Loading...
Loading...
Dünya

Ukrayna cənubda hücuma başladımı

Təhlilçi deyir ki, Krımdakı partlayışların çoxdan gözlənən hücumun başlanğıcı olması haqda deyilənlər Ukrayna tərəfdən yayılan şayiədir

Ukraynanın işğal olunmuş Krım yarımadasında Rusiya hərbi aerodromunda bir neçə partlayışdan sonra Kiyev rəsmiləri Qərb mediasına deyiblər ki, bu partlayışlar altı aydır gedən müharibədə yeni mərhələ, ölkənin cənubunda çoxdan gözlənən əkshücumun başlanğıcıdır.

Avqustun 9-da baş verən hücumla bağlı rəsmilər anonim danışıblar, Ukrayna qüvvələrinin partlayışlarda birbaşa rolu olduğunu deyiblər. Kiyev açıq şəkildə hücuma görə məsuliyyəti götürməsə də, 2014-cü ildə ilhaq olunmuş Krımdakı partlayışlarla bağlı təvazökarlıq sərgiləyib.

Prezident Volodimir Zelenski isə rəsmiləri hərbi taktika barədə jurnalistlərə danışmamağa çağırıb, informasiya sızması üzrə təhqiqat aparılacağını deyib.

Bu partlayışlar Ukraynanın cənub əraziləri, o cümlədən Xerson liman şəhərini geri alma kampaniyasının yaxınlaşmasının əlaməti ola bilər. AzadAvropa/AzadlıqRadiosunun müxbiri Reyd Stendiş hərbi təhlilçilərin, Qərbin kəşfiyyat agentliklərinin də belə bir hücumu proqnozlaşdırdığını yazır. Ancaq indilik, Ukrayna qüvvələrinin mövqelərində qalması, Rusiyanın davamlı artilleriya atəşinə tutulması xəbərləri gəlir.

ABŞ-da yerləşən RAND təhlil mərkəzinin aparıcı tədqiqatçısı, Pentaqonda keçmiş aparıcı təhlilçi Dara Massikot AzadlıqRadiosuna deyib ki, Krımdakı partlayışların çoxdan gözlənən hücumun başlanğıcı olması haqda deyilənlər Ukrayna tərəfdən yayılan şayiədir. O, əkshücum haqda həftələrdir söz-söhbət getdiyini yada salır.

“Məncə, Krımda baş verənlərin psixoloji aspekti var. Rusiyanın Müdafiə Nazirliyi bu haqda sakit davranıb, detalları açıqlamayıblar. Məncə, onlar hələ də bunu necə yozmaq üzərində düşünürlər … Hələ bir hekayə müəyyənləşdirə bilməyiblər”, – deyən təhlilçi Rusiya qüvvələrini yayın əvvəlindən izlədiyini, onların Xersonda çox zəif olduqlarını deyir.

“Amma o vaxtdan oraya xeyli qüvvə yığıblar, Donbasın başqa yerlərindən cəlb edərək ikiqat artırıblar… Rusiya bölmələri qeyri-bərabər, ancaq əhəmiyyətli itkilər veriblər. Onları yaxşı təlim görməyən fərqli qruplarla sürətlə doldururlar. İndi say oyunu getsə də, rusiyalıların elədiyində keyfiyyət məsələsi də var”, – Massikot söyləyir, eyni zamanda Ukrayna bölmələrinin vəziyyəti barədə də çox informasiya olmadığını vurğulayır.

Təhlilçi Rusiyanın Ukraynanın bəzi hissələrini ilhaq etməyə doğru irəliləməsinə diqqət çəkərək saxta referendumun sentyabrın əvvəlində keçirilmə ehtimalına toxunur: “Rusiya tərəfinin strategiyası belədir. Bunu əvvəl Krımda da ediblər, sadəcə ərazi ilhaq edərək hamını şoka salacaqlarına, Ukraynaya dəstəyi davam etdirməklə bağlı qorxu yaradacaqlarına ümid edirlər”.

Kiyev isə prosesə mane olmağa çalışır, ona görə Xerson şəhərinə fokuslanır. Təhlilçinin sözlərinə görə, Xerson vilayətinin qalan hissəsi kənd yerləridir, ona görə ukraynalılar şəhərə nəzarəti qaytarmağa çalışırlar.

Rusiya ilhaqla nəyə nail ola bilər? Massikot yada salır ki, Krımın ilhaqı qanunsuz hesab olunsa da, yarımadaya de fakto Rusiyanınkı kimi baxırlar.

Gözdən qaçırmayın:  ABŞ Gürcüstana hücumda Rusiyanın qarşısını niyə vaxtında ala bilməyib-keçmiş ABŞ diplomatının dedikləri

“Rusiyanın strategiyası belədir ki, bu ərazini Rusiyanın elan etsələr, dinamikanı dəyişərlər, adamlar həmin əraziyə hücumda dəstək məsələsinə təmkinli yanaşar. 2014-cü ildə Krımın ilhaqına baxsaz, onların niyə belə düşündüyünü anlayarasız. Ukrayna isə hər vəchlə bununla mübarizə aparır, tanınmamasına çalışır”, – təhlilçi söyləyir.

Əkshücum realdırmı

Hazırkı durumda Ukraynanın hücuma keçərək cənubda, cənub-şərqdə ərazi geri almasına gəlincə, Massikot deyir ki, ukraynalılar Rusiya üçün xeyli problem yarada bilərlər. Açıq yolda nəhəng artilleriya dueli Ukraynanın xeyrinə olmaya bilər, ancaq rusiyalılar hərəkət edəndə, yaxud silah daşıyanda həssas duruma düşürlər. Ümumilikdə isə o, tərəflərdən heç birinin nəhəng hücuma gücü qalmadığını düşünür.

Təhlilçi müharibədə pat vəziyyətinin yaranacağını istisna etmir. “Ukraynalılar yeni silahlarla Rusiyaya real zərbələr endirirlər, vəziyyət durmadan dəyişir. Ancaq bütün bunların bu yay və payıza doğru səngiyəcəyini gözləyirəm”, – Massikot bildirir.

24 saat” “
Ukrayna cənubda hücuma başladımı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button