələşdirilən 103 layihəyə toplam 21,3 milyon manat kredit verilib. Bunun 19 milyonu 4 iri həcmli kənd təsərrüfat layihəsinə ayrılıb. Fond kreditləşdirilən bu layihələrin idarəedicisi olan şirkətlərin adlarını açıqlamır.

Cəmi bir sənaye müəssisəsi kredit götürüb

Yanvar-mart aylarında SKMF-nin vəsaitləri hesabına cəmi bir sənaye istehsalı layihəsinə kredit ayrılıb. Fond bu layihənin icrasına 15 min manat vəsait verib.

SKMF-nin kreditləri müvəkkil kredit təşkilatları vasitəsilə 3-10 il ərzində qaytarılma şərtilə ayrılır. Kiçik həcmli kreditlərin məbləği 50 min manatı, iri kreditlər isə 10 milyon manatı aşmır. Əsas güzəşt meyarı isə budur ki, banklar həmin kreditlərə görə 6 faizdən yüksək faiz dərəcəsi müəyyən edə bilməzlər.

Sahibkarlar riskə getmək istəmirlər

Mərkəzi Bankın məlumatına görə, bu ilin birinci rübündə iqtisadiyyatın kreditləşdirilməsi 2014-cü ilin göstəricisinə yaxınlaşıb. Dövriyyədə olan kreditlər ilin əvvəlindən keçən 3 ay ərzində təxminən 900 milyon manat azalıb və 15 milyard manatdan bir qədər çoxdur.

Ekspertlər bu meyli kreditlərin bahalığı və sahibkarların iqtisadiyyatın böhran keçirdiyi şəraitdə riskləri dəyərləndirmələri ilə əlaqələndirirlər.

Bu il dövlət büdcəsindən sahibkarlığın dəstəklənməsindən ötrü SKMF-yə 35 milyon manat ayrılıb. Fond apreldə başa çatmış beynəlxalq maliyyə auditinin nəticələri üzrə illik hesabatını açıqlamadığından onun sərbəst vəsaitlərinin həcmi bəlli deyil.

24saat.org

Mənbə – azadliq.org

Input your search keywords and press Enter.